Rafiq Əliyevin vaxtı və vaxtın Rafiq Əliyevi

Rafiq Əliyevin vaxtı və vaxtın Rafiq Əliyevi

 

Ömürlərini yaratmaqla keçirənlər vaxtı udanlardır.

Ömrümüzü dəqiqəyə, saata, aya, ilə böldüyümüz və ömrümüzü bölən vaxt. Xatirələrimizdə bəzən yadda qalan, bəzən boşluq qoyan ömür vaxtını xatırladıqca, nələri itirdiyimizin fərqində oluruq. Təəssüflənirik. Məqamında istifadə etmədiyimiz, dəyərləndirmədiyimiz vaxt bizi öz axarına salır. Vaxtdan səmərəli istifadə edərək hər anına dəyər verənlər ondan qazananlardır, udanlardır. Hər şey qabaqdadır deyənlər, vaxtı daha sürətlə itirirlər. Vaxtsa, gözləmir. O, onun qədrini bilənlərlə yol yoldaşı olub xatirələri dolduraraq onları uğura aparır. Günlərə xatirə yazaraq.
Ömrün, həyatın hər anını dəqiqələrə bölərək, anı dəyərləndirən, onun nəticəsini, uğurunu zamanında görən dünya şöhrətli alimimiz Rafiq Əliyevin iş otağına daxil olanların diqqətini bir lövhə çəkir: “Vaxt sərvətdir. Səmərəli istifadə et!”
Fikrini, düşüncəsini əməlləri, davranışları, baxışları ilə bildirən Rafiq müəllim iş otağına gələnlərə demək istədiyini lövhədəki yazıyla çatdırır. Gələnlər Rafiq müəllimlə söhbətdən, görüşdən nə qədər qazanmaq istəsələr də, onun vaxtına girməyi günah sayırlar. Dəqiqələrə böldüyü vaxtı növbəti görüşmək istədiyi insana, ya hansısa işə, ideyaya ayırdığını, itirəcəyi, itirilən vaxtın onun üçün nə qədər qiymətli olduğunu bilərək ondan ayrılmalı olurlar.
Rafiq müəllimin vaxtı zamanında qiymətləndirmək, verilən anı dəyərləndirmək fikri bütün sahələrə, bütün insanlara aiddir. Hər şeyi zamanında qiymətləndirmək lazımdır. Vaxtın, zamanın axarına düşdünsə, səni istədiyin yerə aparacaq.
Vaxta, zamana dəyər verib, onu ən vacib məqam sayan, dünyaya nəzəriyyələr verən, kitabları dünyanın məşhur təhsil ocaqlarında tədris olunan, aparıcı universitetlərin seçilmiş professoru, “Soft computenq” kitabı dünya elm nəşrləri arasında birincilik qazanan, 77 kitab müəllifi, dünyada tanınan çoxlu sayda yetirmələri olan Rafiq Əliyevin bu gün 82 yaşı tamam olur. Sevdiyi sahə ilə indi də eyni gənclik həvəsi ilə məşğul olan, yorulmadan elmi kitablar, məqalələr yazan, tələbələr yetişdirən böyük İnsanın, Alimin vaxt dəyərinin nəticəsidir bütün bu uğurlar.
Sizi təbrik edirik, əziz Rafiq müəllim! Sizə can sağlığı, yeni elmi uğular diləyirik. Aldığınız, layiq görüldüyünüz bütün böyük ödüllərlərin və titulların sirasında Nöbel Mükafatını da görmək ümidi ilə!
Vaxtınız uğurlu olsun VAXT ADAMI!

Rəfail Tağızadə

Share: