“Rast” filminin təqdimatı keçirildi

“Rast” filminin təqdimatı keçirildi

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası tərəfindən çəkilən “Rast” filminin təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, film dünyaşöhrətli dirijor, bəstəkar, SSRİ Xalq artisti Niyazinin 110 illiyinə həsr olunub.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova bildirdi ki, hələ 1967-ci ildə lentə alınan “Şur” televiziya filmi (rejissor Arif Qazıyev) muğam və xalq mahnılarımızın rəngarəngliyini ortaya qoymuşdu. “Rast” filmi də bu ideya əsasında çəkilib: “110 illiyi ilə bağlı böyük maestronu yad etmək bizim borcumuzdur. Niyazi nəinki böyük dirijor, həm də təbliğatçı və maarifçi idi. Biz bu ənənələri qoruyaraq muğam sənətimizi musiqimizi gələcək nəsillərə çatdırmağa xidmət edən layihələri alqışlayırıq”.

Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, Xalq artisti Sərdar Fərəcov və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə çıxışlarında “Rast” filminin muğamlarımızın geniş kütlə arasında tanınmasına vəsilə olacağını vurğulayıblar.

Qeyd edildi ki, Azərbaycan muğamı özünün qızıl dövrünü yaşayır. “Rast” muğamının musiqi sənətimizdəki yeri haqqında bəhs edən natiqlər filmin ərsəyə gəlməsində zəhməti olanlara təbriklərini çatdırdılar.

Çıxışlardan sonra film nümayiş olunub. Niyazinin “Rast” simfonik muğamı səslənən filmdə Xalq artistləri Ramiz Quliyev (tar), Şəfiqə Eyvazova (kamança), Alim Qasımov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova və Əməkdar incəsənət xadimi Aqil Məlikovun (xanəndələr) ifaları lentə alınıb. Xanəndələri Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik orkestri və Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı müşayiət edir.

Filmin ideya müəllifi görkəmli tarzən, Xalq artisti Ramiz Quliyev, quruluşçu rejissoru Elnur Məmmədov, rejissoru Natiq Novruzov, musiqi redaktoru Əməkdar incəsənət xadimi Çingiz Abbasovdur.

Share: