Rita Rzaquliyeva: İnsanların bəziləri hələ də qadınların gəmi idarəçiliyində çalışmasını həzm edə bilmir

Müstəqil.Az saytının Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin birgə layihəsi olan “Dənizçi həyatı” layihəsinin budəfəki qonağı, “AXDG” QSC XDND idarəsinin “Hövsan-2” gəmisi kapitanının böyük köməkçisi Rita Rzaquliyevadır.

-Rita xanım, sizinlə Müstəqil.Az saytının Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin birgə layihəsi olan “Dənizçi həyatı” layihəsində həmsöhbət oluruq. Layihəmizdə ayrı-ayrı dənizçilərin həm, iş, həm işdən kənar həyatından söhbət edirik, hazırsınızmı?

-Salam, Faiq müəllim, buyurun hazıram.

Deyin, necəsiz, dəniz sizi yormur ki?

-Şükür Allaha yaxşıyam, dəniz işinə artıq alışmışam. 5 ildən yuxarıdır ki, bu peşədə çalışıram və artıq öyrəncəliyik. Dənizdən çox insanlar adamı yorur. Bir də ki, hamı kimi ev üçün darıxdığına görə növbənin sonunu səbrsizliklə gözləyirsən.

Layhəmizin adından da məlumdur ki, və dediyim kimi söhbətimizdə dənizçilərin sosial şəraitindən, yaşamından, peşə fəaliyyətindən bəhs edəcəyik. Özünüzü dənizsiz təsəvvür edirsizmi?

-İnsan düşdüyü məkandan asılı olaraq hər bir şəraitə uyğunlaşır. Bildiyiniz kimi mən də əvvəlcə idarədə çalışmışam və o şəraitə alışmış olsam da dənizçi formasına olan maraq sonradan məni dənizə apardı və gördüyünüz kimi indi də dənizçiyəm və ağır iş şəraiti olmasına baxmayaraq hələ ki özümü dənizsiz təsəvvür etmirəm.

– Qeyd etdiyiniz kimi bir müddət XDND idarəsində ofis işində çalışmısız. İndi isə üzən heyyətdəsiz. Deyin, dənizçinin həyatı başqa sahədə çalışan insanların həyatından nə ilə fərqlənir?

-Dənizçi həyatı tamam başqa bir həyatdır. Dənizçi həyatı 2-ci  bir ailə həyatıdır. Hamı bir-birinə yaxın, bir-birinin xarakterinə bələd olan insanlardır və buna baxmayaraq ailədə olduğu kimi burda da xırda mübahisələr olur. Təbii olaraq dənizçi peşəsinin ağır və məsuliyyətli olması digər peşələrdən fərqlidir. Uzun müddət yaxınlarından uzaq olmaq, onların dar günüdə və ya şad günüdə yanında ola bilməmək elə işin ən çətin fərqliliyidir. Bir Ana üçün isə bu iki qat çətindir.

– Bəlkə özünüz haqda da qısaca da olsa oxucularımıza məlumat verəsiz… Axı qadının dənizdə, gəmidə işləməsi o qədər də xarakterik deyil.

-1979-cu ildə Bakıda məmur ailəsində anadan olmuşam. Orta məktəbi bitirəndən sonra ailə həyatı qurmuşam. İki ildən sonra avtoqəza nəticəsində ailəmi itirdim və tək övladımla ata evinə döndüm. Təbii olaraq bundan sonra ataya yük olmamaq üçün iş axtarmağa başladım. 2009-cu ildə İDND-yə kuryer kimi işə düzəldim. Dənizçi formasına olan maraqla əlaqədar 2010-cu il tarixdə sənədləri Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumunun 500 r.t. həcmində olan gəmilər üçün“Gəmi sürücülüyü”fakültəsinə verdim və 2011-ci il tarixdə bitirdim. Lakin uzun müddət dəniz sevgisini nahar fasilələri zamanı idarə binası qarşısında olan yan alma körpüsündən seyr etməklə keçirdim. Kadr sahəsində də köməkliyim olduğuna görə dənizçilərlə daha yaxından ünsiyyət qura bilirdim və dənizçilərin mərd və cəsur olduqlarını inanırdım. Ona görə də üzən heyət üzvü olmaq çox maraqlı görünürdü. Nəhayət 2013-il tarixdə ixtisarla əlaqədar üzən heyətə keçmək şansım yarandı və ərizəmlə rəhmətlik rəis Mübariz Mədətov cənablarına müraciət etdim və müsbət cavab aldım. Bundan sonra 721№-li emalatxanada Şkiperin böyük köməkçisi vəzifəsində işə götürüldüm. İki il orda işlədikdən sonra özümü dalğalar qoynunda sınamaq istədim və “Hövsan-2” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsində işə başladım və indiyə qədər həmin gəmidə fəaliyyətimi davam etdirirəm. 2014-cü ildə Astraxan Balıqçılıq Texnikumuna daxil olub 2020-ci il tarixdə “Gəmi sürücülüyü” fakültəsi üzrə orta texniki təhsil aldım. Fürsətdən istifadə edib mənim bu sahəyə işə düzəlməyimə yardımçı olan hər kəsə təşəkkürümü bildirirəm.

Sizdə Dənizə, bu sahəyə maraq hardan əmələ gəldi? Yəni xanımların bu sahəni seçməyi çox təsadüf olur

– Əslində mənim də bu sahəyə keçməyimi təsadüf də adlandırmaq olar,cəsarət də. Mən ərizə ilə rəhbərliyə müraciət edəndə ilk öncə inanmadım ki, razılıq verilsin. Razılıq elə də tez gəlmədi, səhv etmirəmsə bir müddət tərəddüd oldu. Çünki aşbazlardan başqa bu sahədə qadın işçilər çalışmırdı. Sonda razılıq verildi və bu mənim ən sevincli günlərimdən biri idi.

XDND idarəsində artıq təcrübəli dənizçilər sırasında möhkəmlənirsiz. Donanmamızın sizi qane etməyən tərəfləri varmı? Yəni hansı təklifləriniz olar ki, ümumi işimizin xeyrinə olsun?

– Təcrübəli sözü əslində mənim üçün çox tezdir. Mən hələ də öyrənirəm və kapitan olana qədər təçrübə yığmalıyam. Donanmanın qane etməyən tərəfləri odur ki, burda çalışan insanların bəziləri hələ də qadınların gəmi idarəçiliyində çalışmasını həzm edə bilmir. 21-ci əsrdə yaşamağımıza baxmayaraq hələ də qadınların dənizdə  işləməsinə pis baxılır. Rusiyada, Ukraynada, başqa Avropa ölkələrində dənizdə işləyən qadınların zaman getdikcə artması baş verdiyi halda bizdə hələ də dar düşüncəli insanlar olmaqdadır. Belə düşünürəm ki, nə qədər bu sahədə dar düşüncəli insnlar var, dənizçi qadınlar müdafiyə olunmalı və hüquqları qorunmalıdır. Çox çətinliklə bu sahəyə gəlmişəm və istəyirəm öz zəhmətimlə özümə şərait yaradım bir tək uşağımı böyüdüm.

– Rəhbərliklə münasibətlər necədir? Xanım olmağınız işinizə yarayırmı? Yoxsa dəniz işində fərq qoyulmur kişi, qadın olsun.

-Əlbətdə ki, fərq qoyulur. Azərbaycan kişisi hansı sahədə işləməsindən asılı olmayaraq hər zaman qadınların qayğısına qalır və hörmət edir. Bu da bizim milli mentalitetimizdən irəli gəlir. Qadın hansı peşədə çalışırsa çalışsın zərif məxluq sayılır və hörmət edilməlidir. Sağ olsun mərd Azərbacan kişiləri.

– Sualım yenə də xanım olmağınızla bağlıdır. Bilirik dənizçilər mərd olduqları qədər də kobud olurlar, ifadə tərzləri və sair, sizə qarşı heyyətdə hər hansı bir qanqaraldıcı, yaxud xatirinizə dəyən münasibət hiss etməmisiz ki?

-Bu sual mənim çox ağrılı yerimdir. Deməzdim dənizçilər hamısı kobuddur, amma bundan öncə vurğuladığım kimi aralarında kobudları da var, mədəniləri də. Meşə çaqqalsız olmaz deyiblər. Şir ürəyli oğlanlarımız imkan verməz çaqqalar at oynatsın. Ona görə də yalan şaiyələr gəzdirib qadını hörmətdən salmaq istəyən dar düşüncəli insanlar var və çox təəsüf ki, bunların əksəriyyəti komandir heyətindəndirlər. Onlar da bilməlidirlər ki, nə vaxtsa onların da yaxın qadın qohumu bu sahədə işləyə bilər və onun da arxasnca da belə yalan şaiyələr deyilə bilər. Heç bu sahədə işləməsə də başqa sahədə işləsə də onun qadını, yaxını haqda belə sözlər deyilə bilər. Fikirləşsinlər ki, özləri kimi əxlaqsız, yalan söz söhbət gəzdirən insanlar hər yerdə ola bilər. Heç kim, heç nə əbədi deyil və bundan söğortalanmayıb. Hər kəs yaydıqları yalan şaiyələrin hesabını verəcək. Kişi şayiə yaymaz, xüsusilə yalan şayiə. Əgər mən bu gün bu çətin peşəni seçmişəmsə bu mənim cəsurluğumdur və o məxluqlar bilsinlər ki, mən bu işimdə inadlıyam və heç bir şayiə məni doğru yoldan döndərə bilməz.

– Rita xanım, siz həm də valideyinsiz, anasız, bir övladınız var, dənizdə olmaq sizi analıq borcundan uzaqlaşdırmır ki?

-Mənim 14 yaşında bir tək oğlum var və onunla kirayədə yaşayırıq. Mən növbəyə gələndə məcbur oluram oğlumu nənəsigildə qoyum. O da mənə deyir ki, “sən mənim evdə anamsan, işdə atam”.Əlbətdə ki, analıq borcunu yerinə yetirmək çox çətindir. Təsəvvür edin ki, oğlum 9 yaşından növbədən növbəyə nənəsigildədir. Onun anaya ehtiyacı olduğu zaman yanında ola bilməmişəm. Baxmayaraq ki, daha çətin durumlarda rəhbərlikdən icazə alıb yardıma yetişə bilirəm. Amma bu hər zaman belə olmur. Bəzən sahildən kənar olan vaxtlarımız da olur. Ehtiyaclarını vaxtı-vaxtında qarşılaya bilməmişəm. Bir valideyn kimi təhsilində köməklik göstərə bilməmişəm və.s. Bütün bunlarla yanaşı sözünə, özünə sahib çıxa bilməyənlər var ki, idarədə işləyən yaxın qohumuna, nə bilim, guya kişi olmağına güvənib ağızlarının seliyini dağıdırlar.

– Bizim təzə dövlət qeydiyyatından keçirdiyimiz Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin fəaliyyətini bir rəhbər dənizçi olaraq necə görürsüz? Biz nə etməliyik ki dənizçilərimizə dəstək ola bilək?

-Mənim bu gün ən böyük problemim evsizlik problemidir. Belə bir qrumun  DSD İB yaranması dənizçilərə çoxdan lazım idi. Dənizçilərin sosial şəraitini yaxşılaşdıracaq hər hansı bir təşkilatın yaranması təqdirə layiq haldır və inanıram ki, Sizin rəhbərliyinizlə bu Birlik özünü subut etməklə çox böyük bir dənizçi kütləsini özündə cəmləşdirəcək. Yaxşı olardı ki, DSD İB ilk öncə dənizçilərin bir nömrəli problemi olan bu problemə dəstəyini yönəltsin. Gəmiçilik ev tikintilərinə başlasın və ev növbələri yaradılsın. Bizim dənizçilərin təklifini rəhbərliyin qarşısında qaldıra bilsin. Elə bilirəm ki, Siz bu təkklifləri rəhbərliyin qarşısında səsləndirə biləcəksiz.

Mən niyə belə deyirəm və buna inanıram? Çünki idarəmizdə azsaylı insanlardansınız ki, həmişə şahidi olmuşam sözün düzünü demisiz, əxlaqlısız, hər kəslə öz xarakterinə uyğun danışmağı bacarırsız. Amma bütün bunların çətin olacağını da bilirəm…

-Haqqımda xoş sözlər dediyinizə görə sağ olun, və müsahibəyə vaxt ayırdığınıza görə də ayrıca təşəkkür edirəm.

-Siz çox sağ olun ki Gəmiçiliyin üzən heyətində çalışan yeganə xanım işçisini diqqətdə saxladınız və müsahibə aldınız. Sizə və kollektivinizə bu çətin mərhələ dövründə bütün işlərinizdə uğurlar arzulayıram.

Söhbətləşdi: Faiq Balabəyli

 

Share: