“Ramiz Mehdiyev enerji, vaxt və pul xərcləməsin…”
Ötən həftə “Yeni Azərbaycan” qəzetinin sabiq baş redaktoru, keçmiş millət vəkili Alqış Musayev “thebusinesstimes.az” saytına müsahibə verib.
Musavat.com ictimai əhəmiyyətini və maraqlılıq dərəcəsini nəzərə alaraq həmin müsahibənin birinci hissəsini oxucularına təqdim etmişdi.
İndi isə sözügedən müsahibənin ikinci hissəsini nəzərinizə çatdırırıq.
Akademikin “montyorsayağı” üslubu…
-Alqış müəllim, Ramiz Mehdiyev “Təzadlar” qəzetində növbəti açılamasını verib. Hədələyir, qorxudur. Məlumatınız var, yəqin..
-Məncə, onun son açıqlamasına Elmlər Akademiyasının ictimaiyyətlə əlaqələr şöbəsindən gələn izahat daha maraqlıdır. Həmin müəmmalı şərhdən bəlli olur ki, Ramiz Mehdiyev “Təzadlar” qəzetinin əməkdaşı ilə telefon əlaqəsi yaratsa da, ona heç nə söyləməyib. Bu necə olur, danışmısan, amma heç nə deməmisən? Sanki söhbət Elmlər Akademiyasının prezidentindən yox, adi bir rabitəçi montyordan gedir, hansısa abunəçinin xəttini yoxlayır, rabitənin keyfiyyətini araşdırır, dəstəyi götürüb qulaq asır, ATS ilə əlaqə saxlayır və sağollaşır…
Çoxuna qəribə görünsə də, bu mənə tanış görünən bir üslubdur. Akademikin mətbuatla münasibətlərində belə praktika – “xətti yoxladığı” vaxtlar az olmayıb. 2001-ci ildə Rusiyada bir informasiya portalı fəaliyyət göstərirdi, ”qazeta.ru”, səhv etmirəmsə, adı da belə idi. Elə indi də var. Tez-tez Azərbaycanla, Heydər Əliyevlə bağlı dezinformasiyalar yayırdı. Həmin ərəfədə bu informasiya portalı birdən-birə Azərbaycana xüsusi “diqqət” ayırıb, “Qafqazda ən nüfuzlu siyasətçilərin reytinqi”ni müəyyən edən siyahıya prezidentin icra aparatının rəhbəri Ramiz Mehdiyevin adını yazmışdı. Əlbəttə, bu “reytinq” təşkil edilmişdi və açıq-aydın bir provakasiya idi.
Maraqlısı isə o idi ki, “qazeta.ru”da yayılan həmin yazını “Azərbaycan” qəzeti olduğu kimi dərc etmişdi. Təbii ki, Ramiz Mehdiyevin razılığı və tapşırığı ilə. Dəqiq yadımdadır, belə təxribat məzmunlu məlumatın “Azərbaycan” qəzetində təkrar tirajlanması Ulu Öndərimizin sərt reaksiyasına səbəb olmuşdu. Mən də “qazeta.ru”nun cap etdiyi həmin “reytinqin” nəyə xidmət etdiyini, hansı məqsədlərə hesablandığını izah edən tənqidi bir məqalə hazırlayırdım. Görün Ramiz Mehdiyev vəziyyətdən çıxmaq üçün necə davrandı. “Yeni Azərbaycan” qəzetinə – mənə zəng edib dedi ki, sən bilirsən də, bu “qazeta.ru” həmişə Azərbaycana, xüsusilə də Azərbaycan Prezidentinə qərəzli yanaşıb, onun səhhəti ilə bağlı yalan məlumatlar yayır. Bu günlərdə də bir yazı dərc edib. “Azərbaycan” qəzeti də yazının mahiyyətini dərk etmədən (“Azərbaycan” qəzetinin baş redaktoru haqqında çox təhqiramiz və aşağılayıcı bir ifadə işlətdi, mən o ifadəni xatırlamaq istəmirəm – A.M.) götürüb dərc edib. Bu, biabırçılıqdır. Belə şeylərə yol vermək olmaz.
Sonra cox mülayimcəsinə, xahiş edirmiş kimi əlavə etdi ki, sən çalış, bu mövzuya toxunma. Mən də onun “məsləhətini” nəzərə alıb bu mövzunu qapatdım…
Məmur qiyafəsi ona dar gəlirdi…
Alqış Musayev
-Sizcə, doğrudan, bu bir təsadüf idi və Ramiz Mehdiyevin baş verənlərdən xəbəri yox idi?
– Heç bir şey təsadüfən baş vermirdi. O dövrdə 1999-cu ildən başlayaraq, Mehdiyev artıq məmur qiyafəsindən, çinovnik obrazından çıxmaq üçün fəaliyyət göstərirdi. Bunun üçün müxtəlif vasitələrdən istifadə edirdi.
-Nədən ibarət idi bu fəaliyyətin istiqaməti …
– Bildiyiniz kimi, onun nəzarətində inzibati resurslar vardı. Belə bir norma mövcuddur, yeni təyinat alan kadrları bir qayda olaraq Administrasiya rəhbəri qəbul edir. 1999-2000-ci ildən etibarən belə qəbullar zamanı Mehdiyev daha çox özündən danışır və bir detalın altını məxsusi olaraq cızırdı. Deyirdi ki, mən hələ Heydər Əliyevdən əvvəl komsomolda fəaliyyət göstərməyə başlamışam. Yəni mən özüm özümü yaratmışam. Bu onun özünü müstəqil siyasətçi kimi təqdim etmək, Heydər Əliyevin kölgəsindən çıxmaq üçün etdiyi cəhdlərdən biri idi. Halbuki Ulu Öndərimizin səhhətində problemlər yaranana qədər özünü Heydər Əliyevin sadiq silahdaşı kimi qələmə verməyə çalışırdı…
Fürsət düşəndə deyirdi ki, guya o, Heydər Əliyevin hakimiyyətə qayıdışını təmin etmək üçün 80-ci illərdə hansısa beyin mərkəzi yaradıb. Bunu da ictimai rəyə müxalifətin əli ilə daxil etmək istəyirdi.
Bir dəfə Müsavat Partiyasının başqanı İsa Qəmbərdən müsahibə götürən müxbir heç mətləbə dəxli olmadan soruşmuşdu ki, 80-ci illərdə Ramiz Mehdiyev bir beyin mərkəzi yaratmışdı, bu barədə nə deyə bilərsiniz?
Ramiz Mehdiyev Azadlıq meydanına niyə getməmişdi?
– Maraqlıdır, Müsavat başqanı nə cavab vermişdi?
-Təbii ki, İsa Qəmbər belə bir mərkəzin yaradılması ilə bağlı onda hər hansı bir məlumatın olmadığını demişdi. Başqa nə deyə bilərdi ki? Çünki heç bir mərkəzdən söhbət gedə bilməzdi, bütün bunlar Mehdiyevin özünütəbliği üçün uydurması idi. Onun hədəf olaraq seçdiyi başqa bir istiqamət meydan hadisələri və o dövrdə baş verən ictimai-siyasi proseslər idi. O, hər vəchlə özünün o tarixi hadisələrə, vətənpərvər kəsimə, milli düşüncəyə aidliyini sübut etmək istəyirdi. Bir neçə xüsusi təyinatlı emissarı var idi. Onlar müntəzəm olaraq orda-burda, əsasən də, müxalif düşərgədə danışırdılar ki, Ramiz Mehdiyev milli adamdır, hakimiyyətə gəlsə, milli qüvvələr birləşəcək və sair…
Digər tərəfdən də rəsmi qəzetlərdə dərc olunan yazılarında belə eyhamlar səsləndirirdi. Bir dəfə meydan hadisələrindən bəhs edən bir məqalədə Mehdiyev deyirdi ki, mitinqlər gedən vaxt Mərkəzi Komitədə işləsə də, ürəyi “Azadlıq” meydanında olub. Amma mitinqlərə qatıla bilməyib, cünki imperiyanın cəza maşını hələ işləyirdi…
Diqqət yetirin, nə qədər uğursuz bir cəhd edir. Belə tezislər isə onun əksinə işləyirdi və onu gülünc duruma salırdı.
Onun dediklərindən belə çıxırdı ki, canından, vəzifəsini itirməkdən qorxurmuş, onda sual yaranır, bəs o mitinqlərdə iştirak edən milyonların canı can deyildi?
Təsadüfi deyil ki, Mehdiyev Akademiyaya prezident təyin ediləndən dərhal sonra akademiyanın bir əməkdaşı tərəfindən 1988-ci illərdəki mitinqlərin Mehdiyev tərəfindən təşkil və idarə olunduğu haqda düşük və əttökən bir fikir səsləndirildi. Göründüyü kimi, Mehdiyevin özünü tarixə, milli şüura ictmai rəyə daxil etmək çabaları heç bir uğurlu nəticə vermirdi. Əksinə, onun əleyhinə işləyirdi, necə ki bugün onun verdiyi hər açıqlama Mehdiyevi çıxılmaza sürükləyir.
Naqisliklərin, eybəcərliklərin şəksiz və şəriksiz bir müəllifi var, o da…
–Mehdiyev Prezident İlham Əliyevə qarşı fəaliyyətə nə vaxtdan başlamışdı?
-Mehdiyev administrasiyanın rəhbəri olduğu illərdə, hələ Heydər Əliyevin sağlığında İlham Əliyevin kölgəsini qılınclamağı özünün bir nömrəli vəzifəsi hesab edirdi. Bu haqda Mehdiyevin Azərbaycan prezidentinin liderlik imicinə qarşı yönələn ideolji təxribatlarından yüzlərlə nümunə gətirmək mümkündür. Amma mən bir faktı gətirməklə kifayətlənmək istəyirəm. Təəssüf ki, adını unutduğum Rusiyanın nüfuzlu ictimai xadimlərindən biri Heydər Əliyevlə söhbətinin məzmununu yaymışdı. Orada həmin rusiyalı ictimai xadim deyirdi ki, “mən Heydər Əliyevdən oğlu İlham Əliyevin siyasətə maraq göstərib-göstərmədiyi ilə maraqlandım. Heydər Əliyev cavab verdi ki, siyasət, dövlət işi cox gərgin bir fəaliyyət sahəsidir. Sadəcə mənim İlham Əliyevə heyifim gəlir. Ancaq mən onun adından heç nə deyə bilmərəm, hansı yolu seçəcəyini İlham Əliyev özü müəyyən edəcək”.
Bu, çox məntiqli bir cavabdır. Di gəl ki, o mətndəki “mne jal eqo” ifadəsi Azərbaycan dilinə “mənim ona yazığım” gəlir kimi tərcümə edilmişdi və rəsmi mətbuat nədənsə sitat gətirmək lazım olanda məhz o hissəyə istinad edirdi. Fərq göz qabağındadır. “Mən ona qıymıram” ilə “mənim ona yazığım gəlir” ifadələri bir-birindən tam fərqli qənaət doğurur, fərqli rəy yaradır. Bunu adi tərcümə xətası hesab edib, yozmaq heç cür mümkün deyil. Amma akademik hələ də özünü duruluğa çıxarmaq istəyindən əl çəkmir. Dirəniş də hələ ki, davam edir…
Mən bir qənaətimi əminliklə sizinlə bölüşə bilərəm. Bu gün ictimai düşüncə cox həssasdır. Onu yönəltmək çox çətin bir işdir. Kimin nə demək istəməyindən asılı olmayaraq, xalq özü inanmaq istədiyi şeylərə inanır. Xalq və bütövlükdə ictimai fikir inanmaq istəyir ki, hazırda ictimai münasibətlər sistemindəki bütün naqisliklərin, eybəcərliklərin bir şəksiz və şəriksiz müəllifi var, o da Ramiz Mehdiyevdir.
Yaxın 20, 30, 50 ildə bir rəyi heç bir qüvvə dəyişə bilməyəcək. Ramiz Mehdiyev, eləcə də onun təəssübünü çəkmək istəyən kim varsa, bu istiqamətdə enerji, vaxt və pul xərcləməsinlər…
(Ardı var)
Nəzirə RAFİQQIZI,
thebusinesstimes.az