Respublikamızın ərazilərini minalayan Ermənistana ABŞ-ın dəstəyi: Faktlar və rəqəmlər

Respublikamızın ərazilərini minalayan Ermənistana ABŞ-ın dəstəyi: Faktlar və rəqəmlər
2013-cü ildə Nobel sülh mükafatı almış Piyadalar əleyhinə minaların qadağan edilməsi üzrə kampaniya (International Campaign to Ban Landmines (ICBL) Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın geniş şəkildə piyadalar və tank əleyhinə minalar yerləşdirməsi ilə əlaqədar ciddi narahatlıq ifadə etmişdi.
Ermənistan tərəfindən “partlayıcı tələ” adı ilə tanınan vasitələrdən də istifadə edilməsi faktlarla təsdiq olunub. 2011-ci ildə Tovuz rayonunun Ermənistanla sərhəd olan Əlibəyli kəndində 13 yaşlı Aygül Şahmalıyeva oyuncaq kuklanın içərisinə yerləşdirilən və çayla Azərbaycan tərəfə axıdılan bu cür partlayıcının qurbanı oldu.
Musavat.com-un məqalə müəllifi olan müxbiri bildirir ki, Ermənistan tərəfindən Tərtər, Qarqar və Xaçın çayları vasitəsilə Ağdam, Tərtər və Ağcabədi rayonlarına minaların və digər partlayıcıların yönləndirilməsi davam edən praktikadır. Bu məqsədlə Ermənistan tərəfindən özünün istehsal etdiyi PMN-1 minalarından istifadə edilir. 249 qram partlayıcı maddəyə malik olan PMN-1 minaları minaya düşən insanın bütün ayaq nahiyəsinin amputasiyasına və digər ciddi xəsarətlərə səbəb olur.
2016-ci ildə ANAMA tərəfindən YM-II-S tipli tank əleyhinə mina Zərdab rayonu yaxınlığında Xaçın çayının sahilində tapılıb. Bu mina 2012-ci ildə İtaliya texnologiyası əsasında İran şirkəti tərəfindən istehsal olunub.
123.JPG (79 KB)
2017-ci il 11 noyabrda ANAMA tərəfindən Ağdam rayonu Əfətli kəndi ərazisində Qarqar çayı sahilində Ermənistan istehsalı olan PMN- Э piyadalar əleyhinə mina tapılıb və zərəsizləşdirilib.
dfdfdf.JPG (84 KB)
Həmçinin, Ermənistan tərəfindən hərbi məqsədlərlə də piyada və tank əleyhinə minalardan istifadə edilir. Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca Ermənistan tərəfindən çox sıx şəkildə minalanma fəaliyyəti həyata keçirilir. Ermənistan diversiya qrupları bir neçə dəfə Azərbaycan silahlı qüvvələrinin arxasına keçərək hərəkət yollarını minalamağa çalışıblar. 2015-ci ildə təmas xəttində mülki geyimdə saxlanılan Arsen Baqdasaryan bu məqsədlə mina basdırarkən silahlı qüvvələrimiz tərəfindən saxlanılıb.
Ermənistan piyadalar əleyhinə minaların ləğv edilməsi haqqında 1997-ci il Ottava konvensiyasına qoşulmaqdan imtina edir. Ermənistan nəinki bu konvensiyaya qoşulmur, konvensiyanın fəlsəfəsinə zidd olaraq, piyadalar əleyhinə minaların istehsalı, idxalı, tranzitini həyata keçirir və çoxlu sayda mina ehtiyatına malikdir. Hələ bu azmış kimi Ermənistan hərbi və mülki insanlara qarşı öldürücü silah kimi minalardan istifadə edir.
Ermənistan tərəfindən bu kimi siyasət yürüdüldüyü halda, ABŞ tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində mina təmizləmə adı altında “HALO Trust” təşkilatı vasitəsilə Ermənistana və qanunsuz rejimə dəstək göstərilməsi ciddi suallar doğurur.
Özünün elan etdiyi kimi “HALO Trust” işğal altında olan ərazilərimizdə “humanitar” minatəmizləmə fəaliyyəti ilə məşğul olan yeganə təşkilatdır. Məlum olduğu kimi “Halo Trust” Birləşmiş Krallıqda xeyriyyə təşkilatı statusunda qeydiyyata alınmış özəl təşkilatdır. “HALO Trust”-da çalışan şəxslərin mütləq əksəriyyəti keçmiş hərbçilərdir.
“HALO Trust” ötən ilin mart ayında 2017-ci il üzrə hesabatını (Bax: https://www.halotrust.org/media/3223/the-halo-trust-signed-accounts-31-march-2017.pdf) yayıb. Bu hesabatda onun hansı ərazilərdə fəaliyyət göstərdiyi və bu fəaliyyətin bəzi detalları barədə məlumatlar əks olunub. Hesabatda təşkilatın Dağlıq Qarabağ bölgəsində fəaliyyətinə ayrıca hissə həsr olunub. Təşkilatın ölkəmizin ərazilərində fəaliyyətinin hansı dövlətlər tərəfindən maliyyələşdirildiyi hesabatda göstərilmir (hesabatda bu fəaliyyətə ayrılan vəsaitin “qapalı” olduğu göstərilir).
“HALO Trust” ABŞ tərəfindən maliyyələşdirildiyi halda, Azərbaycanın işğal olunmuş ərazilərindəki fəaliyyəti barədə Azərbaycan hökumətindən icazə almır və fəaliyyətinin nəticəsi barədə hesabat vermir.
Vacib məqam kimi qeyd edək ki, ABŞ tərəfi də maliyyələşməni yalnız keçmiş DQMV inzibati hüdudları çərçivəsində minatəmizləmə fəaliyyətinə ayırır və hazırda təmizlənmə işlərinin yekunlaşdığı bəyan edilən 97,6% rəqəmi məhz bu bölgəyə aiddir İndi məlum məqam ondan ibarətdir ki, “HALO Trust”, erməni lobbiçiləri və onların Konqresdəki tərəfdarları ABŞ tərəfindən ətraf rayonların da maliyyləşdirilməsinə nail olmaq üçün ciddi səylər göstərir (sənədlərdə minalanmış məkanların 62%-nin məhz bu ərazilərdə yerləşdiyi göstərilir). ABŞ tərəfi mövqeyinin humanitar əsaslara söykəndiyini iddia edərək, mina təmizləmə işlərinin DQMV-də yaşayan insanların təhlükəsizliyi üçün etdiyini bildirir. Azərbaycanın işğal edilimiş Dağlıq Qarabağ bölgəsi ətrafında işğal edilmiş ərazilərdə insanlar yaşamır, həmin ərazilərdə mina təmizləmə işlərinə ABŞ tərəfindən maliyyə yardımının ayrılması işğal olunmuş ərazilərin ilhaqına (anneksiya) xidmət edən addım kimi qəbul oluna bilər.
“Yeni Müsavat” bildirir ki, hazırda ətraf ərazilərin maliyyələşdirilməsi üzrə boşluğu aradan qaldırmaq üçün “HALO Trust” fərdi donorlara müraciət edir və erməni lobbiçiləri ilə birlikdə maliyyə cəlb etmə kampaniyaları keçirir. Bu məqsədlə ABŞ-da “OneArmenia”, “Landmine Free Artsakh” kampaniyaları təşkil edilmiş, “Julia Burke Foundation”, “SJS Charitable Trust”, “Gould Family Foundation”, “Harbour Lights Foundation”, “İzmirlian Foundation” kimi ABŞ qeydiyyatında olan və əksəriyyəti erməni mənşəli olan təşkilatlar vasitəsilə maliyyə vəsaitləri cəlb olunur. Təşkilatın yaydığı məlumata görə hazırda ətraf ərazilər sırasında Laçında fəal təmizləmə işləri aparılır.
Qeyd edək ki, əks olunan texniki məlumatlar ilə yanaşı, “HALO Trust”ın hesabatında ölkəmizin ərazi bütövlüyünə qarşı birbaşa təhrifedici ifadələr yer almışdır. Belə ki, hesabatda Dağlıq Qarabağ bölgəsi ayrıca subyekt kimi və bəzi yerlərdə “ölkə” kimi, işğal olunmuş ətraf rayonlar isə “Dağlıq Qarabağ tərəfindən nəzarət olunan, lakin onun Sovet sərhədlərindən kənarda yerləşən ərazilər” təqdim olunur.
ABŞ-ın humanitar mina yardımı siyasətinin pərdəarxası məqamları
ABŞ piyadalar əleyhinə minalar və kasetli hərbi sursatlar üzrə beynəlxalq müqavilələrin tərəfi deyil və öz qoşulmama mövqeyini hərbi zərurət ilə əsaslandırır. Bununla belə, ABŞ dünyada humanitar mina təmizləmə fəaliyyətinə yardım ayıran əsas dövlətdir. ABŞ bu fəaliyyətin əhəmiyyətini ərazilərin minalardan təmizlənməsi ilə sülhə töhfə, məcburi köçkünlərin öz yerlərinə qayıtmasına və əhalinin rifahının yaxşılaşdırılmasına dəstək niyyəti ilə izah edir. “Yeni Müsavat”ən məqalə müəllifi olan müxbirinin fikrincə, bu fəaliyyət ilk növbədə ABŞ-ın dünyada humanitar dövlət kimi nüfuzunun artırılması (“soft power”), eyni zamanda minalardan istifadə də daxil olmaqla ABŞ-ın dünyada tez-tez hərbi əməliyyatlarda güc tətbiqi nəticəsində yaranan mənfi imicini balanslaşdırmaq məqsədinə xidmət edir.
ABŞ-ın “HALO Trust (USA)”nı maliyyələşdirməsi: qeyri-şəffaf və gizli mexanizm
Azərbaycanın razılığı olmadan onun ərazilərində mina fəaliyyəti üçün “HALO Trust”ın bir sıra dövlət və beynəlxalq təşkilatlar tərəfindən maliyyələşməsi ciddi narahatlıq yaradan haldır. Bu əməl açıq-aşkar ölkəmizin ərazi bütövlüyünə qarşı hörmətsizlikdir və bu cür də kimi qiymətləndirilməlidir.
Maraqlıdır ki, ABŞ-da özəl sektora dövlət ayırmaları ilə bağlı ictimaiyyətə açıq sərt hesabat qaydalarının mövcud olmasına baxmayaraq, məhz bu təşkilatın maliyyələşməsi ilə əhəmiyyətli məlumatlar məxfiləşdirilib (xüsusən də təşkilatın verdiyi maliyyə hesabat formalarında onun maliyyələşmə mənbələri və xaricdə fəaliyyəti ilə bağlı bir çox suallar cavabsız saxlanılır). Ümumiyyətlə, ABŞ-ın ayrı-ayrı dövlətlərdə mina fəaliyyətinə göstərdiyi dəstəyi ilə bağlı fəal ictimai məlumatlandırma aparmasına, bu barədə həm beynəlxalq toplantılar, həm də dərc etdirdiyi nəşrlərdə geniş məlumat verməsinə baxmayaraq, işğal olunmuş ərazilərimizdə aparılan bu fəaliyyətin qapalı saxlanılmasına üstünlük verilir. Məsələn, dünyada mina təmizləmə fəaliyyətinə dəstəklə bağlı Dövlət Departamentinin hər il dərc etdirdiyi “Walk the Earth in Safety” hesabatında (Bax:https://www.state.gov/t/pm/rls/rpt/walkearth/2016/index.htm) Dağlıq Qarabağda fəaliyyət ilə bağlı hər hansı müddəa mövcud deyil. Həmçinin son illər mina təmizləmə fəaliyyəti ilə bağlı elan edilən qrant tenderlərində ölkəmizin bu bölgəsinin adı çəkilmir. Güman etmək olar ki, ABŞ-ın bu fəaliyyəti mümkün qədər gizli həyata keçirməsi onun həm ölkəmizlə münasibətlərə təsir göstərməmək niyyəti ilə yanaşı, bu fəaliyyətin sahib ölkənin razılığı olmadan həyata keçirilməsi nəticəsində beynəlxalq normalara zidd olmasından qaynaqlanır. Ehtimal ki, bu səbəbdən ABŞ qanunsuz və rəsmi sənədlərdə separatçı adlandırdığı əraziyə maliyyə dəstəyi ayırmasının ictimailəşməsini istəmir.
İctimai görüntü olmadan ABŞ-ın öz vergiödəyiciləri hesabına “minatəmizləmə” fəaliyyətinə maliyyə ayırmaqda davam etməsində real olaraq hansı məqsədlərin güddüyü qeyri-müəyyəndir. Təbii ki, bu məsələdə erməni lobbistlərinin və onları dəstəkləyən Konqresmenlərin rolu danılmazdır və ABŞ-ın bu fəaliyyəti davam etdirməsi həmin konqresmenləri maliyyələşdirən erməni lobbiçilərini razı salır. Digər tərəfdən, münaqişənin davam etdiyi və Ermənistanın minalardan fəal şəkildə istifadə etdiyi hazırkı vəziyyətdə bu ərazilərdə mina təmizləmə fəaliyyəti sonsuz prosesdir. Məsələn, 2016-cı il aprel ayında hərbi əməliyyatların bərpası nəticəsində yeni partlamamış hərbi sursatlarla çirklənmiş ərazilərin yaranması səbəbindən əlavə təmizləmə fəaliyyəti və vəsait üçün zərurət yaranmışdır. Təbii ki, ABŞ da bu prosesin sonunun görünmədiyini anlayır və bu vəziyyətdə maliyyələşmənin davam etməsinin əsas motivinin nədən ibarət olduğu əsas sualdır. Hesab edirik ki, bu fəaliyyət izah edildiyi kimi yalnız “humanitar” niyyətdən irəli gəlmir və ABŞ-ın əlavə milli maraq olmadan hansısa fəaliyyətə davamlı maliyyə vəsaitləri ayırması (xüsusən xarici yardımları əhəmiyyətli dərəcədə ixtisara salan indiki administrasiya dövründə) inandırıcı görünmür.
ABŞ-da dövlət vəsaitlərinin xərclənməsinə nəzarət üzrə bəzi ictimaiyyətə açıq resurslar (www.usaspending.gov,  www.grants.gov) mövcuddur. Bu resurslar əsasında “Yeni Müsavat” ABŞ tərəfindən bu vaxtadək ayrılan vəsaitlər və gələcək mümkün planlar barədə bəzi aşağıdakı məlumatların əldə edilməsi və təhlillərin aparılmasına nail olub:
– “HALO Trust (USA)”nın maliyyə hesabatlarına görə onun büdcəsinin böyük hissəsi hökumət qrantları təşkil edir. Onların da böyük hissəsi Dövlət Departamentinin (DD) Hərbi-siyasi məsələlər bürosu nəzdində Silahların aradan qaldırılması və ixtisarı (Weapons Removal and Abatement – PM/WRA) proqramı çərçivəsində, cüzi hissəsi isə USAID tərəfindən maliyyələşir. Bu dövrdə “HALO Trust (USA)”yə ayrılan vəsaitlər və onların bölgüsü aşağıdakı cədvəldə göstərilir.
qraf.JPG (66 KB)
Gələcək fəaliyyət üzrə gözləntilər
Qeyd edildiyi kimi ABŞ rəsmilərinin bildirdiyinə görə, “HALO Trust”la USAID arasında olan hazırkı minatəmizləmə proqramı bu ilin sentyabr ayında başa çatıb. ABŞ dövlət katibi R.Tillerson Dövlət Departamenti və USAID-nin bu proqramı dəstəklədiyi, hazırda əlavə vəsait ayırmaq üçün “HALO Trust”ın xahişinin nəzərdən keçirildiyi və Dövlət Departamentinin minatəmizləmə işlərinin mümkün qədər tezliklə və hərtərəfli şəkildə başa çatdırmağa önəm verdiyini bildirib. ABŞ rəsmiləri növbəti planlar barədə sorğulara birbaşa məlumat verməkdən yayınırlar. Bununla belə, Konqresdə büdcə müzakirələri çərçivəsində gedən prosesdən, eləcə də bəzi təhlillər nəticəsində müşahidələr belədir ki, USAAD “HALO Trust” ilə sazişi yeniləmək niyyətindədir.
Bu yaxınlarda USAID öz internet səhifəsində bu layihənin yenilənməsi məqsədilə layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədini yerləşdirib. Bu sənədə əsasən USAID “Dağlıq Qarabağda humanitar minatəmizləmə layihəsini 2019-cu il 30 sentyabr tarixinədək uzatmaq və layihəyə 3,4 milyon ABŞ dolları civarında əlavə vəsait cəlb etmək niyyətindədir. Sənəddə bu layihənin Dağlıq Qarabağda qalan 24 minalanmış zonanı piyadalar və tank əleyhinə minalardan təmizləməklə onların kənd təsərrüfatı (buğda və üzüm əkini) və heyvandarlıq üçün təhvil verilməsi və beləliklə əhali üçün gəlir imkanlarının yaradılması məqsədini daşıdığı göstərilir. Eyni zamanda, layihənin təhlükəsizlik baxımından önəminə diqqət cəlb edilir.
Qeyd edilənlər fonunda güman olunur ki, növbəti mərhələdə USAID tərəfindən tenderin elan olunması və yeni qrant və ya tərəfdaşlıq sazişinin imzalanması gözlənilə bilər.
Bu layihə vasitəsilə ABŞ vergi ödəyicilərinin pulunu havaya sovuran, Azərbaycanın ərazi bütövlüyünün pozulması və işğala bəraət qazandırılması prosesində iştirak edən ABŞ aşağıda qeyd olunan məqamlardan nəticə çıxarmalıdır:
– ABŞ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin ziddinə olaraq, ATƏT Minsk Qrupunun həmsədri kimi statusuna uyğun olmayan formada qeyri-şəffaf şəkildə və Azərbaycan hökuməti ilə əlaqələndirmədən Azərbaycanın işğal olunmuş ərazilərində mina təmizləmə əməliyyatı həyata keçirir;
– Ermənistan mina təmizləmə fəaliyyəti adı altında ABŞ və digər tərəfdaşları Azərbaycanın işğal olunmuş ərazilərinə cəlb etmək və işğal nəticəsində yaradılmış qondarma rejimi legitimləşdirmək kimi məqsəd güdür;
– Ermənistan piyadalar əleyhinə minaların ləğv edilməsi üzrə konvensiyaya qoşulmaqdan imtina edir;
– Ermənistan hərbi və mülki Azərbaycan obyektlərini hədəfə almaq üçün öldürücü məqsədlərlə minalardan istifadə edir. Hətta minaların ən təhlükəli forması olan uşaq oyuncaqları formasında partlayıcı tələlərdən istifadə edir;
– Ermənistan kütləvi şəkildə piyadalar və tank əleyhinə mina və kasetli bombalar istehsalçısıdır;
– Ermənistan piyadalar əleyhinə minaların müxtəlif modellərini İrandan idxal edir. Rusiya tərəfindən isə böyük sayda hədiyyə formasında minalar qəbul edir;
– Ermənistan həmçinin piyadalar əleyhinə minaların ərazisindən tranzitini təmin edir və minaların böyük ehtiyatına sahibdir;
– “Halo Trust” xətti ilə işğal olunmuş ərazilərdə mina təmizləmə fəaliyyətinə cəlb olunan şəxslər sonradan hərbi təyinatlı minalanma işlərinə cəlb olunurlar. Bu da ABŞ-ın maliyyəsi ilə mina təmizləmə fəaliyyətinə cəlb olunmuş şəxslərin Azərbaycana qarşı mina müharibəsi aparması, mülki və hərbi şəxsləri hədəfə almasına səbəb olur.
Jurnalist araşdırması olaraq bu faktları təqdim edir və ABŞ-ın Azərbaycandakı Səfirliyi və Dövlət Departamentindən bu sorğumuza cavab istəyirik.

Share: