“Viking Line” şirkətinə məxsus “Viking Grace” kruiz gəmisi Norsepower kimi tanınan rotorlu yelkən sisteminin sınaqlarından uğurla çıxıb.
Müstəqil.Az xəbər verir ki, rotorlu yelkənlər fizikada Maqnus effekti kimi tanınan prosesin hesabına hərəkətə gəlir. Bu tip yelkənlər gəmiyə əlavə külək qüvvəsi verir. Bu da öz növbəsində onun enerji baxımdan effektivliyini artırır və yanacaq sərfiyyatını azaldır.
“Viking Grace” dünyada rotorlu yelkənlə təchiz edilən ilk sərnişin bərəsidir. Bu barədə şirkətin açıqlamasında deyilir: “Biz 3 ildir ki, bu sistemi test edirik və bundan sonra da öz gəmilərimizdə ekologiya üçün optimal ola biləcək üsulları tətbiq etməyə hazırıq. Bizim «Viking Glory» adlı yeni gəmimiz də bu tip yelkənlərdən istifadə edə bilər.”
Norsepower ilk sınaqdan çıxmış və kommersiya baxımdan əlçatan olan mexaniki yelkəndir. Uyğun hava şəraiti olduqda yelkən gəmi heyətinin iştirakı olmadan avtomatik işə düşür.
Hazırda Norsepower rotorlu yelkəni 4 gəmidə və 1 hibrid bərədə quraşdırılıb. İstehsalçının dediyinə görə, yelkən istifadə olunarkən yanacaq sərfiyyatı 20 faiz azalır.
“Seanews.az”