Raçki – Elnur NƏHMƏDin yeni hekayəsi

– Cəfərin evi hansıdır?
– Hansı Cəfər? Telli xalanın əri?
– Raçkisatan.
– Küçənin axırında, sağ tərəfdəki balaca daxma.
İl uzunu mənə bu sualları verirlər, mən də yuxarıda dediyim cavabları qaytarıram.
Kəndimizin ətrafında çoxlu su kanalı var. Qonşu kəndlərdən, rayonlardan balıq tutmağa gələnlər kəndin çıxışında iri beton daşın üstündə oturan, günəşin istisindən dərisi kömürə dönmüş Cəfərdən balıq tutmaq üçün xərçəng alır. Ona görə də ləqəbi Raçki qalıb. Bilməyənlər üçün deyim ki, balıqların ən çox sevdiyi qida raçkidir, yəni xərçəng. Qarmağa keçirməzdən əvvəl xərçəngin baş hissəsini ehmalca qoparmaq, bel tərəfinin qabığını azca soymaq lazımdır.
 
Cəfər xərçəng satdığı adamları gülərüz qarşılayır, amma danışmır. Bircə kəlmə qiymət deyir, sonra müştərinin istədiyi qədər xərçəngi ürəyində bir-bir sayıb qaba boşaldır və hər kəs ona inanır, buna görə də sayımda iştirak etmir. Sonda Cəfər hər müştərisinə 20-30 dənə də xərçəngi pay verir.
 
Cəfərin arvadının adı Tellidir.Telli xala düşünə biləcəyimiz ən yaxşı evdar qadındır. Mən hələ həyatım boyu bu qədər zirək qadın görməmişəm. Adam bütün günü işləyir. Qışda soyuqda, yayda istidə – bütün fəsillərdə. Bu azmış kimi əri Cəfərin satdığı raçkini də o tutur. Cəfərə qalan iş, sadəcə, onu satmaqdır.Telli gündə 10-15 dəfə əri Cəfərə çay, su, yemək gətirirdi. Həmişə baxardım ki, bir-biriylə zarafatlaşırlar.
 
Deyilənə görə, Tellinin nə dalağı, nə də bizim bağırsağımız uzunluqda bağırsağı var. Uşaq vaxtı nənəmdən eşitmişəm. Guya nə vaxtsa xəstələnib, kəsib götürüblər.
 
Telli xala 13 uşaq doğub və bu doğuşların heç birində həkimə getməyib, elə evdə doğub. Əslində, mən bunun şahidi olmamışam, eşitdiyimi deyirəm. Biz görmüşük ki, kimsə ana olursa, bir neçə vaxt evdə qalar. Amma Telli xala uşaq doğulandan yarım saat sonra öz işlərinə davam edərmiş. Nənəm deyərmiş ki, Ay Telli, nə vaxt doğdun? Telli deyərmiş, səhər doğdum, Səltənət bacı. Sonra nənəm əsəbiləşib iradını bildirərmiş ki, ay Telli, heç olmasa, bir-iki gün evdə qalardın. Telli də ağzını nənəmin qulağına yaxınlaşdırıb: ” Səltənət bacı, böyük bayıra getmiş, ya da uşaq doğmuş, mənimçün eyni şeydir”,- deyərmiş.
Telli xala qışın soyuğunda belə həyətdən əməkköməci tapıb bişirərdi.
İndi bilmirəm, atam bunu zarafatla, yoxsa ürəkdən deyərdi. Deyərdi ki, ayə, bu Cəfər Tellini boşasaydı, vallah alardım. Arvad belə olar da!
 
Onlar 13 uşağın heç birini oxuda bilmədilər. Oğlanları başqa ölkələrə, qızları isə ər evinə köçdü. Həyətlərində nəvə əlindən tərpənmək olmurdu. Qızları da, oğlanları da həmişə onlara baş çəkərdilər. Pul sarıdan köməkləri dəyməsə də, övlad qayğısını onlardan əsirgəməzdilər.
 
İndi danışdığım bu xatirələrdən on il keçib.
 
Yeddi il əvvəl Telli xala qəfildən xəstəlik tapdı. Məlum oldu ki, xəstəliyinin adı xərçəngdir. Oğlanları onu hətta xaricə də apardılar ki, dərdinə, bəlkə, əlac ola. Sağalmadı, Telli xala sağalmadı. Hamının dərd-sərinə əlac tapan Telli xala sağalmadı.
Cəfər Tellini dəfn etdiyi gündən sonra xərçəngi özü tuturdu. Yenə də beton kanalın üstündə oturub müştərilərin qabına xərçəng sayırdı. Artıq bu sayımlarda Cəfərin xərçənglə dolu olan qabına iki əl girirdi. Biri müştərinin, digəri də Cəfərin. Müştərilər daha sürətli sayırdılar, çünki Cəfər sayaraq müştəri qabına atdığı hər xərçəngin başını ağzı ilə dişləyirdi.
 
– Cəfərin evi hansıdır?
– Hansı Cəfər?
– Dəli Cəfər.
– Küçənin axırında, sağ tərəfdəki
daxma.
Share: