” Ulduzlar sönmür”dən başlanan yol
Azərbaycan kinosu tarixində xüsusi yeri olan xalq artisti, Respublika Dövlət Mükafatı laureatı Rasim Balayev qədim Şirvan torpağının yetirdiyi böyük sənətkarlardandır. 1948- ci il avqust ayının 8-də Ağsu şəhərində anadan olmuş Rasim Balayev bütün həyatını incəsənətin kino sahəsi ilə bağlamış, yaratdığı uğurlu rollarla hər sənətkara nəsib olmayan dərin tamaşaçı məhəbbəti qazanmışdır.
Hələ Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitunda təhsil aldığı illərdən Rasim Balayevin xüsusi istedadı, sevib-seçdiyi sənətə sonsuz sevgi və məhəbbəti müəllimlərinin diqqətini cəlb etmiş, onun gələcək uğurlarına böyük inam yaratmışdır. Gənc tələbənin sənət yanğısı, öyrənmək həvəsi, daim axtarışda olması onu təcrübəli müəllimlərinin sevimlisinə çevirmişdi.
Ciddi axtarışlar lap gənclik illərindən onu sənətin zirvələrinə aparan yola çağırırdı. O vaxt heç, bəlkə də, gənc Rasim özü də, onu gələcəkdə necə böyük sənət uğurları gözlədiyindən xəbərsiz idi.
Hələ ki, ən böyük arzusu təcrübəli sənətkarlarla film çəkilişlərində olmaq, bacarığını göstərmək, bu xoşbəxtliyi yaşamaq idi.
Onun bu arzusu tezliklə gerçəkləşdi. Əjdər İbrahimov rejissoru olduğu tarixi bioqrafiq, şərq xalqlarının azadlığı uğrunda alovlu mübariz, Azərbaycan Xalq Komissarları Sovetinin sədri, müəllim, həkim, yazıçı və dramaturq Nəriman Nərimanovun həyatının ən parlaq səhifələrini əks etdirən filmində böyük ümidlər bəslədiyi Rasim Balayevə də kiçik epizodik bir rol – kiçik Sultanov rolunu vermişdi. Bu, 23 yaşlı Rasim Balayevin sehrli kino aləminə ilk addımı idi. Rasim Balayev bu filmdə görkəmli sənətkarlar, təhsil aldığı institutun dəhlizlərində demək olar ki, hər gün gördüyü Adil İsgəndərov, İsmayıl Osmanlı, Müxlis Canızadə, Ağasadıq Gəraybəyli, Məlik Dadaşov, Fazil Salayev kimi sənət fədailəri ilə birlikdə çəkiləcəkdi. İlk kino debütü onun həyatında şirin xatirəyə çevrilməklə, dərin iz qoydu.
Beləliklə, ” Ulduzlar sönmür”dən başlanan yol sonralar onu Azərbaycan kinosunun ulduzlarından birinə çevirən yolun başlanğıcı və təməli olur.
” Ulduzlar sönmür”dəki kiçik epizodik roldan sonra, onun çəkildiyi və səsləndirdiyi filmlərin siyahısına baxmaq kifayətdir ki, kino sənətinin Rasim Balayevin həyatında necə möhtəşəm bir rol oynadığının şahidi olasan.
Bu gün Rasim Balayev bir aktyor kimi, demək olar ki, bütün həyatını Azərbaycan kinosuna həsr etmiş sənətkarlarımızdandır.
Əsasən də müxtəlif illərdə çəkilmiş tarixi filmlərdə Rasim Balayevin yaratdığı obrazlar, istər baş və ya adi rol olsun, ona böyük şöhrət qazandırmışdır. ” Nəsimi” filmində Nəsimi, “Qatır Məmməd”də Əziz, ” Dədə Qorqud” da Beyrək, ” Babək”də Babək Əl – Xurrəmi, “Qanlı zəmi”də Səlim bəy, “Cavid ömrü”ndə Cavid rolları bu qəbildəndir. Bu siyahını istənilən qədər uzatmaq olar. Ancaq elə bu rolları da sevimli aktyorumuzun Azərbaycanın kino sənəti tarixində özünə layiq yer tutmasına kifayət edərdi.
1976 – cı ildə “Azərbaycanın Əməkdar artisti”, cəmi altı il sonra isə ” Xalq artisti” kimi yüksək fəxri adlara layiq görülmüş Rasim Balayev 1986-ci ildə ” Atları yəhərləyin” Səlim bəy obrazına görə ” Azərbaycanın SSR Dövlət Mükafatı laureatı “olmuşdur.
Xalq tərəfindən sevilən aktyorun əməyi həmişə göz önündə olmuş və dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Böyük aktyor ” Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunmuş , Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
Rasim Balayev 2022-ci ildən Azərbaycan Kinomatoqrafçılar ittifaqının sədridir.
Milli kinomuzda tarixi şəxslərin obrazlarını ustalıqla yaradan və ömrünün ixtiyar çağını yaşayan görkəmli aktyorumuzun bu il 75 yaşı tamam olur. Yüz yaşında görüşmək ümidi ilə böyük sənətkarımıza bundan sonra da, xoş günlər, Azərbaycan kino sənətinin inkişafı naminə mənalı ömür arzulayırıq.
Yaşayan əfsanə Rasim Balayev – 75
Özünəməxsusdu qoyduğun iz də,
Heykəlin ucalıb ürəyimizdə,
Sənə ümman qədər var sevgimiz də,
Yaşayan əfsanə Rasim Balayev!
“Nəsimi”lə, ” Babək” rolun dünyanı,
Gəzib, qazandırdı sənə ad-sanı,
Sevildin, xalq sənə qoşdu dastanı,
Yaşayan əfsanə Rasim Balayev!
Milli kinomuza çox verdin xeyir,
Fətəli, Caviddən xoş söz deyilir,
Azərbaycan sizi unudan deyil,
Yaşayan əfsanə Rasim Balayev!
Nə rol oynadınsa, içdən oynadın,
Hey yaratmaq üçün su tək qaynadın,
“Xalq artisti” adın asan almadın,
Yaşayan əfsanə Rasim Balayev!
Allah adamıdı, Allah surətin,
Nurlu yaradıbdı üzün, görkəmin,
Gözəl səsləndirib ” Yasin” surəsin,
Yaşayan əfsanə Rasim Balayev!
Qəhrəman Babəksən, cəsur Beyrəksən,
Həm dünən, həm bu gün, həm gələcəksən,
Bu dünya durduqca seviləcəksən,
Yaşayan əfsanə Rasim Balayev!
Qəzəl, şeiriyyəti mükəmməl bilir,
Çox gözəl, möhtəşəm qiraət edir,
Nənəm də bu şəxsin rolların sevir,
Yaşayan əfsanə Rasim Balayev!
Ömür yaşayırsan xoşbəxt üzü ağ,
Sən uca zirvəsən, başı qarlı dağ,
Cana qulluq elə, öznə yaxşı bax,
Yaşayan əfsanə Rasim Balayev!
Tarixi şəxsisən cümlə-cahanın,
Sevimli aktyoru hər bir insanın,
Döndün sərvətinə Azərbaycanın,
Yaşayan əfsanə Rasim Balayev!
Təkcə mən deyiləm, vətəndə mini,
Təbrik eləyirlər ürəkdən səni,
75 yaşına hədiyyə kimi,
Fuadam, sözümü qəbul et, əmi!
Yaşayan əfsanə Rasim Balayev!
Fuad BİLƏSUVARLI,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı