“Real” transfer etmək istədiyi oyunçuların saqqızını necə oğurlayır?

“Real” transfer etmək istədiyi oyunçuların saqqızını necə oğurlayır?

Son illər bir neçə gənc, perspektivli futbolçunu heyətinə qatan Madrid “Real”ının transferlərlə bağlı özünəməxsus üslubu var. Bu, çox effektivdir və artıq digər klublar da ispanların sistemindən istifadə etməyə çalışırlar.

“Real”ın futbolçu və basketbolçular üçün çox çeşidli standart müqavilələri var. Əlbəttə, hər biri fərqlidir, amma ümumi standarta malikdirlər.

Həmin müqavilələr konfidensiallıq anlaşmasına imza atmış tərcüməçilər tərəfindən demək olar ki, bütün dillərə tərcümə edilib. Nə vaxtsa, məsələn, Slovakiyada bir “mirvari” üzə çıxarsa, onun meneceri və ailəsi ilə görüşdə təqdim ediləcək slovak dilində müqavilə artıq hazırdır.

Bu, “Real”ın birinci üstünlüyüdür. Onlar boş vədlər yerinə konkret müqavilə təqdim edirlər və bununla futbolçuda ilkin təsəvvür yaradırlar. Eyni zamanda prosesin yazılı həyata keçirilməsi hər hansı şifahi danışıqdan fərqli olaraq oyunçunun, ailəsinin və ya menecerinin sonradan imtina etməsini çətinləşdirir.

Əgər futbolçu çox da bilinməyən dildə danışırsa, beynəlxalq dillər olan fransıca və ingiliscə müqavilələr aparılır. Əlbəttə, bundan sonra həmin müqavilələr oyunçunun ana dilinə tərcümə edilir. “Real” xoş niyyətini göstərmək üçün bütün xərcləri özü qarşılayır.

Madridlilərin lehinə olan digər məqam futbolçuya karyera planının təqdim olunmasıdır. Burada klubun oyunçudan nə istədiyi, ona nə təqdim olunduğu, ən pozitiv və ən neqativ ssenarilər barədə məlumat verilir. Komandada uğurlu olmayacağı təqdirdə nə baş verəcəyi, icarəyə verilmə variantları, şəxsi markasının sırf “Real”a məxsus olduğu üçün necə yenidən dəyərləndiriləcəyi bildirilir. Ona Madriddə uğurlu olmayacağı halda yenə də yaxşı karyeraya sahib futbolçulardan nümunələr gətirilir. Futbolçuya uğursuzluq vəziyyətində belə, “Real”da çıxış etməyin üstünlük olduğu və CV-sində bu adın olmasının daha sonra yaxşı müqavilələr imzalamaq şansını artırdığı bildirilir.

Bu, ən pis ssenaridir. Daha sonra müsbət məqamlar təqdim edilir və digər oyunçularla bağlı konkret statistikalar göstərilir. “Real”a qatılmağın marka adına hansı radikal dəyişikliyi yaratdığı təsvir edilir. Sosial platformalardakı izləyici sayından, axtarış sistemlərindəki artıma qədər, həm yerli, həm qlobal sponsorlarla bağlı gələcək perspektivlər konkret “data”larla izah edilir. Bütün bunlar ilk görüşdə üzbəüz həyata keçirilir.

“Real” transfer prosesində gizliliyə çox önəm verir və mümkün qədər iz azdırmağa çalışır. “Real” nümayəndələri tanınmamaları üçün oyunçularla görüşə fərqli görünüşdə getməyə üstünlük verir. Yaxud, məsələn, Dortmunda gediləcəksə, onlar öncə Düsseldorfa uçurlar, daha sonra Dortmunda qatar, ya da başqa yerüstü nəqliyyat vasitəsilə gedirlər.

Görüşlər oyunçunun, menecerinin evi, yaxud böyük hotellərdə təşkil edilmir. Etibarlı bir kirayə mənzil tapılır və ünvan görüşdən yalnız bir neçə saat əvvəl qarşı tərəfə təqdim edilir. Beləliklə, hər hansı məlumat sızıntısı olarsa, klub bunun menecerdən, ya da futbolçunun yaxın ətrafından çıxdığını bilir. Bununla “Real”, həm də qarşı tərəfi yoxlamış olur, etibarlı insanlar olub-olmadıqlarını test edir.

Madrid klubu bu sistemlə daha ciddi görkəm alır. Əlbəttə, qüsursuz deyil, amma “Real”ın etdiyi transferlər zamanı mətbuata az məlumat sızıntısı olması, keçidlərin əksəriyyətinin özünü doğrultması sistemin işə yarıdığını göstərir. Agentlər bunu digər klublara ötürürlər, insayderlər müəyyən məlumatları əldə edirlər.  Ancaq “Real” bu məsələdə digər klubları çox üstələyir. Həm də qeyd olunanlar təkcə prosesin bilinən tərəfləridir…

Mənbə:  “Veteranos&noveles” (“Twitter”)

Share: