Milli Məclisin deputatı Cavanşir Feyziyev öz Facebook səhifəsində daha bir yazı paylaşıb. Bu yazıda deputat vurğulayırki, 30 illik işğala son qoyan Vətən müharibəsinin başa çatmasından il yarım keçir. Bu gün inamla demək olar ki, müharibənin nəticələri bütün dünya tərəfindən tanınıb və qəbul edilib. 2021-ci ildə Ermənistanda keçirilmiş növbədənkənar seçkilərin nəticələri, eləcə də azad olunmuş ərazilərimizin bərpası ilə bağlı layihələrdə aparıcı dövlətlərin şirkətlərinin, transmilli şirkətlərin fəal iştirakı, ərazidə Azərbaycan höküməti tərəfindən aparılan bərpa-yenidənqurma işlərinə çoxsaylı beynəlxalq təşkilatların əməli dəstək verməsi bir daha bunu sübut edir. Uzun müddət göstərilən inadkarlıqdan sonra Ermənistanda da mövcud vəziyyətin dərk olunduğunu və müharibənin nəticələrinin həm siyasi hakimiyyət dairələri tərəfindən, həm də erməni cəmiyyətinin böyük bir qismi tərəfindən qəbul edildiyini müşahidə edirik. Buna baxmayaraq, Ermənistanda hələ də bəzi siyasi qüvvələr tapılır ki, müharibənin nəticələri ilə barışmaq istəmədiyini bildirir, əhaliyə və dünya erməniliyinə müraciət edərək revanşist çağırışlar səsləndirirlər.Bunlar əsasən həmin siyasi qüvvələrdir ki, 30 il ərzində onlaraın işğalçılıq siyasətinə himayədarlıq edən bölgədən kənar qüvvələrin hərbi-siyasi dəstəyinə arxalanaraq bölgədə işğalçılıq siyasəti aparıblar, bununla da təkcə bölgə dövlətlərinin deyil, həm də Ermənistanın özünün bir xalq və dövlət kimi inkişafının qarşısını alıblar. Nəticədə 2018-ci ildə inqilab yolu ilə hakimiyyətdən uzaqlaşdırılıblar. Həmin siyasi qüvvələr 30 il ərzində hakimiyyəti zəbt edərək apardıqları işğalçılıq siyasətinə və eləcə də bu müddət ərzində törətdikləri saysız-hesabsız cinayət əməllərinə görə məsuliyyətdən yaxa qurtarmaq ümidi ilə revanşist şüarlar əsasında yenidən siyasi hakimiyyətə yiyələnməyə can atırlar. Lakin bu mümkün deyil. Bunu dərk etmək üçün ermənilər ən azı 30 illik yaxın keçmişlərini bir daha diqqətlə nəzərdən keçirməlidirlər. Onlar dərk etməlidirlər ki, məhz apardıqları təcavüzkar siyasət nəticəsində 30 il ərzində sivil dünyaya inteqrasiya proseslərindən kənarda qalıblar.Bütün bu müddət ərzində Ermənistan özünütəcrid şəraitində yaşayıb ki, bu da iqtisadiyyatın çökməsinə, vətəndaşların həyat səviyyəsinin ildən-ilə aşağı düşməsinə və nəticədə əhalinin kütləvi şəkildə xarici ölkələrə miqrasiyasının artmasına səbəb olub. Uzun müddət öyündükləri və məğlubedilməz adlandırdıqları ordu isə 44 gün ərzində Azərbaycan Ordusu tərəfindən darmadağın edilib.
Bütün bunların əksinə olaraq Azərbaycan dünyanın siyasi və iqtisadi sisteminə uğurla inteqrasiya olunub və dünyanın bütün aparıcı mərkəzləri və beynəlxalq təşkilatları ilə fəal əməkdaşlıq edir. Bu müddət ərzində ölkəmiz iqtisadi artım templərinə görə dünyada qabaqcıl yerlərdən birinə sahib olub və hazırda dünyanın inkişaf etmiş ölkələri sırasına qoşulmaq üçün davamlı səylər göstərir. Ən vacib nəticələrdən biri isə odur ki, bu gün Azərbaycan dünyada ən müasir və qüdrətli ordulardan birinə malikdir və o öz qüdrətini Vətən müharibəsi zamanı ermənilərə və bütün dünyaya nümayiş etdirdi. 44 günlük müharibə nəticəsində Ermənistan öz ordusundan və hərbi potensialından demək olar ki, tamamilə mərhum oldu. Yeni ordunun yaradılması üçün isə Ermənistan müvafiq iqtisadi potensiala malik deyil və hələ uzun müddət belə bir imkana sahib ola bilməyəcəyək. Azərbaycan Ordusu isə əksinə, son onilliklər ərzində əldə etdiyi döyüş qabiliyyətini, şəxsi heyətin bilik və bacarıqlarını real döyüş vəziyyətində sınaqdan çıxardı və daha da möhkəmləndirdi. Azərbaycan Ordusunun 44 gün ərzində apardığı döyüş əməliyyatları dünya hərbi ekspertləri tərəfindən XXI əsrin müharibəsi kimi dəyərləndirildi və indi onun taktika və strategiyası dünyanın aparıcı hərbi tədqiqat institutları tərəfindən öyrənilir. Azərbaycan Ordusu bu gün də öz qüdrətini artırmaqda və təkmilləşdirməkdə davam edir. Belə bir şəraitdə bu gün revanş çağırışları edən erməni siyasətçilərinin nəyə ümid etdiyini anlamaq doğrudan da çətindir.
Yenə bölgəni təsir və təzyiq altında saxlamağa çalışan və bu məqsədlə ermənilərə saxta himayədarlıq nümayiş etdirən xarici qüvvələrəmi? Bunun səmərəli olmadığı və son nəticədə ermənilərin özlərinin bölgədə mövcudluq maraqlarına öldürücü zərər gətirdiyi artıq sübut olundu. Ermənilər bunu dərk etdikləri zaman Azərbaycan və Türkiyəyə sığınmaqdan başqa bu bölgədə mövcud olmaq şanslarının olmadığını başa düşəcəklər.