RƏFAİL TAĞIZADƏNİN POEZİYASI ÜZƏRİNDƏ TEZİSVARİ DÜŞÜNCƏLƏR

RƏFAİL TAĞIZADƏNİN POEZİYASI ÜZƏRİNDƏ TEZİSVARİ DÜŞÜNCƏLƏR

(Bir not dəftəridir həyat...)

(esse)
Qazi zabit, şair, publisist, tərcüməçi Rəfail Tağızadənin şeirləri Lorkanın dili ilə desək, danışan şəkillərdi. Bu poetik şəkillərin adı da özü kimi qeyri-adidi – “Yağış da bir sevgidi”, “Su üzərində bahar”,”Ay gecənin şəklini çəkir”, “Azadlığa hamilə zaman”, “Tənhalıq yağışı”, “Nöqtəsiz ayrılıq”, “Sükutun harayı”, “Bakirə yuxular”, “Dəniz də qadın kimidi”, “Yaralı azadlıq”, “Qıç başdaşı”, “Qara-qırmızı Xocalı”, “Bakı-Ağdam-Xankəndi” və s.
R.Tağızadə yaradıcılığının beş qolu: Qarabağ-Vətən, gecə, payız, dəniz, sevgi.
O, “öz epoxasının obrazıdı, ürəyinin qanı ilə şeir yazır. Rəfail Tağızadənin QAPIsından küllü Qarabağ görünür” (Adil Mirseyid). “Qıç başdaşı, “Xocalı oratoriyası”, “Şəhid məktubları, “Çadır şəhərciyi”, “Bir qazi toyunda, bir ər toyunda”, “Qarabağ Qazisi haqqında ballada”, “Qaçqın qəbristanlığı”, “Qazilər yığıncağı” dərddi, qan-qadadı, ölüm-itimdi, torpaq, yurd həsrətidi, nisgilidi, nigarançılıqdı (“Mən sənin nəyinəm, Vətən”).

Qan qarın üstünə XOCALI yazır.
O gecə dərdlər də qara-qırmızı.
O qanlı torpaqlar, o qan torpaqlar
lalələr bitirər, lalələr ancaq,
üstündə qapqara güllə yarası.

Rəfail Tağızadənin səngər nəğmələri (səngər və nəğmə, təzada fikir verin!) savaş himnləridi. Səngərdə, torpaq altında – blindajda ilahi duyğular – “gecə xəyalları” içində gözləri döyüş yollarına dikilən sevgilisinə namə göndərir. Xəbərdarlıq edir ki, incimə, əzizim, Vətən sevgisi eşqimin ilk nübarını üstələdi:

Öz torpağında səngər qazmaq
özünə qəbir qazmaq kimidi…
Mənim əllərim soyumuş üzü sığallayır,
sənin əllərin mənim boş,
soyumuş yatağımı.
Qucağımdan qan damır,
əllərim qan içində.
Bu qanlı əllərdən ayrı sevgi gözləmə.
Hər gecə səngərin o tayından məni çağırırlar.
Bu sənə xəyanət deyil, əzizim.
Bu ilk sevgidi.
Yaddan çıxmaz, unudulmaz, Vətən sevgisi.

“Çadır şəhərciyi” poemasından başqa bir Qarabağ gerçəkliyi – Vətən tarixinin qara ləkəsi:

Çadırda doğulan qızım,
Sən bəxtindən yarıdınmı?
Yelləncəyin vaqon altda,
Sən göy üzü tanıdınmı?

Bizim doğma “Ədəbi ovqat”ımız bu dünyaya gəlməmişdən Rəfail Tağızadəyə “ovqat şairi” titulu vermişdim. O, mərhəmətlidi:
Görən mənim qədər dərdini çəkən varmı
yerdəki mələklərin?
Göndər mənə, göndər mənə dərdləri,
qucaqlaşıb öpüşsünlər tanışlar.
Ha bağrıma basıb, basıb hey öpdüm.
Dərd sönmədi… Təzə dərdlər oyandı…

Bu şair taleyidi. Sözə könül verənlər qaça bilməz taleyin dərd ərmağanından. Tanrı dərdi çəkənə verir ki, çəkən həm özü yaşasın, həm sözü, həm də “ilham pərisi” dərdi yaşatsın.
Rəfail Tağızadə həssasdı – sarı sim kimi:

Yarpaqlar not vərəqləri,
dirijor külək
bu gün meşədə
qışın 10-cu simfoniyasını səsləndirir
son akkordlarınadək…

Görəsən daha kimlər bu simfoniyanı eşitməyə qadirdi?
Şairin payız poetikası. Lorkanın təbiriylə desək, danışan payız rəsmi. Oxuyanda insan saflaşır, bir ilahi gözəlliyə baş əyir, “payız gəlin”ə vurulur:

Soyunub əynini təzə gəlintək,
töküb paltarını ayaqlarına,
gecə yağışında yuyunub, təmiz,
əlində xınası qurumamış qız…
Mən səni sevirəm, sevirəm, payız…

Yaxud, dəniz və payız birliyinin – sevgisinin mübhəm məqamı:

Dəniz də qadın kimidi,
adamı özünə çəkir:
sevdikcə sevmək istəyirsən,
getdikcə getmək istəyirsən,
ayrıla bilmirsən,
qoynuna sığınmaq istəyirsən…

Başqa bir dəniz və payız qolboyunluğu…
Şair “ikili sevda” yaşayır, dara düşəndə – darıxanda ilk sevdanı köməyə çağırır, ikincisini “bəyənmir”. Yox, bu xəyanət deyil, iki gözəllə birgə yaşamaq istəyidi. Şair ürəyi, gözü gözəlliklərdən nə vaxt doyub ki?.. O, hətta üçüncü gözələ də vurulur:

Yağış da bir sevgidi, –
Öpüşdən adam doymur…

Mən hələ şairin dördüncü sevgilisinin də olduğunu bilirəm – daha sirr saxlamağın yeri deyil. Burada artıq şair qara zülflu, qara gözlü gözəllə – gecə ilə də vüsal anları yaşayır. Dörd sevgili ilə yaşayan, “köpüklü şamran”la məst olan necə şair olmasın?

Bu payız gecəsində ağaclar sərxoş…
Dəniz şampan köpüklü,
dalğalar vals gedir,
gəmilər ləngər vurur.
Bakının əlində gecəyə növbə çəkən
Qız qalası dolu badə…

“Şopenin ürəyi” poeması poetik simfoniyadı – nəhəng “danışan rəsm”. Ən azı Fransadan, Polşadan da seyrçiləri var. Və o, insanlıq axtarışında olduğundan uzaqlarda hayqırılan insanlıq haraylarını da eşidir: “Nazim (Hikmət – V.O.) Moskvadan, Şopen Parisdən insanlığa bağırırdı”.
Şopen qeyri-adiliyi – zirvəsi. Özü də, sənəti də, Vətən sevgisi də, həyatı da qeyri-adi. Parisdə dəfn olunsa da, ürəyi əbədi Varşavadadı. Müqəddəs Xaç kilsəsində Şopenin ürəyi döyünür. Bu Şopenin vəsiyyətidi. Bəli, döyünür, belə ilahi ürək Vətənsiz yaşaya bilməzdi. Vətəndədir, ona görə də vurğusu heç vaxt dayanmayacaq. O müqəddəs ürək Müqəddəs Xaç kilsəsində “axşam duası” oxuyur.

Nazim Hikmət şeirləri ilə döyüşürdü
hürriyyət savaşında.
Şopen musiqisiylə
azadlığa çağırırdı…
Hürriyyət üçün çalışanlar
igiddi, ərdi,
onlar ölümü yenənlərdi…

Rəfail Tağızadənin də, eləcə də hamımızın üstündə torpaq dərdi vardı, məğlub adı vardı, tarixin çadır şəhərcikləri kimi qara səhifələri vardı, yurd yanğısı vardı, zəfər sevincinə təşnə ürək vardı, Xocalı ləkəsini təmizləmək vardı, qisas qiyamətə qalmayacaq inamı vardı. Hələ çox “vardı”lar vardı…
Nəhayət, taleyimizdə 44 gün də varmış. Ali Baş Komandan, Azərbaycan əsgər və zabitləri bizi bu dərdlərdən, ağrılardan, həsrətdən, intizardan, nisgildən, utandırıcı məğlub adından, inamsızlıqdan xilas etdi, Xocalı ləkəmizi təmizlədi, Şuşada, Xankəndində zəfər paradı sevinci yaşatdı. Bəli, “Vətən ora qədəm basanda Vətən olur”, Rəfail müəllim.
Rəfail Tağızadənin lirikasından nümunələrlə sözsevərlərin söz zövqünü təzələmək yerinə düşər. İnsanı düşündürən, intəhasız xəyalların qoynunda süsləyən, payız kimi kövrək, dəniz kimi saf, gecə kimi duyğulu ilahiliyə bələyən ovqat həbi sözdü.

Qala divarları təzə şəhərin çılpaq ədasından,
səs-küyündən utanıb sıxılır,
içinə qısılır İçərişəhər…

Şəhər sürüyür
yоrulmuş küçələri dənizə sаrı.
Qоrхub gеri çəkilir dəniz.

Payızı sevməyən süpürgəçi qadın,
bu il mən də yığışdıra bilmədim
ömrümdən tökülən yarpaqları…

Süzüb ayaqdan başacan,
öpüb dodaqdan qaşacan,
səni gözlərimə yedizdirəcəyəm.
Sonra oturub ayna qabağında
könlümə köçürəcəyəm.

Söz adamları Tanrının yerdəki elçiləridi. Müqəddəs yoldadırlar. Bəli, Rəfail müəllim, “nə qədər nəfəs qalıb gedəcəyik bu yolu”…
Nə olsun ki:
Bir not dəftəridir həyat –
insan ömrü
bir noktürn qədər qısa…

Vaqif OSMANLI,
araşdırmaçı, yazar

Share: