Ruben Vardanyan: kriminal işbaz, yoxsa layihə?

Ruben Vardanyan: kriminal işbaz, yoxsa layihə?

Erməni əsilli Rusiya vətəndaşı, milyarder Ruben Vardanyan  “sülhməramlıların” müvəqqəti nəzarətində olan Qarabağ ərazilərinə  köçüb.  Sosial şəbəkələr üzərindən paylaşımında qeyd edib ki, “bu qərarı  müstəqil şəkildə qəbul edib”, “imkansızlıq içində boğulan xalqının yanında olmaq istəyib”.

 

Sözlərindən belə çıxır ki, əlində olan vəsaiti Qarabağda yaşayan soydaşlarının sosial-iqtisadi durumlarının yaxşılaşdırılması üçün xərcləyəcək. Məqsədlərini reallaşdırmaq üçün “Artsax Təhlükəsizlik və İnkişaf Fondu” da yaradıb.

Yalan, riyakar açıqlamadır. Ruben Vardanyanın Qarabağa gəlişinin rəsmən elan etdiyi səbəblərlə bağlılığı çox azdır. Ötən illərdəki fəaliyyəti göstərir ki, onun sərmayəsi qanunsuz  dövriyyələrdən formalaşıb. “Çirkli pulların yuyulması”nda, qanunsuz silah alverində və narkotik alverində iştirak edib.  İndiki addımları isə onun maxinasiyalarının yeni dövrə uyğunlaşdırılmış davamıdır. OCCRP ( Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi)  2019 cu ilin  mart ayında açıqladığı hesabatında  Rusiyada yaşayan erməni əsilli oliqarxların fəaliyyətinə də  toxunub. Onların  Ermənistandakı oliqarxlarla müştərək  şəbəkələrindən bəhs edib. Qeyd edilib ki, bu şəbəkə Rusiyada “çirkli pulların yuyulması”nda rol alıb. Özlərinə məxsus investisiya bankı vasitəsi ilə ölkədən 9 milyard dollarlıq vəsaitin çıxarılmasını təşkil ediblər. Hesabatda  şərti olaraq “Troyka  pulyuyan maşını” kimi təqdim edilən  bu sxem korrupsiyaya bulaşmış Rusiya oliqarxlarının, siyasətçilərinin çirkli pullarının yuyulması, vergidən yayınması, mülklərinin  xaricdə gizlədilməsi kimi fəaliyyətlərdə ittiham edilir. 53 yaşlı oliqarx milyarder, “Troyka Dialoq” investisiya şirkətinin keçmiş sahibi olan Ruben Vardanyan isə bu şəbəkənin açar fiqurlarından biri kimi təqdim edilib. Əlavə edilir  ki, “şəbəkə”  Rusiyanın hakim elitası ilə sıx əlaqəlidir.

Məsələ ondadır ki, çirkli pulların yuyulması,  narkotik dövriyyəsi və qanunsuz  silah alveri  ilə məşğul olan bu quldur öz fəaliyyətinin bir qismini vaxtilə işğal altında olmuş Azərbaycan torpalarında gerçəkləşdirib. Qarabağın təbii resurslarının talanıb daşınmasında  rol alıb. Qarabağdakı  talanları isə təkbaşına gerçəkləşdirməyib. Bu işdə ortağı olan, əslən Livanlı,  paralel şəkildə  Kanada , ABŞ vətəndaşılığı daşıyan  milyader erməni Nubar Afoyanla müştərək hərəkət edib. Yaxın Şərq regionunda  qanunsuz silah alverçisi kimi tanınan  bu cütlük həm də işğal altında olan Azərbaycan torpaqlarının  qeyri-qanunu məskunlaşdırılmasında aktiv iştirak ediblər     ( https://yeganahajiyeva.com/2020/09/25/erm%C9%99nil%C9%99rin-rusiya-maliyy%C9%99si-hesabina-dagliq-qarabagda-apardigi-qanunsuz-m%C9%99skunlasma-siyas%C9%99ti/ ) . Suriya və Livandan erməni ailələrinin köçürülüb Qarabağda yerləşdirilməsi prosesinə potranajlıq ediblər. Ruben Vardanyan Qarabağda “ekoloji kənd salınması” layihəsini icra edib. Humanitar fondlar adı altında formalaşdırdığı təsisatlar Dağlıq Qarabağ, Livan və Suriyada erməni kəndlərinin salınmasına, kilsə  və məktəblərinin tikilməsinə, erməni abidələrinin restavrasiya olunmasına  vəsait ayırıb. O, mesenat kimi məşhurlaşıb. Nubar Afoyan və Ruben Vardanyanın həmtəsisçi olduqları  “Avrora Humanitar Təşəbbüsü” qrupu beynəlxalq donor təşkilatların maliyyə yardımından faydalanaraq, Livan ermənilərinin Qarabağa köçürülməsi üçün əlavə maliyyə qaynaqları təşkil ediblər.  “Avrora Humanitar Təşəbbüsü” rəsmiyyədə humanitar təşkilat kimi təqdim olunasa da, daha çox erməni yalanları və qondarma erməni soyqırımının tanınması üçün fəaliyyət göstərib. Türkiyəyə  qarşı sanksiyaların tətbiq olunması mövzularının təbliğatçısı kimi tanınıb. Bu baxımdan soydaşları arasında özü üçün müsbət imic formalaşdırıb. Ruben  “Rusiyalı biznesmen olsa da, daha çox erməni milləti və onun gələcəyi üçün xidmət göstərən şəxs” kimi tanınıb.

Əsl gerçəklik isə budur ki, Ruben özünün  qanunsuz bizneslərini mesenatlıq adı  altında pərdələyib. “Azadlıq Radiosu” OCCPR-ə istinadən hazırladığı   “Troyka Camaşırxanası:  Ruben Vardanyan yeni simada” başlıqlı məqalədə qeyd edir ki, rusiyalı milyarder əslində xeyriyyəçilik adından sui-istifadə edib: “O, milyonlarla vəsaiti  məktəblərə, mədəniyyət müəssisələrinə yardım etmək adı altında leqallaşdırıb və mənimsəyib ”(  https://www.rferl.org/a/troika-laundromat-accusations-cast-millionaire-vardanyan-in-new-light/29803011.html  ). Ruben məxvi biznesini, qanunsuz vəsaitlərini  realizə etmək üçün “Qarabağ layihəsin”dən də faydalanıb. Bölgəyə bugünkü transferi də həmin proqramın davamıdır.

Rusiya Ruben Vardanyanı niyə Maltaya deyil, Qarabağa transfer edib?

Rusiya –Ukrayna müharibəsi fonunda rusiyalı oliqarxlar üçün ciddi problemlər yaranıb. Qərb mərkəzləri müdafiə və enerji sənayesinə, beynəlxalq nəqliyyat marşrutlarına  aidiyyatı olan Rusiya şirkətlərinə və  oliqarxlara qarşı sanksiyalar tətbiq ediblər. Ukrayna tərəfi Qərbdən aldığı dəstək fonunda Rusiya oliqarxlarına qarşı Qərbin sanksiyalarının tətbiqini stimullaşdırıb. Sanksiyaya məruz qalan şirkət və şəxslərin sayı getdikcə artır. Məsələn, “Forbes” yazır ki,  Avropa İttifaqının sayca altıncı olan  sanksiyalar paketinə 80-dən artıq  rus “oliqarxı”nın adı təqdim edilib ( https://www.forbes.ru/biznes/467381-makron-anonsiroval-sankcii-protiv-80-rossijskih-oligarhov ). Bu, yalnız bir paketdə əhatə olunan oliqarxların sayıdır. Digər paketlər sanksiyaya məruz qalan oliqarxların  kəmiyyətini daha da  artırır. Onu da vurğulayaq ki, müharibənin başlanmasından bu günə qədər 10-dan artıq Rusiyalı oliqarx müəmmalı şəkildə dünyasını dəyişib. Bir sözlə, Ukrayna müharibəsi Rusiyalı oliqarxlar üçün bir növ  fəlakətə çevrilib. Məlumatlarda qeyd edilir ki,  Kiyevdə olan yaxın adamları Rubenə  Qərbin sanksiyalarına düşəcəyi  təhlükəsi barədə xəbərdarlıq ediblər.

Ruben Vardanyanın Qarabağa köçməsi, Rusiya vətəndaşlığından imtina etməsi də belə sanksiyalardan yayınmaq cəhdi kimi təqdim edilir. Amma o, sosial şəbəkələrdəki çıxışlarında dediklərinin əksinə olaraq, bu qərarı təkbaşına verməyib. Təhlilçilər Rubenin Qarabağa transferini  Rusiyanın layihəsi kimi dəyərləndirirlər. Bildirilir ki, o, Qarabağda təkcə öz canını, varidatını qorumayacaq. Həm də  Rusiyada əməkdaşlıq etdiyi oliqarxlar şəbəkəsinin  pullarını xilas etmək üçün ezam bu bölgəyə edilib. Qarabağda xeyriyyəçilik adı altında yenidən  qanunsuz vəsaitlərini realizə etməyi planlaşdırır.

Amma istənilən halda, səbəb nə olursa-olsun, Rusiyanın sülhməramlı missiya yerinə yetirdiyi bir məkanı özünün oyunlarına alət etməsi narahatlıq və narazılıq  doğurur. Məsələ ondadır ki, Ruben Vardanyan əvvəllər işğal altında olmuş Azərbaycan torpaqları ilə yanaşı, Maltada da qanunsuz biznes şəbəkəsinə sahib olub. Maltadakı biznesi hələ də mövcuddur  və imkanları daha genişdir. Məşhur “The Shift” nəşri 2021-ci  ildə “Maltada vətəndaşlıq almış şəxslərin  son siyahısın” barədə məqalə yayıb.  Rusiyada söz shibi olan 5 nəfərin də  adını məqalədə qeyd edib.

Nəşr yazır ki, onlar məşhur biznes adamları olmaqla yanaşı, həm də  adları korrupsiya və qanunsuz dövriyyələrdə hallanan oliqarxlardlrlar. Xüsusilə hakim komandaya məxsus şəxslərin  çirkli pullarının yuyulmasında iştirak etdikləri bildirilir. Bu sırada Rubenin adı ilk yerlərdə dayanır.

Maraq doğuran məqamlardan biri odur ki, Rusiya Rubeni  nə üçün  geniş imkanlara malik olduğu Maltaya deyil, məhz Qarabağa  yönləndirir? Əgər niyyət Ruben Vardanyanı sanksiyalardan qorumaq, toxunulmaz saxlamaqdırsa, bunu maltada etmək daha rahat olardı.  Belə nəticə çıxır ki, çoxbaşlı plan hazırlanıb və icra edilir. Rubenin Qərb mərkəzləri ilə ikibaşlı münasibətləri bu ehtimalları daha da artırır.

Qərb Ruben vardanyan şəbəkəsinə niyə göz yumur?

Sənədlər göstərir ki, Rusiyanın əksər milyarderlərinə qarşı  Qərb tərəfindən sanksiyalar tətbiq olunub. Yerdə qalanlar haqqında da ciddi araşdırmalar gedir. ABŞ Ədliyyə Nazirliyi bu sahədə əlahiddə iş başlayıb, Qərbin sanksiyalarından yayınmağa cəhd edən “rus oliqarxlarının” adlarını araşdırır. “Forbes” yazır ki, ABŞ prokurorları “Rusiya oliqarxlarının” Qərb sanksiyalarından yan keçməyə çalışdıqlarına dair sübutlar tapıblar ( https://www.forbes.ru/milliardery/461203-v-minuste-ssa-zaavili-o-popytkah-rossijskih-oligarhov-izbezat-zapadnyh-sankcij ).

Rusiyaya qarşı tətbiq edilən sanksiyaların monitorinqini aparan “Trap Aggressor” analitik qrupu isə məlumat yayıb ki, ən məşhur 10 nəfər  rus oliqarxının yarısı hələ də sanksiyalar altında deyil  (https://www.epravda.com.ua/rus/news/2022/08/5/690060/ ). Qrup sanksiyadan kənarda qalan milyarderlərin adlarından ibarət siyahı tərtib edib. Burada  Vladimir Lisin, Vladimir Potanin, Pavel Durov, Leonid Mixelson, Andrey Melniçenko və Vahid  Ələkbərovun adlarını çəkib. Amma maraqlıdır ki, araşdırmaların heç birində Ruben Vardanyanın adı keçmir. Bəs Ruben Vardanyan niyə kənarda qalıb, hansı səbəblərdən sanksiya tətbiqindən yayındırılıb? Axı o ən ağır formalı qlobal cinayətlərdə ittiham olunub, silah qaçaqmalçılığı, narkotik dövriyyəsində, çirkli pulların yuyulmasında şübhəli bilinib.  Almaniya Federal Kriminal Polis İdarəsi və Frankfurt dövlət prokurorluğu bu yöndə ciddi arqumentlər aşkarlayaraq təqim ediblər. Buna rəğmən “sehirli əllər” erməni oliqarxları sanksiyalardan kənar tuta bilirlər.

Problem ondadır ki, Avropanın aparıcı təsisatlarının da mövzuya yanaşması anlaşmazdır.  Avropa Şurası Parlament Assambleyasının  Hüquq məsələləri və insan hüquqları Komitəsinin  2019-cu il aprelin 11-də Strasburqda keçirdiyi toplantısı bu baxımdan yaxşı nümunədir. Komitə hollandiyalı deputat Mart van de Venin məruzəsi əsasında özünün «Korrupsiya maşını: mütəşəkkil cinayətkarlığa və çirkli pulların yuyulmasına qarşı beynəlxalq təhlükələrə reaksiya» adlı sənədini qəbul edib. Çox maraqlıdır ki, həmin araşdırmaların fonunda  Ruben Vardanyan və “Troyka pulyuyan maşını” barədə kifayət qədər sübutlar toplanılsa da, yekun bəyanatda öz əksini tapmayıb. Belə şübhəli yanaşmalar bu gün də davam edir,  erməni əsilli oliqarxları qlobal sanksiyalardan kənar saxlayır.

“Azadlıq Radiosu”  “Troyka Camaşırxanası:  Ruben Vardanyan yeni simada” başlıqlı məqalədə erməni əsilli oliqarxın  fəaliyyətinə aid bəzi nüanslara diqqət çəkib. Onun  “ABŞ-dakı Harvard Biznes Məktəbinə qədər mükəmməl təhsil yolu keçmsinə” toxunub. Vurğulayıb ki, ABŞ-da aldığı təhsil, digər Qərb ölkələrində keçdiyi təkmilləşdirmə kursları  “Vardanyana yaxşı imic qazandırıb, onun Qərbpərəst imicini formalaşdırıb”. Ruben bu imicindən faydalanaraq Qərb çevrələrində yaxşı əlaqələr qura bilib, Avropanın “mötəbər qurumlarına” yol tapıb. Bu məötəbər qurumlarla Rusiya oliqarxları arasında vasitəçilik edib.

Məntiqi nəticə çıxır ki, Ruben Vardanyan təkcə Rusiya üçün deyil, həm də Qərbə məxsus  fərqli çevrələr üçün çalışır. “Qarabağa əlahiddə status almaq istəyən” qüvvələrlə bağlılğı da istisna edilmir. Onun Qarabağa gəlişi ilə Qarabağa əlahiddə status tələb edənlər arasında bağlılıq sezilir.   Qarabağa əlahiddə status verib ofşor zonaya çevrmək istəyinin elementləri görünür. (Bax: şəkil-3: Ruben Vardanyan  “Qarabağ separatçılarının lideri Aitunyanla birgə ).

Yeganə Hacıyeva

Müşfiq Ələsgərli

 

Share: