Rac Qasımov: “Dünya azərbaycanlıları Azərbaycandakı seçkiləri yaxından izləyirlər”

Rac Qasımov: “Dünya azərbaycanlıları Azərbaycandakı seçkiləri yaxından izləyirlər”

“Ukrayna da daxil olmaqla dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar sentyabrın 1-də keçiriləcək Milli Məclis seçkilərini yaxından izləyir. Namizədlərin qeydə alınması prosesində beynəlxalq seçki prinsiplərinə əməl olundu. Hazırda davam edən seçkiqabağı təşviqat kampaniyasında qeydə alınmış namizədlərə yaradılan bərabər şərait Azərbaycanın demokratik seçki ənənəsinin göstəricisidir. Bu ənənə səsvermə prosesinin də tam şəffaf və azad şəkildə keçiriləcəyinə əminlik yaradır”. Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) Jitomir nümayəndəliyinin sədri Rac Qasımov deyib.

Diaspor təşkilatının sədri bildirib ki, Azərbaycanın demokratik seçki ənənəsi beynəlxalq müstəvidə nümunələrdən biri kimi qəbul edilə bilər: “Mükəmməl seçki qanunvericiliyinin olması, seçkiyə hazırlıq prosesinin qanuna uyğun aparılması, səsvermə günü şəffaflığın təmin edilməsi məqsədilə müasir texnologiyalardan istifadə edilməsi nümunəvi seçkinin göstəricisidir”.

R.Qasımov Milli Məclisə seçkilərin azad olunmuş ərazilərdə ilk dəfə keçirilməsinin tarixi hadisə olduğunu diqqətə çatdırıb: “Azad olunmuş ərazilərə qayıdan vətəndaşlar öz doğma yurdlarında seçmək hüququndan istifadə edərək, qanunverici orqanın formalaşmasına töhfə verəcəklər. Bu amil seçki hüququnun Azərbaycanın bütün ərazisində təmil edilməsi deməkdir”.

Diaspor fəalı qeyd edib ki, sentyabrın 1-də keçiriləcək seçkilər Azərbaycan Milli Məclisinin tarixində yeni səhifə açacaq.

Share: