Bu gün Xalq artisti Ramiz Əzizbəylinin doğum günüdür. Kulis.az onun qızı ilə olan reportajı təqdim edir.
– Cəlalə xanım, Ramiz Əzizbəyli necə ata idi
– Bütün övladlara öz valideynləri doğmadır. Yəni bu həyatda insana atadan, anadan yaxın adam olmur. Mənim atam bəlkə də, sənətkar, hər sahədə kamil insan olduğu üçün mənim idealım idi. Gördüyü hər işdə, bütün davranışlarında o qədər mükəmməl idi ki, mən onu həmişə mükəmməl bir insan, ata kimi xatırlayıram. O, tərbiyə üsulunda da heç vaxt bizi sıxmamışdı. Həmişə bizimlə mülayim, mehriban davranıb, bizi incitməyib. Amma evdə elə ab-hava yaradıb ki, biz çərçivələrimizi təyin edə bilirdik. Yəni bizi döymədən, söymədən evimizdə ideal rejim yaratmışdı. Atam bizim başımızı da sığallıyırdı, alnımızdan da öpürdü, amma aramızda pərdə də vardı. İnanın ki, bizim atamıza bir sözümüz olanda bacım da, mən də anamıza deyirdik.
– Sizə qarşı qadağaları olurdu?
– Vardı, amma müəyyən yaşa qədər olub. Yeniyetməlik yaşını ötənə qədər bizə deyirdi ki, böyüyün, sonra yaxşı olacaq. İndi düşünürəm ki, o, gözləyirdi ki, biz tam böyüyək, formalaşaq, sonra nələrisə bizim öhdəmizə buraxsın. Amma ona qədər məktəblərdə keçirilən şənliklərə bizi buraxmazdı. Dar şalvar, qısa yubka geyinməyə icazə verməzdi. Hətta makiyaja belə etiraz edərdi. Bacım çox ağ qız idi. Hərdən yanaqları qızarırdı, onda atam ondan soruşurdu ki, üzünə “rumyana” çəkmisən? Yəni bu kimi məsələlərdə qadağaları vardı. Amma böyüyəndən sonra bizi sıxmadı, əksinə bizə güvəndi, inandı.
– Atanız razı olardı ki, siz onun peşəsini davam etdirəsiniz?
– Atam heç vaxt bizim aktrisa olmağımızı istəməyib. Baxmayaraq ki, mənim də, bacımın da yaxşı musiqi duyumumuz olub. Atam özü bizi İncəsənət Gimnaziyasına qoymuşdu. Mən xor, bacım isə aktyorluq şöbəsində təhsil alırdı. O, bizə deyirdi ki, bu sənətlə, məşğul olun, öyrənin, amma çox dərinə getməyin. Sadəcə hər şeydən məlumatlı olmaq üçün oxuyun, öyrənin. Bir dəfə də anam ona dedi ki, Ramiz, bilirsən, qızların yaxşı səsi var, oxumaq, müğənni olmaq istəyirlər. Çox sərt reaksiya verdi. Dedi, qəti şəkildə olmaz. Sonra mənimlə maşında oturub söhbət etdi. Dedi ki, qızım, eşitdim müğənni olmaq istəyirsən. Əgər bu işi ən yüksək formada bacaracaqsansa, ardınca get, bacarmayacaqsansa, yox. Mən də oturdum düşündüm, anladım ki, məndən böyük xanəndə çıxmayacaq. Atamın gözündən düşməkdən qorxdum, ona görə də bu fikirdən vaz keçdim. Həm də qorxdum ki, onun arzuladığı kimi övlad ola bilmərəm.
– Deyib, gülən, məclis adamı olub…
– Çox. Bizim ev get-gəlli, məclisli olub. Biz də öyrəşmişdik ki, evimizdə həmişə qonaq olsun.
– Ən çox kimlər gəlirdi?
– Sənət dostları, qohumlarımız. Ən yaxın dostu Rasim Balayev olub. Rasim əmigillə biz ailəvi dost olmuşuq. Arif Quliyev, İlham Namiq Kamal, Yaşar Nuri ilə də yaxın olub. Yəni bu adlarını çəkdiyim insanlar bizə gəlirdilər. Cavan nəsillə o qədər də yaxınlığı yox idi. Amma sizi inandırım ki, onun o qədər dostları vardı ki, biz onların hamısına öyrəşmişdik.
– İçirdi?
– Dostları ilə məclislərdə içirdi. Amma daha çox həvəsə içirdi. Onun qəribə bir xüsusiyyəti vardı ki, içki onu tutmurdu. Belə deyək də, o, sərxoş olmurdu. Anam deyir, hələ cavanlıqda Ramiz dostları ilə yeyib-içirdi, onların hamısı sərxoş olurdu, amma Ramiz yox. Sonra atam bir-bir onların hamısını aparıb evlərinə qoyub gecə saat ikidə, üçdə qayıdırmış.
– Bildiyimə görə, atanız ömrünün son günlərində Rasim Balayevlə küsülü idi. Hətta demişdi ki, onunla heç vaxt barışmayacaq.
– Hə, onlar barışmadılar. Atam bu bərədə çox danışmayıb deyə, mən də çox danışmaq istəmirəm. Sadəcə mənə belə gəlir ki, onların arasında anlaşılmazlıq oldu. Çünki nə mənim, nə bacımın Rasim əmigillə problemi var idi. Onların da bizimlə münasibəti yaxşı idi. Atam Rasim əminin timsalında sanki bir qardaşını itirmişdi. Ağzıbütöv adam idi, bizimlə bu barədə ümumiyyətlə danışmırdı. Hətta anam bir dəfə soruşmuşdu ki, Ramiz, Rasim sənə zəng vurdu? Onda o, hirslənib demişdi ki, öz sözünüzü danışın. Yəni kişi xarakteri vardı. Atam onların biganəliyindən şikayətçi idi. Deyirdi ki, gərək onlar gələydi, mənim halımı soruşaydı. Çünki biz bir evin içi olmuşuq. Atam buna görə incimişdi, amma onlar nəyə görə incidilər mən dəqiq bilmirəm.
– Rasim müəllim atanız xəstə yatanda da, rəhmətə gedəndə də gəlmədi?
– Yox. Nə xəstə yatanda, nə də dünyasını dəyişəndə gəldi. Baxmayaraq ki, yenə deyirəm, biz bir evli kimi olmuşuq. Onlar bizdə qalıblar, biz onlarda gecələmişik. Amma sonradan soyuqluq yarandı. Görünür, onların da incidikləri məqamlar var. Amma Rasim əminin uşaqları atamı çox istəyirdilər, atam da onları əzizləyirdi. Çünki onun əlində böyümüşdülər. O, xəstə yatanda oğlanları bir neçə dəfə zəng vurmuşdu. Atam rəhmətə gedəndə də zəng vurub başsağlığı vermişdilər.
– Bacınızın ailə həyatındakı uğursuzluq yəqin ki, ona pis təsir etmişdi…
– Bəli. O, çox həssas, emosional adam idi. Bacımın ailə məsələsini özünə o qədər dərd elədi ki, axırda xəstəlik tapdı. Yox, bacıma görə xəstələnmədi atam, amma hər şey üst-üstə yığıldı və nəticədə o, yatağa düşdü. Olduqca kövrək, dostcanlı insan idi. Atam insult keçirəndən sonra qardaşı Rafiq əmim rəhmətə getdi. Atam bu xəbəri xəstə yatağında eşitdi. Qardaşına görə ağladı, mən onun göz yaşlarını gördüm. Tez üz-gözünü silib dedi: “Həyatdı, biz hamımız gedəcəyik”. Vəsslam. Bundan sonra mən onu ağlayan görmədim. O, heç vaxt imkan verməzdi ki, biz fikir edək, dərd çəkək. Mən bilirdim ki, o, ürəyində çəkdiyini çəkir. Həm kövrək, həm də möhkəm adam idi. Atamın hönkürüb ağladığını bir dəfə görmüşəm. Əmimin 25 yaşlı oğlu avtomobil qəzasında rəhmətə getdi. Onda atam çox sarsılmışdı.
– İki qız olmusunuz, qardaşınız olmayıb. Atanız oğul xiffəti çəkib?
– Bəlkə də, ürəyində çəkib, amma bizə heç nə deməyib. Həmişə deyirdi ki, mənim iki qızım var, elə bilirəm ki, elə iki oğlum var. O, çox ruzili, qazanclı kişi olub. Bizi milyoner balası kimi böyütməyib, amma bütün arzularımızı yerinə yetirməyə çalışıb. Heç nədən korluq çəkməyə qoymayıb. Nə anam, nə də biz heç vaxt bazar, dükan tanımamışıq. İcazə verməyib, hamısını özü edib. İndi hərdən mən onu, özümüzü qınayıram. Gərək imkan verməzdik ki, özünü əldən salsın. İnandırım sizi, imkan vermirdi ki, çörək almağa düşək. İşdən zəng vururdu, öyrənirdi ki, evdə çörək yoxdu, tez gəlirdi, çörək alıb verirdi bizə, təzədən qayıdırdı işə.
– Sizcə rejissorluq onun üçün rahat idi, ya aktyorluq?
– Məncə rejissorluq. Rejissorluğu sevirdi. Həmişə deyirdi ki, rejissor düşünən tərəfdi. İnanılmaz dərəcədə mütaliə edirdi. Bizə də həmişə mütaliəni təlqin edirdi. Evimizdə çox böyük kitabxana vardı. Daha çox kino haqqında kitabları oxuyurdu. Özünün də yaxşı qələmi vardı, Yazıçılar Birliyinin üzvü idi. Amma özü haqqında “mən yazmıram, cızma-qara edirəm” – deyirdi. İndi darıxanda onun şeirlərini oxuyuram.
– Gənc aktyorlardan kimləri bəyənirdi?
– Hamını. Hətta mən gənc aktyorlara irad tuturdum, deyirdi, elə demə, düzələcəklər, püxtələşəcəklər. O, gəncləri qoruyurdu. Çünki kinoya məhəbbəti vardı. Bəzən biz hansısa Azərbaycan filmi haqında ağızucu danışanda, pis olurdu. Deyirdi, öz aranızda belə filmlərimiz haqqında pis danışmayın, ürəyinizə nifrət düşməsin. Millətinizi, teatrınızı, filmlərinizi sevin. Anam ona deyirdi ki, kino sənin məndən sonra ikinci məhəbbətindir.
– Cəlalə xanım, atanızın xəstəliyi necə başlandı?
– 65 yaşı tamam olanda atam artıq yüngül işemiya keçirmişdi, sağ qolu işləmirdi. O vaxtı çox yüklənmişdi. Həm universitetdə işləyirdi, həm də teatra gedirdi. Onda bir ayağını da çəkirdi. Hətta o vəziyyətdə məişət işlərinə də can atırdı. Bir dəfə mən dərsə gedəndə, anam mənə zibil verdi ki, atım, atam çox əsəbləşdi. Anama dedi, sənə deməmişəm, qızların əlinə zibil vermə. Yəni hər şeyin yükünü və məsuliyyətini öz üzərinə götürmüşdü. Həm mənən, həm də fiziki əziyyət çəkirdi. Bacımın ailə həyatı uğursuzluqla nəticələnmişdi, uşaqları ilə bizdə yaşayırdılar. Bütün bunları atama təsir edirdi, sonra bacısı rəhmətə getdi. Yəni hər şey üst-üstə gəldi.
– Bayaq dediniz ki, eviniz çox get-gəlli olub. Atanızın ölümündən sonra vəziyyət necədir? İndi də gəlib gedənlər var?
– Yox, indi heç kim yoxdur. Hərdən anam deyir ki, heç kim gəlmir. Deyirəm, mama, adamlar onun üzünə gəlirdilər, indi o, yoxdur. Mən bir övlad kimi incimirəm.
– Özü olsa, inciyərdi?
– Yox. Məncə özü də inciməzdi. Beş ay, bir il onu axtarmayan dostuna qəfildən özü zəng vurub deyirdi ki, niyə bizə gəlmirsən, gəl də yanıma. Nə isə böyük bir hadisə olmalı idi ki, o, kimdənsə incisin. Mən bircə dəfə məyus oldum. Atamı yerdən götürəndə, sənət dostlarından, yoldaşlıq elədiyi adamlardan heç kim yox idi, gəlməmişdilər. Pandemiya vaxtı idi, adamları başa düşürəm. Amma buna baxmayaraq, təkcə sənət dostlarının yox, qıraq dostlarının da dəfndə olmaması mənə pis təsir etmişdi. Çünki Azərbaycanın yarısı onun dostu idi. Sonradan zəng vurdular. Amma mən onların atamın son günündə yanında olmaqlarını istərdim.
– Son dəfə atanızı nə vaxt gördünüz?
– Xəstəxanaya aparılmazdan əvvəl idi. On gün evdə baxdıq. Sonra gördük ki, vəziyyəti düzəlmir. Həkimlər dedilər, xəstəxanadan başqa çarə yoxdur. Atam xəstəxanaya getmək istəmirdi. Həmişə deyirdi ki, öləndə də, evimdə ölüm. Xəstəxanaya gedən gün ona dedim ki, səni ora aparmağa məcburuq, görürsən, nə ediriksə, toparlana bilmirsən. Bu sözləri deyəndə, mən ağladım. O, mənə dedi ki, qızım gedirəm, amma sən arxamca göz yaşı tökmə. Dedim, yox, ağlamayacam, get. Vəssalam.
– Amma ağladınız…
Hə. Hər gün… Vəziyyəti ağır olsa da, həkimlər hər gün “özünüzü hər şeyə hazır hiss edin” – desələr də, biz inanırdıq ki, o, qayıdacaq. Baxmayaraq ki, həkimlər əllərindən gələni edirdi. Heydər Əliyev fonduna da təşəkkür edirik ki, atama çox diqqət yetirdilər. Amma o, qayıtmadı.
– Xəbəri necə eşitdiniz?
– Bacım qızının ad günü idi. Qeyd etmirdik. Evdə oturub xəbər gözləyirdik. Yoldaşım gəldi, dedi ki, vəziyyəti ağırdı. Sonra bildik ki, dünyasını dəyişib. Mən inanmadım onun sözlərinə. Bilirdim, atam vəfat edib, amma inanmırdım. İnanrsınız, indi də elə bilirəm ki, atam harasa gedib, qayıdacaq. Məzarı üstə gedirəm, gözümdən yaş axır, gəl ki, kimin üçün ağladığımı bilmirəm. Sadəcə onun üçün darıxıram, yoxluğunu hiss edirəm, amma bu dünyada olmadığını dərk edə bilmirəm. Bəlkə, zamanla öyrəşdim. Nə bilim.
Fotolar: İlkin Nəbiyev