“Son illər Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sistemində nasazlıqların olması, kiberhücumlarla bağlı Baş Prokurorluğa vətəndaş müraciətləri daxil olur”.
“Report“ xəbər verir ki, bu barədə baş prokurorun xüsusilə mühüm işlər üzrə böyük köməkçisi Rail Bayramlı Beynəlxalq Kibertəhlükəsizlik Günləri Konfransında (ICSD 2023) bildirib.
“Müraciətlər aidiyyəti qurumlarla birgə araşdırılır və onlarla bağlı tədbirlər görülür”, – R.Bayramlı qeyd edib.
Onun sözlərinə görə, kibercinayətlər, əsasən, transmilli xarakter daşıdığına görə, beynəlxalq əməkdaşlıq burada vacib rol oynayır:
“Belə hallar olduqda bizə müraciətlər olunur, Baş Prokurorluq dövlətin səlahiyyətli qurumlarına bununla bağlı müraciət edir və müvafiq məlumatların alınmasına yardımını göstərir”.
R.Bayramlı əlavə edib ki, qanunvericiliyə kibercinayətlərlə bağlı 2012-ci ildə dəyişikliklər ediləndən sonra bu sahə daha geniş inkişaf edib:
“Lakin hələ də bəzi terminlər, ifadələr qanunvericilikdə öz əksini tapmır. Hazırda həmin termin və ifadələrin daha açıq şəkildə göstərilməsi üzərində iş gedir və müəyyən dəyişikliklər nəzərdə tutulur”.