LAÇIN HAVASI
Bu görüş bir başqa görüş idi. Ta əvvəldən hiss etmişdim. Rahib müəllim deyəndə ki, “Qanlı cinayətlər” kitabının təqdimatını Laçının Alxaslı kənd sakinləri üçün keçirəcək, özü də Alxaslıların məskunlaşdıqları Sulutəpədəki 6 saylı Laçın tam orta məktəbində, həyəcanım lap artmışdı. Çünki Laçınlıların mənim həyatımda, düşüncə və fikirlərimdə, məntiqimdə bambaşqa bir yeri, çəkisi var. Səbəbini də deyim: Laçın erməni quldurları tərəfindən yenicə işğal olunmuşdu. Mən də Kəlbəcəri qoruyan döyüşçülərlə görüşüb təəssüratlarımı yazıb qəzetə vermək üçün geriyə, paytaxta qayıdırdım. Təbii ki, Murov yoluyla. Yol boyu Laçınlıların köcüylə qarşılaşırdım. Buna köç demək mümkünsə. Qocalı-cavanlı çoxunun kürəyinə şalla körpələr sarınmışdı. Ayaq tutan balacaların əllərindən tutaraq sanki sürünərək yeriyirdilər. Bəzilərində boxcalar da vardı. Yurdlarından özləri ilə götürə biləcəkləri son əmanətlərimi, yoxsa… Və yol boyu insan cəsədləri, heyvan cəmdəkləri…ağlaşan uşaqlar, mələşən heyvanlar, dərənin dibinə aşmış texnika, dincini almaq üçün qaya dibində oturan ixtiyarları… Bu dəhşətli mənzərədən sarsılmışdımmı, tükənmişdimmi bilmirəm. Yol uzunu ümidlərim qırılmış vəziyyətdə çarəsiz və bəxtikəm Laçınlılara ağlamışdım. Hönkürtü ilə ağlamışdım. Kəsilə-kəsilə, hıçqıra-hıçqıra ağlamışdım. Bir ömür boyu da xatırladıqca ağlayıram…İndi başa düşdüm ki, 25-dən çox insanın sıx-sıx yerləşdiyi bu kiçik, darısqal sinif otağına təsvirəgəlməz hüzur və rahatlıq verən elə məhz 30 ildi hallarına acıyaraq ağladığım şəhid Laçınlıların ruhlarıydı…O balaca sinif otağına mənim 30 il öncə Murov yolunda qarda, çovgunda məhv olmuş, əzabla ölmüş Laçınlılara axıtdığım göz yaşları…və həmin şəhidlərin ruhları dolmuşdu. Müqəddəs ruhlar hakim kəsilmişdi buranın hər küncünə, tavanına, pəncərələrinə, partalarına, hələ desən ətrafa da yayılmışdı. O axıtdığım göz yaşlarımın, çəkdiyim ürək ağrılarımın əvəzi olaraq, mükafatı kimi o ruhlar qeyri-adi ab-hava yaratmışdı o kiçicik sinif otağında. Bəlkə də mənə təşəkkür üçün burdaydılar. Çox səmimi ortam yaratmışdılar burda. İlk dəfə üzlərini gördüyüm bu insanları doğmalarım kimi sevdirmişdilər mənə…Və mən çıxışımın lap əvvəlində qeyri-ixtiyari “mən sizin hamınızı sevdim, çox sevdim” etirafını etdim… Deyəsən mətləbdən çox uzaqlaşdım. İnanın ki, əlimdə deyil… Təqdimatı giriş sözü ilə Xankəndindəki Pedaqoji İnstitutu bitirmiş, Laçının Alxaslı kənd məktəbində işləmiş, Rahib Qarayev in orta məktəbdə oxuyarkən dil-ədəbiyyat müəllimi olmuş şair Nazir Məmmədov açdı və sonadək aparıcılıq etdi. Şagirdi Rahibin hələ orta məktəb illərindən əla təhsili, nümunəvi davranışı, nizam-intizamı, əxlaqı, kollektivlə səmimi rəftarı, müəllimlərin hörmətini qazanmısı ilə diqqətləri cəlb etdiyini xüsusilə qeyd etdi…Sabiq polis əməkdaşları və həm də Qarabağ müharibəsinin iştirakçıları qazilər Murad Kərimov, Xəyyam Nəsirov, Firdovsi Tağıyev Rahib Qarayevin DİN-də çalışdığı 40 ilədək müddətdə qüsursuz işləməklə bərabər, yüksək dövlət təltiflərinə layiq görüldüyünü, kollektivlə səmimi rəftarını, həmçinin Laçınlılarla sıx təmasda qalaraq onların problemlərinin həllinə çalışdığını, xeyirdə-şərdə onlarla bərabər olduğunu, daim sadə insanların içərisində olmaqdan qürur duyduğunu bildirdilər. Kənd sakini Qənaət Quliyev 5-6 yaşlarında ilan zəhərlənməsindən ölümlə mücadilə apararkən Rahib müəllimin atası Yunis həkimin onu ölümdən qurtardığını, onunla bərabər onlarla ağır xəstəni təmənnasız müalicə edərək həyata qaytardığını minnətdarlıq hissi ilə dilə gətirdi. Ədliyyə Nazirliyinin əməkdaşı Tural İsayev Rahib müəllimin nümunəvi həyat yolunun onun kimi gənclər üçün örnək olduğunu, bir yerlisi olaraq onunla qürur duyduğunu vurğuladı. Kənd sakinlərindən iş adamları Rzaxan Məmmədov, Həmid Bəşirov, Mahir Surxayev, Nəsimi Alxasov Rahib müəllimin elinə, obasına çox bağlı bir insan olduğunu, yüksək vəzifəsindən və rütbəsindən asılı olmayaraq sadəliyini və səmimiyyətini daim qoruyub saxladığını fəxr hissi ilə bildirdilər. Vaxtilə uzun müddət Alxasli sovxozunun direktoru işləmiş Qardaşxan Dostiyev Rahib müəllimin atası ilə olan dostluğundan, eldə-obada Qarayevlər ailəsinin qazandığı böyük nüfuzdan ürək dolusu ilə söz açdı. Ayaz Məmmədov Gədəbəyli olsa da, Laçınlılarla bir ömür boyu hörmət və izzətlə, dost olaraq yaşadığını vurğuladı. Kənd ağsaqqallarından İsrail Surxayev, Yasin Tağıyev, Məzahir Nağıyev, Mehman Tağıyev, Ələkbər İsgəndərov, Feyruz Tağıyev polis polkovniki Rahib müəllimin yaradıcılığını maraqla izlədiklərini, bir gün öz kəndlərindən də bu cür sanballı kitab yazacağına əminliklərini bildirdilər. Çünki Rahib Qarayev peşəkar polis zabiti olmaqla bərabər, güclü qələmə və təxəyyülə malik bir ədəbiyyat adamı kimi də tanınmaqdadır. Uşaqlıq dostu Kamis Tağıyev sürücüluk pesəsiylə əlaqədar dünyanın bir çox ölkələrinə uzun reyslər etdiyini, amma ən qiymətli və intizarla gözlədiyi reysinin məhz doğma Laçına, Alxaslıya olacağını həsrətlə dilə gətirdi… Sonda “Vətən uğrunda” medalı ilə təltif olunmus polis polkovniki Rahib Qarayev səmimi və çox maraqlı görüş üçün iştirakçılara ayrı-ayrılıqda minnətdarlığını bildirdi, bu görüşün onun xatirində daimi qalacağını, deyilən hər səmimi fikrin arxasında bir böyük ürəkli insanın durduğunu məmnunluqla dilə gətirdi və “Qanlı hekayətlər” (cinayətin izi ilə) kitabını imzalayaraq onlara hədiyyə etdi… Günəşli bir may günündə Laçının Alxaslı kənd sakinləri ilə Laçın havasını hiss edərək, onu duyaraq görüşüb çox səmimi bir ortam yarada bildik fikrimcə…Kitab haqqında isə növbəti yazımda bəhs edəcəyəm.
Əntiqə Qonaq
Əməkdar jurnalist