Mədəniyyət Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin Bakıda heykəlinin qoyulması ilə bağlı təkliflərə münasibət bildirib.
Nazirlikdən Modern.az-ınsorğusuna cavab olaraq deyiblər ki, Mədəniyyət Nazirliyinin nəzdində heykəltaraşlıq abidələrinin, xatirə-memorial və memarlıq kompleklərin ucaldılması və demontajı üzrə Ekspert Komissiyası fəaliyyət göstərir.
“Mədəniyyət Nazirliyinə Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı mütəmadi olaraq təkliflər daxil olur. Bu kimi təkliflər sözügedən Ekspert Komissiyasında baxıldıqdan sonra müvafiq addımlar atılır”, – məlumatda qeyd olunub.
Xatırladaq ki, bu yaxınlarda Milli Məclisin bir neçə deputatı Modern.az saytı vasitəsilə Rəsulzadəyə heykəl qoyulması məsələsini gündəmə gətirib. Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə bu təklifləri dəstəkləyərək, Bakıda babasının heykəlinin ucaldılacağına əminliyini ifadə edib.