Müstəqil.Az Zamin Hacını “Zəhləm gedir səndən” adlı yazısını təqdim edir.
Deyəsən, mənim altşüurumda “əkrəmləşmə” prosesi getməkdədir – son zamanlar əcaib, destruktiv, təxribatçı yuxular görməkdəyəm. Öncədən özümü sığortalayım, yuxularımın destruktivliyi dövlətçiliklə, milli siyasətlə bağlı deyildir, sırf şəxsidir. Yəni, bu yuxular mənim özümün qəlbimi parçalayır. Kaş bir tonqal olsa, pis yuxuları yığıb yandırsaq…
Üç-dörd gün qabaq yuxuma kim girsə yaxşıdır? Ağıla gəlməz. Lap söz oyunu olmasın, yatsanız yuxunuza girməz: Balabanov. Ünlü sovet-rus kino rejissoru Aleksey Balabanov. Mən Qarabağın vaxtilə işğal edilən ərazisində doğulmuşam, yuxuda gördüm ki, Balabanovla birgə kəndimizin yaxınlığındakı “Göl yeri” adlı ərazidə gəzişirik. Ona müharibənin evimizi necə dağıtdığını danışıram. Bu zaman yarğandan erməni tankı çıxır. Uzun yuxu idi, təəssüf, həmişə olduğu kimi oyanandan sonra ardını yadıma sala bilmədim.
Təbii ki, Balabanovun yuxuma girməsi onun filmləri haqda son zamanlar çox düşünməyim üzündəndir. Əgər kimsə “bu gün Rusiyada, Ukraynada, dünyada nə baş verir?” sualını verirsə, Balabanovun “200 nömrəli yük”, “Mən də istəyirəm”, “Ocaqçı” kimi filmlərinə baxmalıdır. O zaman bir çox əhvalatların səbəbini anlamaq olar. Xüsusilə “200 nömrəli yük” filmi. Bu filmi SSRİ-nin pasportu da adlandırmaq olar.
Ancaq qəribədir ki, hazırda şimal qonşumuzun ərazisində Balabanovun tamam əksyönümlü “Qardaş” film seriyası populyardır. Ruslar bu filmdəki antiamerikanizmə sözün əsl mənasında aşiqdirlər.
Bir insanın, yaradıcı şəxsiyyətin daxili aləmindəki ziddiyətləri, 180 dərəcə fərqli baxış bucaqlarını Balabanovun simasında görmək olar. İnsana müsbət və ya mənfi canlı olaraq baxmaq düzgün deyil, onun milyon dənə istiqaməti, çalarları, xasiyyətləri, siması var – Balabanov bizə bunu öyrədir. Qəddarcasına. Bəşəriyyətə nifrət doğuraraq.
Lakin bəşəriyyətin psixologiyasındakı bu bipolyar pozuqluğun, şizofrenik dualizmin, nə bilim, canım sənə desin, gicqulu dialektikanın (buradakı gicqulu sözünü rəhmətlik dostumuz Elçin Səlcuqun leksikonundan əxz elədiyimi yazmaq vəfa borcumdur) yerli, milli örnəyi dura-dura, niyə ilham atımızı uzaq şimalın qarlı-çovğunlu, şaxtalı-ayazlı bataqlığına sürməliyik? Hər dövrün öz aşığı, Homeri, Dədə Qorqudu olur. Bizim dövrümüzün salnaməsini də Rüfət Nasosnu yaradır. Gəlin onun gözəl mahnılarından birinə baxaq:
“Ay mənim balım, şəkərim,
Naz elə, nazını çəkərim.
Sən mənim ikinci özümsən,
Hər gün birinci sözümsən.
Çox incidirsən sən məni
Baxma ki sevirəm mən səni,
Zəhləm gedir səndən!”
Məncə bu mahnı Rusiya-Ukrayna, İsrail-Fələstin, lap elə Azərbaycan-Ermənistan münasibətlərinin dəqiq təsviridir. Necə olur ki, bir-birinə çox yaxın, qonşuluq, qohumluq, folklor, yemək-içmək, musiqi-filan bağlarıyla sarılmış toplumlar qəfildən davaya başlayır? Bəli, Rüfət bəy demişkən, baxmayaraq sən mənim ikinci özümsən, səni sevirəm, ancaq zəhləm gedir səndən. Burada lirik duyğuların zirvəsi, dramaturji dillə yazsaq, kulminasiya nöqtəsi “sən mənim ikinci özümsən” cümləsidir.
Biz hamımız haçansa uşaq olmuşuq, yaxşı yadımızdadır ki, sinifdə ən çox sevdiyimiz qızı (oğlanı) hamıdan çox incitmək istəyərdik. İlk məhəbbət guya ən pak, platonik eşqdir, ancaq onun içində nifrət olur. Özündən demək olmasın, şəxsən mən 3-cü sinifdə oxuyanda istədiyim qızın təpəsini daşla yarmışdım. Uzaq məsafədən. Sevmədiyim insan olsa o qədər dəqiqliklə vura bilməzdim, buna adım qədər əminəm.
Burada afyorizm yazmaq, daha doğrusu, quraşdırmaq lazımdır, yoxsa oxucular müəllifə qəti hörmət eləməz: “Müharibələr bəşəriyyətin, xalqların bir-birinə olan infantil sevgisinin nəticəsidir”.
Ümumiyyətlə, Rüfət Nasosnunun yaradıcılığında belə motivlərə tez-tez rast gəlinir. Məsələn, onun başqa ünlü sənət əsərində belə misralar vardır:
“Mən bu cür davam edə bilmərəm,
Ya vur məni öldür, ya da,
Bağışla, ay dəli sevgilim, bağışla,
Səni gözlətdim yağışda”.
Qızı sevir, həm də onu yağışda isladır. Gah xalqın qızına dəli deyir, gah qatil olmağa səsləyir, deyir davam edə bilmərəm. Tam əlacsız vəziyyətdir. Xilas yolu yoxdur.
Açığı, mən də artıq bu yazıya davam edə bilmirəm, bağışlayın.