Mayın 8-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Referans Medical Group və Nərimanov Rayon Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Nərimanov rayonunda ağacəkmə aksiyası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, aksiyada Referans Medical Group-a daxil olan klinikaların həkim heyəti, tibb və qeyri-tibbi personalı, həmçinin media nümayəndələri iştirak ediblər. Aksiya çərçivəsində qeyd olunan ərazidə 100 ağac əkilib.
Bu tədbirin keçirilməsində məqsəd Ulu Öndərin ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir.
Ağacəkmə aksiyasından sonra ağacəkilən ərazidən başlayaraq Heydər Əliyev Mərkəzinə qədər Referans Ambulans və Ünvanda Tibbi Xidmət maşınlarından ibarət yürüş təşkil olundu.
Qeyd edək ki, bu aksiya Referansın Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı növbəti tədbirlərindən biridir.