Rasim Balayev: “Telekanallarımız çox səviyyəsiz şeylər göstərir”

Xalq artisti Rasim Balayev yutubda yayımlanan “Mirinin dibçəyi” verilişində qonaq olub.

Kulis.az xəbər verir ki, proqramda film və serialları tənqid edən Xalq artisti hazırda maraqlı layihələrin olmadığını deyib. O, telekanalların hazırki durumunu tənqid edib və sosial verilişləri də bəyənmədiyini bildirib:

“Televiziya düşüb boş-boş şouların arxasınca: filankəsin donu, uşağı belə getdi. Ağlı başında olan baxmır buna. Televiziya insanların zövqünü korlayıb. Qeybət, səviyyəsiz söhbətlər… Elə şeylər var ki, onu efirə çıxartmaq olmaz. Məhkəməlik hadisələr efirə çıxır. Bir haramzadə oğlan anasın evindən qovub, efirdə verilir. Cavan biri baxır, fikirləşir ki, ananı qovmaq olar. Pozur adamları. Arvadının sözünə inanıb, anasını evdən qovub. Bütün bunları efirdə göstərməklə nə edirsiniz? O qədər biabırçı hadisələr çıxarırlar ki, tamaşaçının zövqü korlanıb. Ciddi, ağıllı söhbətə qulaq asmırlar. İstədiklərinə nail olublar, zövqlər korlanıb”.

Sənətçi qeyd edib ki, yaxşı aktyorlar olsa da, onların sənətlərini göstərməsi üçün meydan yoxdur: “Uğursuzluq aktyorlardan asılı olan durum deyil. Bəzən təklif gəlir, deyirlər, 40 seriyadır. Deyirəm, ssenarini göndərin baxım. Bir seriya gəlir. Soruşuram ki, bəs 39 bölüm hanı? Deyirlər, yazılacaq… Belə olmaz, mən bilməliyəm kimi oynayıram. Tamaşaçı da şikayət edir. Tamaşaçı filmdən, yazılan hekayədən ibrət götürməlidir”.

Sözügedən proqramı təqdim edirik.

Share: