Həm siyasi çevrələrdə, həm də mətbuat və sosial şəbəkələrdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti postundan istefa verən akademik Ramiz Mehdiyevin personası ətrafında müzakirələr davam edir.
Xatırladaq ki, AMEA Rəyasət Heyətinin dünən keçirilmiş iclasında Ramiz Mehdiyev yaşı ilə əlaqədar tutduğu postu tərk etməyə qərar verdiyini bildirib.
Akademikin istefa ərizəsi ilə bu gün dövlət başçısına müraciət edəcəyi gözlənilir.
Bəs bundan sonra necə olacaq?
Milli Elmlər Akademiyasının prezidenti postunu tərk edən Mehdiyev yenə siyasətin içində qalacaq, yoxsa tamamilə kənara çəkiləcək?..
Akademikin özü evdə oturub kitablar yazmaqla məşğul olacağını söyləyib.
Yeri gəlmişkən, Ramiz Mehdiyev AMEA prezidenti vəzifəsindən istefa versə də, digər bir mühüm postda qalır – o, Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvüdür.
Mehdiyev ölkə başçısının 23 oktyabr 2019-cu il tarixli fərmanı ilə Təhlükəsizlik Şurasının üzvü təyin edilib.
Əgər 84 yaşlı akademik bundan sonrakı fəaliyyətini sırf kitab yazmağa bağlayacaqsa, o halda onun Təhlükəsizlik Şurasının üzvülüyündən də azad ediləcəyi istisna deyil…
Maraqlıdır, kitablar yazacağını deyən Ramiz Mehdiyev nəyi nəzərdə tutur? Akademik elmi kitablar yazacaq, yoxsa siyasi memuar?
Dünya siyasi tarixindən məlumdur ki, bir çox siyasətçilər, məmurlar həm siyasi proseslərdəki aktiv dövrlərində, həm də karyeralarını başa vurandan sonra memuar-xatirə yazırlar.
Amma xarici ölkələrdən fərqli olaraq Azərbaycanda siyasi xadimlər, eks-nazirlər, digər keçmiş məmurlar siyasi janrda memuar yazmağa həvəsli olmurlar. Doğrudur, bunu yazmağa həm də istedad, qabiliyyət lazımdır. Təbii ki, vəzifədən gedən eks-lərin demək olar ki, əksəriyyətində bu qabiliyyət olmayıb.
Müstəqillik dönəmində Azərbaycanda o qədər təlatümlü hadisələr baş verib ki, həmin olaylardan yazılan xatirələr kifayət qədər oxucu cəlb edə bilər.
Azərbaycanda siyasi yanrda memuar yazan keçmiş məmur çox az olub. Azərbaycanın sabiq rəhbərləri Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov, keçmiş dövlət müşaviri Vəfa Quluzadə, prezidentin eks-mətbuat katibi Rasim Ağayevin bu istiqamətdə bəzi yazıları- kitabları var.
Bu baxımdan 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə AMEA prezidenti olmuş Ramiz Mehdiyevin nə yazacağı maraq doğurur…