Razi Nurullayev İlham Əliyevi təbrik edib

Razi Nurullayev İlham Əliyevi təbrik edib

Razi Nurullayev İlham Əliyevi təbrik edib

Milli Cəbhə Partiyası prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

xəbər verir ki, bəyanatda deyilir: “Vətən müharibəsində qalib gələrək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etmiş qəhrəman xalqımızın bütün ölkə ərazisində ilk dəfə iştirak edəcəyi seçkilərə qatılmaq Milli Cəbhə Partiyası üzvlərinin və partiya funksionerlərinin yekdil qərarı ilə mümkün olub. 7 fevral tarixində keçirilən seçkilərə hazırlıq müddətinin qısa olmasına baxmayaraq, Milli Cəbhə Partiyası bu seçkiləri partiyanın növbəti sınağı kimi dəyərləndirib. Partiyanın sədri Razi Nurullayevin namizədliyini irəli sürmək və qeydiyyata alınması üçün tələb edilən vətəndaş imzalarını toplamaq heç də asan olmayıb.

Müharibədən yeni çıxmış, haqq savaşında qalib gəlmiş, öz rəhbərinə güvənən Azərbaycan xalqından namizədlik üçün imza almaq çox çətinliklə mümkün olub, bunun üçün partiya fəalları tərəfindən bütün ölkə ərazisində proses başladılıb.

Vətəndaşlarımızın imzalarını toplamaq partiyamızın gücünü göstərən amil hesab edilə bilər.

Seçki prosesində ölkədə mövcud olan demokratik mühit və fikir azadlığının dövlət təminatı Milli Cəbhə Partiyasının seçkiöncəsi prosesdə uğurlarının əsasını təşkil edib. Aparılan təbliğat və təşviqat işləri ölkənin ayrı-ayrı regionlarını, kəndləri, qəsəbələri, şəhərləri və paytaxt Bakını əhatə edib. Bu görüşlərdə minlərlə vətəndaşımız iştirak edib və öz problemlərini partiyamızın prezidentliyə namizədi Razi Nurullayevlə bölüşüb. Prezidentliyə namizəd Razi Nurullayev də öz növbəsində vətəndaşların sosial problemlərini həlli yollarını öz platformasına daxil edərək televiziya, radio və müxtəlif mətbuat orqanları vasitəsilə Azərbaycan xalqına çatdırıb.

Bunun nəticəsində seçicilər seçki günü Prezidentliyə namizəd Razi Nurullayevin qələbəsi üçün seçki məntəqələrinə gəlib və öz namizədlərinə səs veriblər. Bu prosesi Milli Cəbhə Partiyasının 6 mindən çox müşahidəçisi ölkədə mövcud olan bütün seçki məntəqələrində yaxından izləyib və öz qeydlərini seçki günü bir neçə dəfə Milli Cəbhə Partiyasının Seçki qərargahı ilə bölüşüb. Müşahidəçilərin qeydlərindən və rəylərindən seçkilərin ölkənin bütün ərazisində sakit və sülh şəraitində keçdiyi, prosesin gözlənilənlərə adekvat və ümumilikdə beynəlxalq standartlara uyğun olduğu qənaətinə gəlinib.

Milli Cəbhə Partiyası bəyan edir ki, seçicilərin seçki məntəqələrinə tam və maneəsiz giriş imkanları təmin edilib, müşahidəçilər tərəfindən heç bir qanun pozuntusu qeydə alınmayıb. Seçkilərin ilkin nəticələrinə və ekzit-polların nəticələrinə görə Azərbaycan xalqının böyük etimadını qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilən İlham Əliyevi Milli Cəbhə Partiyasının üzvləri, Seçki qərargahının üzvləri və Partiyanın sədri Razi Nurullayevin adından təbrik edir, vətənə və millətimizə xeyirli olsun deyirik”.

Share: