Radiolu günlərim…

Həyatımın uşaqlıq illəri yaddaşımda müxtəlif formada qalmaqdadır. Uşaq idik, bacım heç məktəbə də getmirdi. Hər ikimizin sevdiyi əyləncəsi vardı. Böyüyəndə kim olacağımızı oyunlarımızda gercəkləşdirib yaşadırdıq.
Bacım dəftər vərəqlərini kəsib kassir, satıcı rolunu oynar, mənsə əlimə taxta parçası, oxlov götürüb onu mikrafon kimi bacı -qardaşlarıma tərəf tutardım. Guya ki, müsahibə alıram. Ağzıma gələni danışar, hər kəsi danışdırar, güldürərdim. O zaman ağlıma da gəlməzdi ki, vaxt gələcək mən də Azərbaycan radiosunun əməkdaşı olacam…
 
Mətbəxdə balaca bir radiomuz vardı. Səhər açılan kimi nənəm radionun səsin çoxaldıb xəbərləri dinləyər, gah da musiqili verlişlərdən feyziyab olardı. Mənim yaddaşıma daha çox həkk olunan muğamlar və Güney Azərbaycan haqqında olan verilişlər idi. Bütün uşaqlar kimi mən də həyət-bacadan yığışmazdım. Lakin vaxtaşırı qulağımı alan bu verilişlər məndən xəbərsiz qəlbimə süzülürdü. Beləcə aylar, illər ötdükcə radionun sehri məni ağuşuna alırdı. Artıq efirdə səslənən verilişlərin, diktorların adlarını əzbər bilirdim. Böyüklərin gözündən uzaq olanda radio qəbuledicinin düyməsini sağa-sola fırladıb istədyim dalğanı tapardım. Ordan gələn səs uşaq qəlbimi ovsunlayardı….
 
Danışır Bakı!…
 
Tale elə gətirdi ki, mən tələbəlik illərindən Azərbaycan radiosunda işə başladım. İllər sürətlə bir-birini əvəz elədi. İyirmi bir il (21) Mehdi Hüseyn küçəsi ilə üzüyuxarı addımlayıb Azərbaycan televiziyası və Radiosunun binasına gedib-gəldim. Keçən il çoxları kimi mən də sevimli iş yerimdən ixtisara düşdüm. İnandırıcı olmasa da, otaqdan əşylarımı yığışdırıb tərk edəndə heç bir qəlb sızıltım, kədərim yox idi. Bəlkə də buna hazır idim. Yalnız ətrafımda olan dostlarımın qüssəsi məni incidirdi. Bacardıqca onların üzünə gülür, taleyimin bu dönüşünü Tanrının hikməti kimi qəbul edirdim…
 
Bugünkü halımda Radiodakı dostlarımdan uzaq olsam da, onların mehribanlığı, səmimiyyəti artıb ki, azalmıyıb. Bu çox qürurverici bir hissdi. Uzun illər əsl ailə mehribanlığını, xeyir işlərin sevincini, ölənlərin kədərini birgə yaşamışıq. Ailələrimiz bir-birini tanıyıb, uşaqlarımız göz qarşısında böyüyüb, boy atıb. Birimiz xəstələnəndə hamımız onun qayğısıına qalmışıq. Bəlkə də illər bizi belə doğmalaşdırıb, bilmirəm. Sevinəndə sevinmişik, güləndə gülmüşük. Yox niyə, aramızda satqını, paxılı, ev yıxanı da olub. Biz birlikdə onlardan daha güclü olmuşuq.
 
Hər gün tanış, doğma qapıdan deyə-gülə içəri keçəndə sevinmişəm, fəxr etmişəm. Elə bil bu qapıdan birinci dəfədi keçirəm. İş həyatımda gərgin anlarım, illərim də olub. Lakin qismətimə yazılan tale o çətin anları yaşayıb adlamaqda mənə kömək olub.
 
Radioda qazandığım dostluğu, səmimiyyəti bundan sonra harda işləsəm belə tapa bilmərəm. İnsan əlindəki xoşbəxtliyi itirəndən sonra daha yaxşı dərk edir. Bir sözlə, radio günü ərəfəsində illər uzunu bu idarədə çalışan, zəhməti olan, işləyib-işləmədiyindən aslı olmayaraq, bütün dostlarıma deyiləcək sözüm var.
 
Heç nəyə baxmayaraq, Radiomuzu çox sevirəm. Bura mənim ikinci evimdi. Sevincli-kədərli günlərimdə sizlərin təmmənnasız qayğısını, sevgisini görmək hər adama nəsib olan xoşbəxtlik deyil. Hamınıza üzümü tutub deyirəm: Bayramınız mübarək!!!
 
Təranə Fazilqızı
 
04.11.2017
Share: