Ruhaniyyat İnsanlığın    gerçəkləşməsidir -Soylu Atalı yazdı

Ruhaniyyat İnsanlığın    gerçəkləşməsidir -Soylu Atalı yazdı

(Bibliya üstə düşüncələr –

Fəlsəfi-ruhani araşdırma)

Bu yazı İnsanlıq axtarışlarının doğru, əyri yönlərini araşdırmaq üçün bir çabadır. Biz hər bir kitaba, olaya yanaşmada Asif Atanın yaratdığı Mütləqilik ölçüsü ilə baxmağa çalışırıq.

Xalqların öz içində Tanrısal sistemə yanaşmalarından doğan dün­ya­görüş məsələləri İnsanlığın keçdiyi keşməkeşli yolları tanımaqda yardımçı ola bilib, ancaq bütövlükdə İnsanlığı anlamağa yardımçı ola bilməyib. Çünkü heç bir dünyagörüş İnsanlığı hədəf olaraq götür­məyib. Bu nə ilə bağlıdır?! Bəlkə dağınıq toplumların birgə yaşayı­şını nizama salmaq üçün ayrı yollar qaçılmaz olub?! Bəzən araşdır­maçılar deyirlər: keçmişin nizamsızlığını qiymətləndirərkən, ona bugü­nün məntiqi ilə, ölçüsü ilə yanaşmaq doğru deyil. Çünkü o dövr başqa idi, bu dövr başqa. Biz bu deyilişi gözardı eləmirik. Bununla belə, bu deyilişi ölçü kimi də götürmürük. Bəşəriyyətin mədəni, mənəvi gəlişməsində aşamalar qarşısıalınmazdır. Bu gedişi, doğal olaraq, anlamaq olar. Yaşamın nizamı sıçrayışla başa gəlməz. Dirçəliş (ərəbcə təkamül) aşa­ma­larla özünü göstərir. Olsun! Əgər belədirsə, onda dünya­gö­rüşlərin nisbi ideyalarını ələşdirmək (tənqid etmək) yanlış olmazmı?! Bir yandan da düşünmək olar, axı ələşdirmə olmadan Gəlişmə (inkişaf) də olmazdı. Bəs onda durum necə dəyərləndirilməlidir?! – Düşünürük, keçmişin yanlışları, əksikləri keçmişin özü üçün ələş­diril­mir. Çünkü keçmişi dəyişmək artıq mümkünsüzdür. Deməli, ələşdirmə gələcək üçündür. Başqa sözlə, gələcək soylar keçmişi olduğu kimi təkrarlamalı deyillər, dərs götürməli, yenilənməlidirlər. Yəni keçmişi ələşdirmə gələcək üçün yol açmaqdır.

Bu deyilənlər toplumsal, siyasal gedişlər, davranışlar üçün doğru, bəs ruhaniyyat üçün necə? Axı ruhaniyyat – İnsanlığın gerçək­ləşməsidir. Burada ələşdirmə üçün yanlışlar çox olacaqsa, bəs adı niyə ruhaniyyatdır?! Axı ruhaniyyat siyasal davranışlar doğurma­malıdır. Doğura bilərsə, bəs ruhaniyyatla siyasətin ayrıntıları nədir?! – Bu sorğulara aydınlıq gətirmək üçün Göyel dinlərin ruhaniyyat adına ortaya gətirdikləri dünyagörüşlərə baxmaq gərəkir. Çünkü dərinə gedəndə bəlli olur, bu dünyagörüşlər ruhaniyyat elan edib, daha çox siyasətlə uğraşıblar.

Burada biz ən çox Göyel (səmavi) dinlərin ilkini olan İudaizmin qutsal kitabındakı faktlara üz tutub tutuşdurmalar aparacağıq. Bu faktların İnsanlığa nə dərəcədə işıq tutması, ya da tərs olması ilə bağlı düşüncələrimizi bildirəcəyik. Üç din – İudaizm (buna Musəvilik də deyilir), Xristianlıq, İslam Göyel dinlər sayılır. Hər üçü semit düşüncəsinin ortaya qoyduğu baxışdır. Bunlardan ikisi, İudaizmlə Xristianlıq, yəhudi dünyagörüşü olmaqla, bir kitabda – Bibliyada sistemləşibdir. İki parçadan oluşub: Əhdi-Ətiq, Əhdi-Cədid. Birinci parçaya Tövratla Zəbur da özgün olmaqla, yəhudilərin ruhaniyyat sistemi adını vermək olar. İkinci parçaya isə, Xristianlığın qutsal kitabı sayılan İncil özgündür. Göyel dinlərdən üçüncüsü, İslam, ərəb dünyagörüşü kimi gerçəkləşmişdir. Qutsal kitabı Quran olan bu dünyagörüş Xristianlıq kimi geniş coğrafiyada yayılmışdır.

Biz bu yazıda əsasən ilk Göyel din olan İudaizmin, daha doğrusu, onun qutsal kitabı Əhdi-Ətiqin üzərində dayanacağıq. Yuxarıda vurğulanan sorğuları da, bu kitabın məntiqlərinə aydınlıq gətirməklə cavablandırmağa çalışacağıq.

Öncə İudaizmin yarandığı tarixi ortamı gözdən keçirək. Bu kita­bın danışdığı dövr əsasən Misirdə Fironluq dönəmindən üzü bu yana olan tarixi qapsayır. Özü də vurğu edirik, tarixi. Ondan öncəki çağ­larla bağlı kitabda deyilənlər mifik tarixdir. Bu tarix, Tanrıçılıq inan­cında, yaranışla bağlı deyilənlərdən mənimsənilibdir. Bir az da İsrail­lilərin soy şəcərələrinin formalaşa bilməməsinin, yerdəyişmələr elə­mə­sinin tarixi göstərilibdir. Bu elə bir tarixdir, gerçək elmi tarixlə ziddiyyət əmələ gətirir. Burada bəşəriyyətin icma dövrü bilinmir. İsraildə tayfalar əmələ gəlir, sonra bölünür, sonra xalq əmələ gəlir. Quldarlıq münasibətləri ortaya çıxır.

Gözə alsaq, bu bir din kitabıdır, ondan ciddi elmi-tarixi araşdır­malar ummaya bilərik. Ancaq tarixi ortamı elə mifləşdirir, kitabın ruhaniyyat adına iddia eləməsi də sorğu altına düşür. Çünkü ruhaniyyat – insan varlığının, münasibətlərinin, konkret xalqda, bəşər səviyyəsinə qalxması kimi dərk oluna bilər. Biz isə, kitabı oxuduqca, bu dediyimiz səviyyəni izləyib aydınlığa yetə bilmirik. Tayfalar necə yarandı, Bütlər necə yarandı, bilinmir. Adəmdən Nuha qədər olan aralıqda əsasən şəcərə sadalanır. Sonra Nuhda bir olan Allah ideyası ortaya çıxır. Sonra Allahın insanlarla çəkişməsi, qovğası, davası izlənilir.

Bu kitabda görünən odur, Göy Tanrıçılıqdan Tanrı ideyası ayrı-ayrı düzəlişlərlə (korrektələrlə) mənimsənilib, sonra adamabənzər bir qüvvə milli Allah baxışı kimi formalaşdırırlıb. Bunu anlamaq olar. Quldarlıq Quruluşu deyilən bir çağda, heyvan sürüsü kimi doğulub, aradan getməyin qarşısını almaq üçün bu cür axtarışların çox böyük önəmi olmuşdur. Aclıq, quraqlıq tayfalar şəklində yaşayan insanları elədən-elə, belədən-belə səpələyirdi. Elm gəlişməmiş, doğanın ola­naq­ları (təbiətin imkanları) doğru, düzgün qullanılmırdı. Aclığa uğrayan tayfalar, istər-istəməz, verimli torpaqlarda oturuşmuş, güclü yönətimə yiyələnmiş toplumların tabeliyinə girirdilər. Ancaq koşul­lar olduqca ağır idi – vergilər çox, ödəmək olanaqsız. Üstəlik, adam yerinə qoyulmayanlar üzünü, kimliyini itirirdilər. İsrail oğulları belə bir aqibətlə üzləşmişdilər. Başıpozuqluq, barbar düşüncə onları Misir fironlarının əlaltısına çevirmiş, qul ömrü yaşamağa sürülmüş­dülər. Bu elə çağ idi, hər şeyə doğal baxılırdı. Hər kəsin aqibətinin tanrı­ların hökmü ilə qurulduğu düşünülürdü. Amansız yaşamın pən­cə­sində sıxılmağın nədənini insanların mənəvi geriliyində, ədalət­siz­liyin, vicdansızlığın insan əməllərinə bağlı olmasında axtarmır­dılar. Gerçəklik bütün aydınlığı ilə ortalıqda olduğu halda, hər bir yanaş­maya mifik don geydirilir, yaşam fantaziyalarla bəzədilirdi. Belə bir küt, axmaq gedişin içində başqa bir şüurun gəlişməsi olanaqsız idi. Bu üzdən belə bir ortamda Musanın ortaya çıxıb öz toplumunu topar­lamasını hünər faktı adlandırmaq olar. Ancaq qutsal fakt saymaq olmaz. Nədən olmaz? – Bununla bağlı kitabın sərgilə­diyi bilgilərə dayanıb aydınlıqlar gətirməyə çalışacağıq. İndi isə başqa bir məsələ­yə aydınlıq gətirmək gərəkir. Biz nədən bu kitaba üz tutduq, bu dünyabaxışı araşdırmaq istəyinə düşdük? – Bu gün türk ulusumuz içindən yıxılmış durumdadır. Ancaq düşünürük, yıxıldığı nöqtəni bəlli edib dəyərləndirə bilmir. Başqa sözlə, düşdüyü fəlakətlərdən dərs götürə bilmir – necə toparlansın, necə qorunsun?! Bizə görə, çözülməsi baxımından, bu düşüncənin kökündə ruhaniy­yat məsələsi dayanır. Ancaq toplumumuzun üzdə olan kəsimi elə düşünür, qurtu­luş yolu – elmi biliklərə yiyələnib iqtisadi gəlişmələri təmin etmək­də­dir. Biz elmin gəlişməsinə tərs düşüncədə deyilik. Bu gəlişmə qar­şı­sıalınmazdır. Ancaq insanlığın qurtuluşu elmi gəliş­mədə deyil. Elmi gəlişmə insanların təcrübi-gerçəkçi biliklərini geniş­ləndirir, ancaq onu mənəvi nizam oluşduran ideyalara yönlən­dirmir. Başqa sözlə, fiziksəl yaşamın, dolanışığın yollarını deyir, var olmağın – mənə­vi yaşamağın qeydinə qalmır. Bu gün biz bunun görsənişlərini öz toplumumuzda izləyirik. Çoxluğun başı fiziksəl yaşamağa qarışıb. Mənəvi sorunlardan rahatsız olanlar da var. Onlara da ideyanı deyən­də ağıllarına çatır, ancaq içlərində oturmur. Ona görə ideya ağıldan tez ayrılır. Yəni ideya yaşanılmır, eşidilir, sonra unudulur. Əslində elmi düşüncələr də, daha çox, yaşamdan qıraqda danışılır. Yaşanılsa belə, toplumu millət olmaq səviyyəsinə qaldır­mır. Beləcə, toplumun öncül insanları bir şey danışıb başqa şey yaşayır. Ya da pis şey danı­şıb pis də yaşayır. Bütün bunları ona görə deyirik, yuxarıda vurğu­ladıq, bizim toplumumuzun toparlanıb millət kimi davam eləməsi üçün ruhaniyyat gərəkdir. Çünkü yaşam ruhaniyyatsız nizam tapmaz.

Bəs yəhudilərin dünyabaxış prinsiplərindən danışarkən bunları nədən vurğu edirik? – Musa öz toplumunu Misir əsarətindən qurtar­maq üçün yaşam quralları düşünüb özünəxas ruhaniyyat sistemi yaratdı. Bununla öz toplumunu illərlə səhralarda dolandırıb zəhmətə alışdırdı. Bütsevərliyi aradan qaldırıb, onları tək Allaha boyun əydirdi. Tək Allaha bağlanmaqla hamının yönü bir oldu, birlik yarandı. Bəşərilik baxımdan bu dünyabaxış düz idi, əyri idi, bu, məsələnin ayrı bir yanıdır. Buna sonrakı bölümlərdə aydınlıq gətirməyə çalı­şa­cağıq. Başlıcası odur, bu dünyabaxış yəhudilərin öz içində yarandı, öz şüurundan formalaşdı. Bununla da, yəhudilərin tarix səhnəsindən çıxmasının qarşısı alındı.

Türk ruhaniyyat xalqıdır, bütün keyfiyyətləri: birüzlülüyü, halal­lı­ğı, döyüşkənliyi, mərdliyi, qorxmazlığı, insansevərliyi, doğase­vər­li­yi onu ruhaniyyatsız qoya bilməzdi. O, Tanrıçılıq inamı yarat­mışdı. Sadalanan keyfiyyətlərin Tanrıdan gəldiyini düşünürdü. Özü də Tanrısına bənzəyirdi. Türk üçün Tanrı Doğada idi. Ona görə Doğa arı-duru idi. Tanrı-insan birliyi yaranırdı türk düşüncəsində. Türkə görə insan Tanrıdan başlayır, Tanrıdan yaranır. Biz bunu qədim mifoloji baxışlardan ay­dın görürürk: “Anla Kinin sevgisindən Enlil tanrı doğuldu. Enlilin dalınca ilk ər-arvaddan yeni-yeni övladlar törədi. Yeddi böyük tanrı ilə ilahənin ən ağıllısı, qüdrətlisi bütün kainatı yönətməyə, insanlığın taleyini bəlirləməyə başladı. Tanrı, ilahə böyüdü, evləndi, onların övladları törədi. Onlar üçün ən ucası, ən yaxın dərk ediləni Göylər atası An, Torpaq anası Ki oldu. Onlar geniş­ləndilər, böyük qardaşları Enlildən kömək dilədilər, hər gün yox, hər saat böyüsünlər, hamısı ən güclü, yenilməz olsunlar. Bununla Enlil böyük iş gördü. Mis bıçaqla o, Göy qübbəsini çərtdi. Göy tanrısı An, inilti ilə öz arvadı ilahə Yer Kidən ayrıldı. Böyük dünya­nın dağları, gurultu ilə parçalandı. İlahə yerin yatdığı yastı dairə onun çevrəsini yuyan ilk yaranış Okeandan yuxarıda qaldı, dünya­nın örtüyü nəhəng qalaylı yarımkürə isə havadan asılı qaldı”.

(“Azərbaycan ədəbiyyatı tarixi”. E. Əlibəyzadə. Səh.42)

Tanrıçılıq türk panteizminin əsasını qoydu. Araşdırdıqca bəlli olur, bütün xalqlarda tanrısal axtarışlar bu qaynaqdan bəhrələnmişlər. Bu deyilişi ayrı-ayrı tutuşdurmalarla doğrultmağa çalışacağıq. Hələ­liksə bu qonuya üz tutmağımızın nədəninə aydınlıq gətirməyi davam edək. Yuxarıda vurğuladıq: “bizim toplumumuzun toparlanıb millət kimi davam eləməsi üçün ruhaniyyat gərəkdir”. Burada isə türk Tanrı­çılığının, yəni ruhaniyyatının olmasından söz açırıq. Məsələ ondadır, türk toplumu çağımızda ayrı bir ruhaniyyatla yaşayır. Yaşat­dığı ruhaniyyatda onun Tanrıçılığından heç bir qatqı yoxdur. Tama­milə özünə, üzünə yad bir ruhaniyyat yaşadır. Bunun içində isə özü­nəxaslığı sıradan çıxıb. Biz yazmışıq: “Ruhaniyyat xalqın özünü­qoruma sistemidir”. Ancaq ruhaniyyat xalqın öz içində yarananda özünüqoruma sisteminə çevrilir. Ruhaniyyat adına türkə qıraqdan gələn, gətirilən etki ruhsal işğal yaratdı, əsarətə çevrildi. Konkret İslam dünyagörüşü türk kimliyini nəinki qorudu, min il dirçələ bilmə­yəcək bir düzeydə sarsıtdı. Çünkü Tanrıya yanaşma İslamda barbarcasına idi. Türkdə Tanrı anlamı İslamdakından qat-qat dərin idi. Türkdə Doğadakı gözəlliyə, ənginliyə, genişliyə, Doğa ilə insa­nın birliyinə sevgi vardı. İslamda isə, zəhmli, kinli, cənnətli, cəhən­nəmli Allahla qorxutmaq. Sonradan (İslamın gəlişiylə) qorxunc Alla­ha tapınan türk, onda (Allahda) özünəxas keyfiyyətlər görə bilmədi. Getdikcə keyfiyyətlərini unutdu, xarakterini dəyişdi. Min ildir, onun öz içində ruhaniyyat yaranmır. Ayrı-ayrı çağlarda ruha­niy­yat yönün­də yarananları isə ayaqda tuta bilmir. İslam qaranlığının içindən çıxıb öz yeniliyinə üz tutmur. Məsələn, Zərdüştçülük, Xürrəmilik, Hürufi­lik – İnsanlığa ayrı-ayrı çağlarda işıq tutsalar da, İslamın etkisində dışlanıb tarixin arxivinə gömülmüşdülər.

Yuxarıda biz Musanın yəhudiləri qurtarmasını örnək verdik. İudaizmi insançı baxış saymırıq. Ancaq bu Baxış yəhudilərin öz içində, öz xarakterindən yarandığına görə onları toparlayıb yox olmaq­dan qorudu. Bu gün də onlar İudaizmi ilkinliyinə uyğun şəkil­də yaşadıb özlərini qoruyurlar. Bax bu, varolmanın nədənini aydınlaşdırmaq yönündən dediyimiz düşüncələrdir. Ancaq varolma nə dərəcədə insanlığa yarayıb, bəşəri örnəyə çevrilib?! Yoxsa fəlakətlər, dağıntılar üzərindəmi baş tutub?! Bu fəlakətlərin, dağıntıların altında nələr qalıb?! Bir toplumun qorun­ması insanlığı ayaqlayıbsa, ayaqlamaqda davam edirsə, necə alqış­lana bilər?! Bütün bu sorğulara cavab vermək gərəkdir. Bu sorğulara cavab vermək üçün Bibliyanın faktlarına aydınlıq gətirilməlidir. Bunun üçün yəhudilərin qurtuluşunu şərtləndirən faktlardan başla­mağı doğru bilirik.

Bütsevərliklə Təkallahlığın ayrıntıları

İnsanlığın dərki ağırdır. Buna tək-tək yetənlər olur. Çoxluq üzdə qalır, üzdən yanaşır. Buna görədir bəşər övladında axtarışlar özündən qırağa çıxır, qırağa yönəlir. Xəyallar, düşüncələr fantastikləşir. İnsan özülünü görmürsə, özünü necə tanıya bilər?! Gücün, qüdrətin qıraqda axtarılmasının başlıca qaynağı bundan yaranır. Bütçülüyün, Bütse­vərliyin əsasında da bu durur. Tayfalar şəklində yaşayan insanlar özünü doğada baş verən dağıntılardan da qorumaq istəyir, başqa tayfaların basqılarından da. Bunun üçün özünə hami – qoruyucu axtarır. Ancaq onu öz yanında, yaxınında görmək istəyir. Deməli, hami, yəni Allah, onun tayfasının çevrəsində olmalıdır. Büt (Tayfa Allahı) onlar arasında birləşdirici rol oynayır. Həm içlərində bir ağsaqqal (başbilən) olur, həm də Büt. Başbilən başqa tayfalarla davra­­nışlarda yol göstərə bilər, ancaq Doğanın doğurduğu fəlakətləri nizamlaya bilməz. “Büt”ün etkisiylə Doğanı sakitləşdirmək, deyək, uçqunları, sellənmələri dayandırmaq (halbuki nə uçqun, nə sellənmə, nə başqa olaylar dayanmaz proseslər deyillər), onların inamına çevri­lirdi. Bütlərin qarşısında oyunlar, ayinlər yerinə yetirmək, yalvarışlar eləmək, qurbanlar vermək çox aşırı biçim almışdı. İnsan zəkasının süstlüyü, düşüncənin susqunluğu həyatı bütünlüklə gerilikdən (cəha­lətdən) oluş­du­rurdu. Ən yaxşı yenilik ən qorxulu fəlakət kimi üzə çıxırdı. Söz yox, belə bir başı-ayağı bilinməyən gedişdə çoxallahlığın şüurlar­dan sıxışdırılması, Təkallahlıq ideyasının ortaya çıxması devrimsəl (inqilabi) bir gəlişmə idi. Tək Allah bütün tayfalara gərək olmalı idi. Bunu şüurlara yeritmək – yeridəndən Allahlıq qüdrəti tələb edirdi. Ancaq necə?! – Qaranlıq boşluqlarda dolaşan şüurları doldurmaq, dolğunluq yaratmaq, doğal olaraq, birdən-birə başa gəlmirdi. Bəlkə buna görə razılaşmaq olar, aşamalar gərək idi. Ancaq bu aşamalar aydınlaşa-aydınlaşa, gəlişə-gəlişə həqiqətə dayanmalı idi axı…

Tək Allahı bütün tayfalarınkı eləmək üçün Allah heç bir tayfanın yanında, yaxınında olmamalı idi. Yəni tayfayaxas Büt səviyyəsində qalmamalı idi. Hamı üzünü bir yerə tutmalı, Birlik olmalı idi. Bu oldu. Sonra gəlişmə sonucunda Allah bütün bəşəriyyətin olmalı, bütün xalqları birləşdirməli idi. Sözdə bu da oldu, işdə isə olmadı. Bütlərə xas olan cəhətlər Tək Allahda yenə özünü göstərdi. Bu dəfə üz tutmalar, yalvarışlar, qurbanlar Tək Allaha yönəldildi. Min illər bu ideya ciddi dəyişmədən, gəlişmədən davam edildi. Buna kitabdan ayrı-ayrı alıntıları (sitatları) örnək vermək olar: “İshaq oradan Beer-Şevaya getdi. O gecə Rəbb ona görünüb dedi: “Mən atan İbrahimin Allahıyam. Qorxma, çünkü mən səninləyəm. Qulum İbrahimə görə sənə xeyir-dua verəcəyəm, nəslini çoxaldacağam”.

(Əhdi-Ətiq. Tövrat, Zəbur, peyğəmbərlərin kitabları. Kitab şirkəti-2004. Səh.39)

 Başqa bir yerdə: Rəbb Musaya dedi: “İsrail övladları arasında hər bətndən ilk doğulan bütün oğlanları və bütün heyvanların balalarını mənim üçün təqdis et; onlar Mənimdir”.

(həmin kitab. Səh.107).

 “Üçüncü gün bütün xalqın gözü qarşısında Rəbb Sina dağı üzərinə enəcək. Xalqın ətrafında sərhəd çəkib de: Özünüzü dağa çıxmaqdan, onun ətəyinə toxunmaqdan gözləyin. Dağa toxunan hər kəs öldürülməlidir”.

 (həmin kitab. Səh.118).

 Bu alıntılardan görünən odur, Göyel Allah Yerel Bütü ayrı-ayrı cəhətləriylə təkrarlayır. Bir toplumun olur. Toplumlar arasında ayrı-seçkilik edir. Belə isə, bu dini necə monoteist adlandırmaq olar?! Bir toplumun şüurunu təmsil edən, onun durumuna uyğun anlam daşıyan Allah başqa toplumlar üçün özünü doğrultmursa, onun təkcəliyinə inam da aradan gedir. Hələ biz demirik, Allah İsrail toplumunun ordu başçısı, Yüksək Baş Komandanı kimi davranır. Onları döyüşə hazır­layır, göstərişlər verir. Bəzən elə göstərişlər verir, heç bir savaş yasa­larına uyğun gəlmir. Məsələn, torpaqları əllərindən alınan şəhərlərin toplumunu körpəsindən qocasına kimi öldürmək göstərişi verir. Allah İsraillilərə dönə-dönə bəşər övladına qarşı soyqırım göstərişi verirsə, onun bəşər üçün gərəkliliyi, təkcəliyi necə özünü doğrulda bilər?! Bu dediklərimizə örnək olaraq kitabdan yenə alıntılara baxaq: “Başan padşahı Oq bütün ordusu ilə bərabər Edreidə onlarla döyüşə çıxdı. Rəbb Musaya dedi: “ondan qorxma, çünkü Mən onu, bütün xalqını və torpağını sənə təslim edirəm. Xeşbonda yaşayan Emorluların padşahı Sixonun başına gətirdiyini onun da başına gətir”. İsraillilər onu, övladlarını və bütün xalqını bir nəfər qalmayana qədər qırdılar və torpağını ələ keçirdilər”.

 (həmin kitab. Səh.250).

 Bu cür döyüşlər, axırıncı adamına qədər öldürmə göstərişləri kitab­da çox yer tutur. Kitabın isə üz qabığında yazılıb: Müqəddəs Kitab. Deməli, İsraillilər, eləcə də, onların Allahı üçün müqəddəslik – İsrail torpaqlarının genişlənməsi üçün başqa toplumlar üzərində soyqırım törətməkdədir. Bu tərbiyə ilə formalaşan İsrailə yüzillər boyu bel bağlamaq mümkünsüz olub. Bu gün də bu xalq öz doğdu­ğunu İudaizm dünyagörüşü ilə tərbiyə edir. Onların şüuruna dağıdıcı Allah hakimdir, onlar da ona sadiqdir. Onlar üçün müqəddəslik – bir xalqın (özlərinin) çıxarına qoyulan addır. Allaha verilən keyfiyyətlər bir xalqın xarakterini bütün çılpaqlığı ilə üzə çıxardır. Allah acıqlı, xudbin, həris, qısqanc keyfiyyətlərlə formalaşdırılıbdır. Bunu aydın görmək üçün yenə kitaba üz tutaq:

“Mən sənin Allahın Rəbb, qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm. Məni sevib əmrlərimə əməl edənlərin isə minlərlə nəslinə məhəbbət göstərərəm”.

(həmin kitab. Səh.119).

 “Onlara de: “Rəbbə verəcəyiniz təqdim budur: daimi yandırma qurbanı olarq hər gün iki birillik qüsursuz erkək toğlu. Toğlular­dan birini səhər, o birini isə axşamçağı təqdim edin… Rəbbə yandır­ma qurbanı olaraq iki buğa, bir qoç və birillik yeddi erkək toğlu təqdim edin…”

 (həmin kitab. Səh.262).

Belə tələblər o qədərdir, hər kəs ilboyu əməl eləyəndə qurbanların sayı hesaba gəlmir. Bəlkə də düşünmək olar, qurbanlar tələb eləmək oğurluğun qarşısını almaq üçün, eləcə də Bütlərin qarşısnda qur­ban­lar kəsməyi yığışdırmaq üçün edilir. Ancaq bunu az da eləmək olar­dı. Axı Allahı bunca həris göstərməyin anlamı yoxdur. Allahı gözü­doymaz obrazlaşdırmaq, bəlli olmur, nəyin çıxarı üçün düşü­nülüb. Anlaşılan odur, Musa ilə Harun özlərini, yaxın çevrələrini top­lu­mun hesabına dolandırıblar. Biz bunu İslamın yaradıcısı Məhəm­mədin həyatında da izləyirik. Bəlli “Qənimət surəsi” buna bir örnək­dir. Belə isə, Allahı özünün, çevrəsinin çıxarları üçün obraz­laşdıran adamların peyğəmbərliyi bəşəri sayıla bilərmi?!

Kitabdan başqa bir alıntıya diqqət yetirək: “Bunlar, İsrail övlad­la­rının xüsusi hədiyyə olaraq gətirdikləri yellətmə təqdimlərinin hamısı sənindir. Onları sənə və oğullarına-qızlarına əbədi pay ola­raq verdim. Sənin ailəndə pak olan hər kəs onu yeyə bilər. Rəbbə verdikləri ilk məhsullarını, zeytun yağının ən yaxşısının hamısını, təzə şərabın və buğdanın ən yaxşısının hamısını sənə verdim. Torpaqlarında bitən nübardan Rəbbə gətirdiklərinin hamısı sənin olsun… İsraildə Rəbbə həmişəlik həsr olunan hər şey sənin olsun”.

 (həmin kitab. Səh.244).

 Bunlar Allahın Haruna söylədikləridir. Musa, qardaşı Harunla, İsrailliləri qandırırmışlar yəqin. Ağıl işlədib İsrailliləri toparlamağın qar­şılığında, onlardan ən böyük umacaqlarını əldə eləmişdilər. Peyğəm­bərliklə umacaqlıq bir araya sığırsa, Allahın varlığında ölçü axtarmaq anlamını itirir. Belə baxanda itirib də. Min ildir bu xalq pul-qazanc (sərmayəçi toplum) xalqı kimi təsdiq olunubdur. Dəyərlərə, bəşər xalqlarına yanaşmaları, pulçuluq ölçüsü ilədir. Biz burada tutuşdur­ma aparıb insanlığın necə ölçüyə çevrildiyini anlatmaq üçün Göytürk­lərin yaşam qurallarını dilə gətirməyi uyğun bilirik.

Ruhaniyyat başqalarının bənzərsizliyini pozmamalıdır

 Ayrı-ayrı tarixi bilgilərə görə türk törələrində başlıca ölçü halallıq olub. Oğurluq, aldatmaq, dəllallıq eləmək, şirindillilik, üzgörənlik türk xarakterinə yad olub. Bu xarakteri türk törələri, yasaları uzun yüzillər qoruyub saxlayıbdır. Ailəcanlılıq, qadına münasibət sağlam özüllər üzərində oturuşaraq soylardan soylara ötürülüb. Evli qadınla yaxınlıq etməyin cəzası ölümlə ödənilib. Başqasının zəhmətinə, malı­­na ortaq olmaq ən ağır iş sayılıb, namusa, qeyrətə tərs əməl kimi dəyərləndirilibdir. Ancaq başqa millətlərlə (genetik olaraq) qayna­yıb-qarışandan, dünyabaxışı devrilib törələri pozulandan sonra tür­kün xarakterində kəskin dəyişikliklər başlamışdır. Qədim türk törələ­rini öyrənən hər kəs bu dediklərimizi anlayar, buna nağıl kimi baxmaz. Doğal olaraq, bugünkü çağdan baxılarsa, saydığımız arı keyfiyyətlərin, bəlli xarakterlərin haçansa olmuş olması nağıl etkisi bağışlaya bilər, inandırıcı görünməz. Ona görə düşünürük, Asif Ata “özüylədöyüş” ideyasını nədən bu qədər önəmli sayıb. İnsan öz üzərində qələbə çalarsa, o cür keyfiyyətlərə yetməyin mümkünlüyü ona inandırıcı görünəcək. İnsan öz ömründə yüksək keyfiyyətlərə yetincə, bunun başqalarının ömründə də olacağına inana bilər. İnsanlıq keyfiyyətlərinin bərpa olunub yaşadılması isə ruhaniyyatdan keçir. Asif Ata bunun üçün ruhaniyyat sistemi yaradıb. “İnsanlaşın, İnsanlaşdırın!” çağırışı da qədim köklərə dayanır.

Biz daim ruhaniyyat məsələsini önə çəkirik. Çünkü bir çox türk­çülük sevgisi ilə yaşayanlar, türkün min il öncə yaşadığı keyfiyyətləri bərpa eləməyin yolunu, o çağların qurallarını bərpa eləməkdə görürlər. Ancaq bu istək əsaslı deyil. Dünya kapitalizm dünyasıdır, toplumsal həyatın mənəvi nizamı da dinçiliklə bağlıdır. Bunların içində ayrıca bir millətin qədim törələrlə yaşaması olan iş deyil. Sivi­li­zasiya dəyişməlidir, bütün xalqlarda dönüş yaranmalıdır. Bunların olması isə ruhaniyyatçılıqdan keçir. Ona görə Asif Ata öz ideyalarını bir xalqda sınırlamır, “Bəşərin qurtuluşu İnsanlaşmaq­dadır!” deyir. Deməli, hər xalq öz içində milli-insani keyfiyyətlərinə dönməlidir. Yoxsa türkün qədim törələri bütün xalqlar üçün ölçü ola bilməz. Bununla belə, məsələ düşünüldüyü kimi sadə də deyil. Cəha­lət yayan dinlərə, eləcə də kapitalizmə qarşı dirəniş göstərmək üçün illərlə ruhsal iş getməlidir. Çünkü ruhaniyyat asanlıqla götürül­mür (qəbul olunmur). Ruha­niy­yat, ortaya çıxdığı andan, minlərlə sorğu yağışına tutulur: Dünya necə yaranıb, həyat nədir, insanla heyvanın ayrıntı­la­rını necə bəlir­ləmək olar, kosmik bağlılıqlar necə oluşur – bunu kim nizam­layır, bilik hardan başlayır?! – Bu kimi sorğulara cavab istə­nilir. Ruha­niyyatın başlıca işi – xeyir-şər təzadını çözməkdə axtarılır. İnsan nə üçün həm xeyirin yanında görünür, həm də şərin?! Tamah nədir, ölüm nədir, əbədilik nədir, yəni insan bədənlə başa çatırmı, yoxsa sonradan davam edirmi, harda davam edir?! – Əslində ruha­niy­yat insani münasibətlərin qurulmasını, qorunmasını nizamlamalı­dır. Ancaq ondan daha böyük umacaqlar ortaya çıxır. O da (ruhaniy­yat) mənəvi etkisini yeritmək üçün daha böyük alanda söz deməli olur. Belə olanda isə, bir çox hallarda, elmə tərs gəlməli olur. Elmlə ruha­niyyat ayrılırsa, sözləri üst-üstə düşmürsə, onda toplumsal nizam bütövləşə bilməz. Bu çağa kimi biz elmlə gələnəksəl ruhaniyyatı ayrı-ayrı xətlərdə görmüşük. Ona görə gələnəksəl ruhaniyyat ona yönələn sorğuların cavablarını ən çox uydurmaqla uğraşıb. Ona görə kapitalizm kimi antiinsani sivilizasiyaların yaranmasına əngəl ola bilməyib.

Asif Atanın ruhaniyyatı yuxarıda qoyulan sorğulara aydınlıq gətirməyi qarşısına qoyub, ona yetibdir. Bu zaman o, elmə arxa çevirməyib, tərsinə, elmin olanaqlarından yararlanıbdır. İndi biz yuxarıda vurğulanan sorğulara Asif Atanın Mütləqilik ölçüsüylə aydınlıq gətirəcəyik. Bundan sonra yenidən ona qədərki ruhaniyyat­ların sorununu vurğulayacağıq.

Dedik, ruhaniyyatın qarşısında xeyir-şər təzadını çözmək tələbi durub. Hər bir dində ruhaniyyatın bu məsələyə yanaşması fərqli olub. Hər birində bu məsələ yaranışa münasibətdən qaynaqlanıb. Yaranışa münasibət də doğru olmayıb. Ona görə xeyir-şər təzadı da doğru aydınlaşdırılmayıb. Yəni istər Şumer dünyagörüşündə, istər Göyel dinlərdə bu məsələnin özülündə yanlış mifik şüur dayanır. Başqa sözlə, xeyirin də, şərin də Tanrıdan gəldiyi (Göyel dinlərdə Allahdan gəldiyi) vurğulanaraq, qarşısıalınmaz olduğu bildirilib. Sanki bu yöndə axtarışlar yola verilib. Məsələn, Göy Tanrıçılıqla bağlılığı olan Şumer baxışında deyilir: “Bütün adamlar bir dildə danışır və bir-birilə sakitlikdə yaşayırdı. Qorxu, paxıllıq yox idi. Heç bir adam başqasının nüfuzuna, malına həsəd aparmazdı… İnsanlar rahatlıq­da, bolluqda yaşayır, nəslini artırır, hamılıqla ev və qalalar ucaldır, eyni bir dildə Enlilin başçılığı ilə hakimiyyətini şöhrətləndirirlər. Ancaq Tanrı-insan bu xoş günə, bu “qızıl əsri”nə dözmədi. Tanrılığa ucalan insan özünün yaratdığı bu xeyir işlərə, firavan həyata, insanın artıb inkişaf etməsinə, xoşbəxtliyinə daraldı. Onun daxilində paxıllıq, həsəd duyğusu yarandı. Sonucda xeyiri də, şəri də o özü yaratdı”.

(E.Əlibəyzadə. “Azərbaycan Ədəbiyyatı tarixi”. Səh.46).

 

“Rəbb bəşər övladlarının tikdiyi şəhəri və qülləni görmək üçün aşağı endi. Rəbb dedi: “Budur, onların hamısı bir xalqdır və bir dilləri var. Buna görə də bu işi görməyə başlamışlar və indi etmək istədikləri işə heç kəs mane olmayacaq. Gəlin aşağı enib, orada onların dilini qarışdıraq ki, bir-birilərinin dilini başa düşməsinlər”.

(Müqəddəs Kitab (Bibliya). Səh.15).

 

“Allah İblisə: “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu? deyə buyurdu. İblis: Mən ondan daha yaxşıyam (üstünəm), çünki sən məni oddan, onu isə palçıqdan yaratdın!” dedi.

Allah buyurdu: Oradan (Cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbür göstərmək yaramaz. Oradan çıx, çünki sən alçağın birisən!

İblis dedi: Mənə qiyamətə qədər möhlət ver!

Allah buyurdu: Sən Möhlət verilənlərdənsən!

İblis dedi: Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də sənin düz yolunun üstündə oturub insanlara (sənə ibadət və itaət etməyə) mane olacağam!”

(“Quran”, “Əl-Əraf” surəsi. Səh.126).

 

Göründüyü kimi, bütün dünyabaxışlar xeyirlə şərin yerini bəlli etmək üçün çabalar göstərmiş, sonucda yanlışa yol vermişlər. Bu düşüncəni irəli sürərkən cəsarətimizin arxasında Asif Atanın fəlsəfi ölçüsü dayanır. Yuxarıdakı alıntılarda şər Tanrının öz xislətində ifa­də olunur. Başqa sözlə, şərin mahiyyətdə olduğu bildirilir. Deməli, Şər Tanrıdan gəlirsə, onun qarşısını almaq mümkün deyil. Bizə görə, “dünya belə gəlib, belə də gedəcək” deyilişi də buradan ortaya çıxıb. Özəlliklə semit insanlarında bu məsələ qarşısıalınmaz bir ehkama çevrilir. İnsan əli-qolu bağlı, şüuru dağınıq, idrakı sönük bir duruma düşürülür. Ziddiyyətlərin içində özünüdərk prosesinə yol tapa bilmir. Çünkü heç nəyin ondan asılı olmadığı düşüncəsinə pərçimlənir. Alın yazısına qarşı çıxmağın mümkünsüzlüyü etkisi altında bəşəri varlığın nə demək olduğunu kəsdirə bilmir. Bu baxışlara görə, insan Allahın yazdığını poza bilməz. Başqa sözlə, Allahın insan üçün bəlirlədiyi taleni dəyişmək insanın olanağı (imkanı) dışındadır. Əslində bu taleni Allah özü də dəyişmir. Sadəcə insanın yaşadığı ömrə görə (Qiyamət gü­nün­də) ödül (mükafat), ya da cəza təyin edəcək. Əgər Allah insanın taleyini öncədən bəlli edibsə, deməli, ödül, ya da cəza artıq təyin edil­miş­dir. Bunu sadəcə insanın özünə bildirmək qalır. Ancaq insan yaşadıq­ca bunu heç zaman bilməyəcək. Yalnız öləndən sonra, bəlli gündə, biləcək. O zaman isə heç nə eləmək olmayacaq. Bəs yaşadığı çağda nə eləmək mümkündür? – Allahın buyurduğu bəsit şüurla yaşamaq! Bu ölçü ilə yaşayanda insan heç zaman kamilləşməyəcək, dünyanı dərk eləməyəcək. Deməli, azadlığı, xoşbəxtliyi də tanımayacaq. Əslində dünyanı dərk prosesi insanın Tanrıya münasibətində yer tutmur. Bu proses münasibətlərdən qırağa çıxarılıb. Bir halda ki, dünya fanidir, onu dərk eləməkdən söz getməməlidir. Fanini, ölüm­lünü, gec-tez yox olanı dərk eləmək idraka nə vəd edə bilər ki?! Bir şeyi dərk eləmək – onun anlamına yetmək deməkdir. Bəs anlam­sız dünyanı, ya da anlamı yalan, oyun-oyuncaq olan dünyanı dərk elə­mək boşluğa düşmək deyilmi?! Əslində, dediyimiz kimi, dünyanı dərk eləmək onun anlamına yetməkdir. Başqa sözlə, Tanrını dərk etməkdir. Ancaq Tanrı dünyanın anlamı kimi deyil, yaradıcısı, bən­nası kimi çıxış edir. Biz evə baxıb onu tikən usta haqqında hansı düşüncəyə gələ bilərik?! – Uzaqbaşı ustanın peşəkarlığının yüksək, ya da zəif olduğunu düşünə bilərik. Onun necə bir şəxsiyyət oldu­ğunu isə evə baxıb söyləmək olduqca çətindir. Bəs dünyanın bənnası haqqında düşüncələr nə dərəcədə dərk prosesinə girə bilər? – Bunu da demək çox çətindir. Hələ üstəlik bu bənna oyun-oyuncaq yara­dıbsa. Oyun-oyuncaq yaradanın kamil, bütöv olması artıq sual altına düşür. Göründüyü kimi, semit inanclarında İnsan-Tanrı münasibətləri bütün aşamalarda çelişkili (ziddiyyətli) ortaya çıxır. Belə çelişkili münasibətlərlə toplumsal yaşama gözəllik gəlməz, gəlməsi alınmaz. Ona görə umudsuzcasına deyilir: “dünya belə qurulub, belə də gedəcək”. Yəni insan neyləsə belə, dünyanın gedişini dəyişə bilməyəcək. Şər də Tanrının xislətidirsə, yəni mayadadırsa, dünyanın gedişini dəyişmək heç olası deyil.

Biz bu deyilənlərin əsassız, zərərli olduğunu, Asif Atanın baxı­şına dayanaraq, daim vurğu edirik. Asif Atanın Xeyir, Şər anlayış­larına baxışı orijinal bir ölçü ilə – Mütləqilik ölçüsü ilə aydınlaşır. Ata deyir: “Şər Xeyirin yoxluğudur”. Başqa sözlə, şərin mahiyyəti yoxdur. Yəni şər mahiyyətdən gələ bilməz. Şər mayada ola bilməz. Əgər olsaydı, onda varlıq olmazdı. Şər dirçəltmir, çökdürür. Şər mayada olsaydı, dağıdardı, heç bir gəlişmə baş verməzdi. Bəs “şər xeyirin yoxluğudur” nə deməkdir? – Toplumsl həyat ayrı-ayrı bireylərin birgəyaşayış nizamıdır. Ancaq bu nizamda xeyir, ədalət, həqiqət bütöv olmur. Çünkü bütün insanlar kamil deyil. Eyni halda, doğuluş adlı əbədi bir proses var. Soylar yeni insanların dünyaya gəlməsiylə davam edir. Ancaq insanlar anadan kamil doğulmurlar. Bioloji insan­ların mövcudolma şərtləri onların davranışlarında, insana, doğaya yanaşmalarında qüsurlar ortaya çıxarır. Deməli, dünyaya gələn insanın ağlı böyüdükcə bioloji mövcudolma uğrunda mübarizəsini yeni aşamaya keçirməlidir. Başqaları ilə birgə mövcud olmağın qaçılmazlığını dərk etməli, İnsanlığın qanunları ilə yaşamağa üstün­lük verməlidir. Hər kəsin yaşamaq haqqı bilinməli, gözə alınmalı­dır. Bunun üçün ədalət bir ömürdə bütöv üzə çıxmalı, xeyir düşün­cəyə, davranışa, yanaşmaya hakim olmalıdır. Bununla insan ömründə şərin etkisi aradan qalxır. Başqa sözlə, şər toplumsal həyatdan tam silinməsə də, bireysəl (fərdi) ömürdə başa çatır. Toplumsal nizamı da bireysəl ömürlər yaratmalıdır. Asif Ata şərin bireysəl ömürdən silin­məsi üçün “özüylədöyüş” ölçüsü önərir. Öz üzərində qələbə çalan insan vicdan hakimliyinə boyun əyir. Belə olanda şərin etkisi toplumsal (ictimai) həyatda minimuma enir. Məsələyə Asif Atanın ölçüsü ilə yanaşanda “dünya belə gəlib, belə də getməməlidir” qərarı vermək gərəkir. Dünya fani deyil, mahiyyətcə əbədidir. Dünyanın gedişi insan ərdəmliyinə bağlıdır. İnsan özümləşdikcə dünya gözəlləşir. Deməli, Dünyabaxışın əyri, doğru olduğu da insana yanaşmada aydınlaşır. İnsan nədir, necədir, necə olmalıdır – sorularına aydınlıq gətirmək dünyabaxışın ərdəmliyini göstərir. İnsana, Doğaya münasibət yerində olduğu dərəcədə Tanrısal sistemin özül prinsipləri doğrudur. Tanrı­sallığın doğruluğu insanın özünüdərkində doğrulur. Bu açıdan Göyel dinlərin yanaşmasında uğursuzluqlar aydınlaşmalıdır. Bibliyada deyim var: “Allah insanı yaradanda öz bənzərinə görə yaratdı”.

(Müqəddəs kitab (Bibliya), “Kitab” şirkəti. Səh.8).

Bu deyiliş başqa biçimdə belədir: “Allah Adəmi öz surətinə və onun (Adəmin) öz surətinə uyğun yartadı”. – Buradan iki məntiq çıxarmaq olar: 1) Adəmi, yəni genel olaraq bəşər övladını; 2) Adəmi, yəni ilk peyğəmbəri, kamil varlığı. Dinlərin prinsiplərindən göründüyü kimi, məsələni ikinci anlamda götürürlər. Olsun! Deməli, Allah peyğəmbərliyi öz surətinin kamilliyini üzə çıxarmaq, insanlara örnək olmaq üçün yetirmişdir.

Belədə isə, görünən odur, Allah kamil deyil, qüsurludur. Nədən?! – Allahın surətini özündə daşıyan, ondan soraq verən, nişanə göstərən peyğəmbərlərdən biri də Məhəmməddir. Məhəmməd də xarakterik olaraq, daha çox, yunanların baş allahı Zevsin surətinə bənzəyir. Zevs kimi qısqanc, arvadbaz, toplumu savaşa sövq edən. Əslində Məhəmmədin Allahı da bu deyilənlərə yad deyil. Məhəmməd özünü başlanğıcda xarakterizə elədiyi Allaha deyil, Allahı özünə bənzədib. Əgər Allahı bu deyilənlərdən üstün saysaq, gərək ərəblərin içində yaranan İslam təliminin Allaha qarşı olduğunu qəbul edək…

Ancaq İslam dünyabaxışının etkisindən doğan Hürufilik təriqəti “Allah insanı öz surətinə bənzər yaratdı” deyimini insanın xeyrinə gəlişdirmişdir. Bizə görə fiziki insan Allah Anlamının gerçəkliyidir. (Söhbət Məhəmmədin yanlış obrazlaşdırdığı Allahdan getmir). Başqa sözlə, insan İnsanlığın təzahürüdür, görünüşə gəlmə­sidir. Gerçək insan öz Mənasına, Hürufilərin deyilişiylə götürsək, Allaha bənzəmək üçün yaşamalıdır. İnsan Allaha bənzəyəndə özü olur, bənzəməyəndə kölə olur. Dində isə insanın Allaha bənzəmə­sindən deyil, Allaha kölə olub itaət etməsindən danışılır. Əslində semit baxışı “Allah insanı öz surətinə uyğun yaratmışdır” desə də, öz məntiqini dnır (inkar edir). Biz bunu Quranın insana yanaşma­sında aydın görürük. Deməli, özüldə qoyulan ideyaya yanlış yanaşma düşüncənin bütün aşamalarında öz etkisini göstərmişdir. Yəni hər bir məsələ ilə bağlı düşüncə, özüldə qoyulan bu yanlışlığın etkisi ilə həqiqətdən uzaqlaşmışdır.

Burada qaçılmaz bir düşüncəni vurğulamaq gərəkdir: İnsanla bağlı ilk yanaşmanı Hürufilər gəlişdirsələr də, təriqət kimi, etki gördükləri İslamın yaradıcısına tabe deyillər. Başqa sözlə, Məhəm­məd onların öyrətməni sayıla bilməz. Hürufilər İnsanı Allah sayırlar, yəni insanın mayasında Allah var. Ona görə, insan özünə bənzəmək üçün Allaha dönməldir. Məhəmməd isə deyir, Allahın dərgahına dönməlidir, yəni cənnətə. Hürufilər cənnət vəd eləmirlər, çünkü insan onlar üçün Allahdır, Allahın isə cənnətə gərəyi (ehtiyacı) yoxdur.

İnsanın Allah sayılması Xristianlıqda da özünü göstərib. Ancaq bu zaman biz insanlığın təsdiqini deyil, xurafatlaşmasını izləməli oluruq. Xristianlıqda İsanı müqəddəs ruh sayırlar. Yəni Allah İsanı bakirə Məryəmin qarnına ruh kimi üfürüb. Bu məntiq İslamın baş kitabı Quranda da verilibdir. Bəlli “Məryəm” surəsi bu məsələ ilə bağlıdır. Sözsüz, bunu sözün doğru anlamında götürmək uydurmadır (cəfəngiyyatdır). Ancaq sözün sətiraltı anlamı budur: İnsan Allahdan yaranır, insanda Allah var.

Asif Atanın “İnsan – bədən-Məna birliyidir” düşüncəsindən yanaş­saq, insan-Allah bağlılığını (əlaqəsini) doğru qiymətləndirmək olar. Ancaq Xristianlığın İsaya yanaşmasındakı bəlli “üçlük” – biçim-məna birliyinin fəlsəfi açımına gəlmir. Yəni “üçlük”dəki “müqəddəs yol, hərəkət, çalışma” ayrı bir anlayışdır. Ən yaxşı halda, “üçlüyün” üçüncü tələbini Məna-gerçəklik birliyindən oluşan nizam qanuna­uyğunluğu saymaq olar. Burada bizim başlıca istəyimiz, söz yox, bütün anlayışları aydınlaşdırmaq deyil, məntiqə girməkdir. Məntiq də odur, İnsan Allahdan başlayır. Başqa sözlə, insan fiziksəl varlıq olaraq, Mənanın gerçəkləşməsi, görünüşə gəlməsidir.

Xristianlıqda göstərilən, Quranda vurğulanan bu məsələnin pis cəhəti odur ki, insanın Allah anlamı daşıması eybəcər şəklə salınır. Yəni İsanın atası Yusifin (İosifin) şərəfi alçaldılır, şəxsiyyəti heçə endirilir. Başqa bir cəhət, burada bizim anlam verməyə çalışdığımız məsələ, göründüyü kimi, xurafatlaşdırılır. Birincisi, İsanın atasının ərdəmliyinin danılması ilə, ikincisi, Allahdan başlamağın bütün insan­lara deyil, birinə özgün edilməsi ilə. İsa, Allahın Məryəmə qeybdən cinsi toxunması ilə əmələ gəlir. Deməli, insanın Allahdan gəlməsi ideyasının xurafatlaşdırılması onu göstərir ki, məqsəd insanın böyük­lüyünü ona göstərmək deyil, sadə toplumu aldadıb Allaha, eləcə də İsaya inandırmaq üçündür. Bununla da bəşəriyyətin min illərdir, insan-məna birliyi yönündə axtarışları eybəcər şəklə salınır, varlığa münasibət saxtalaşdırılır. Deməli, İsa bəşər övladı deyil, Allahın oğludur, ona görə müqəddəsdir. Belə çıxır, bəşər övladı müqəddəs ola bilməz, yalnız Allaha qoyun (“ovçı”) ola bilər. Deməli, insanın müqəddəs olması üçün, onun – Allahın təcəllası kimi gəlməsi yox, Allahın belindən gəlməsi gərəkmiş. Bu kimi məntiqlərin içinə girdikcə bəlli olur, semit dinləri insanlığı aşağılayır.

Müsəlmanlıqda da insanı Allaha tən götürmək halları var. Ancaq bu dünyabaxışın daşıyıcılarının özləri bu cür demirlər. Məsələn, Məhəmmədlə, Əli ilə bağlı, bir çox söyləmlərdə, elə ilahi keyfiyyət­lər sunurlar, bu keyfiyyətlər Allaha özgün sayıla bilər. Söz yox, bu keyfiyyətlər uydurulur. Çünkü bu keyfiyyətlər elə deyilir, haqqın­da söz gedən insanların fiziksəl varlıq olduqları gözardı edilir. İkinci bir yandan, İslamda da, Xristianlıqda olduğu kimi, ilahi keyfiyyətlər yalnız seçkin adamlar haqqında deyilir. Tutuşdurma üçün deyək, hürufilər uca keyfiyyətləri (Allaha özgün edilən keyfiyyətləri) ümumi insana bağlayırlar. Onlar insanı Allaha tən götürəndə, insanın fiziksəl varlıq olduğunu gözardı eləmirlər. Yəni Allahlığın – fiziksəl insanın simasında təcəlla etdiyini önə çəkirlər. Fiziksəl insan öz davranışları ilə, yüksək mənəvi keyfiyyətləri ilə (fiziksəl varlıq oldu­ğuna baxmayaraq) daha üstün varlıq olduğunu sübuta yetirir. Belə ki, yalansızlığa, tamahsızlığa, rəqibsizliyə… yetən insanın ömrü Allah anlamına uyğun formalaşır.

Türkə bağlı baxışlar insana yanaşmada daha anlamlıdır

 Hürufilikdə İnsanın Allaha tən götürülməsinə Tanrıçılıq, Zərdüşt­çülük başlanğıc (təkan) verir. Məsələn, Zərdüştdə Hörmüzd insan uğrunda döyüşür – həm Doğada döyüşür, həm insanın özündə. İnsanın əməllərində, üzündə, gülüşündə, düşüncəsində, davranışla­rında. Əhri­mənin insanın əlinə, əməlinə, üzünə qonmasına qarşı durur. Yəni əslində Hörmüzd insanın özündədir (sadəcə məntiq mifləş­dirilir). Bu ideya Asif Atada insanın içsəl (daxili) şərlə, eləcə də, toplumsal (ictimai) şərlə döyüş ideyasına çox doğmadır. Semit dünyagörüşü Allahı insandan ayırdı – az anlamda panteist­cəsinə, daha çox xurafatcasına. Panteistliyi ondadır ki, Allah göylər­dədir, yəni əslində Doğadadır. Göylər elə Doğadır – Doğadakıları o yaradır. Xurafatı daha böyükdür, yəni Allahçılıq əslində padşahlıq sistemidir, onda hər şey – əyan-əşrəf, ödül, cəza var. Bununla da, insan Allahsızlaşdı, kiçildi, kiçildildi. Allah Anlamını kiçiltməklə insanı cılızlaşdırdılar. İnsan Allah adlanan ağanın qulu səviyyəsinə endiril­di. Cılızlaşan insandan dünyanı işıqlandıracaq əməllər yetiş­mə­di. Semit dünyagörüşü əslində insan idrakının ölanaqlarını öldür­dü. Eyni halda, insanı ucaldacaq baxışlarla döyüşdü, onları insanın ağlından, yaşamından sildi. Zərdüştlüyə “şeytan əməli” damğası vurdu, Hürufiləri kafir elan edib qırdı. Hürufilik kimi qabaqcıl bir baxışı tarixin küncünə elə gizləyirlər, nə adını tutan var, nə də öyrənən. Halbuki istənilən bir xalqın əlində belə böyük bir dəyər olsaydı, bütün bəşəriyyətə örnək verərdi. İndi semit dünyabaxışının daşıyıcı­ları Asif Atanın ideyalarından gizlənirlər.

Yuxarıda vurğuladıq, bizim ölçümüz Asif Atanın “Mütləqə İnam” ideyasından qaynaqlanır. Həm də bu ölçü onun özünü təsdiq üçün­dür. Ona görə burada Asif Atanın Allah Anlamına, eləcə də İnsana yanaş­masını özəl olaraq vurğulamaq gərəkir:

Mütləqlə Görüş

– Sən əbədisən, möhtəşəmsən, sonsuzsan, əvəzsizsən, sənə səcdə qılıram.

– Mən Sənəm, Özünü yaxşı tanı. Mən Səndə Varam.

– Mən Sən ola bilmərəm. Ağlım naqisdir, hissiyyatım bulanıqdır, iradəm zəifdir, qədim olsam da, naşıyam, özümə ləyaqətli həyat qura bilməmişəm, yanlışlıqlar içərisində itmi­şəm, çox axtarıb az tapıram, yaratdıqlarıma sahib olmamı­şam, ehtiraslarımı cilovlamağı bacarma­mışam, daxilimdəki şəri öldürməmişəm. Mən Sən deyiləm. Sən ola bilmərəm. Özünü mənə oxşatma. Sənin yanında mən bir heçəm.

– Ona görə ki, özündə deyilsən, özün ola bilməmisən. Ruhun alidir, Mütləqdir –  onu eşitməmisən! Məhəbbətin ilahi­dir –  onu qəl­bin­dən qovmusan! Müqəddəslik duyğun ülvi­dir –  ondan əl çəkmi­sən! Peyğəmbərlik siqlətin əzəmətlidir – onu anlamamısan! Özündən aliyə qovuşmaq həvəsin zəruridir – ondan əl çəkmisən! Mahiyyətin, mənan genişdir, lakin mühitə sığmısan! İndiyə qədər sən özün olmamısan!

– Zəif olduğum üçün olmamışam! Zəifliyimi dərk etmişəm və zəif qalmışam. Sən hədsiz dərəcədə güclüsən və bu səbəbdən də gücünü dərk etmisən. Mən Sən olsaydım, güclü olardım.

– Sən öz Allahlığını özündən ayırıb nadir övladlarında təcəssüm etdirmisən. Peyğəmbərlərin səni öz ürəklərində görüblər, dahi sənətkarların əsərlərində vəsf ediblər, musiqidə ilahi səsi eşitmisən, qəhrəmanlarında, fədakarlarında ölümsüz qüdrətini hiss etmisən. Özün isə özündən ayrı düşmüsən, çünki naşılıgın, şərin, naqisliyin sözünü eşitmisən və öz təbiətinin əksinə yaşamısan!

– Hərcayi sözlərə qulaq asanı Mütləq saymaq olarmı? Mütləq olsaydım, Şəri eşitməzdim.

– Sənin ruhani mənan ilahidir, cismani mənan bəsitdir. Daxilində həm Mütləq, həm də Nisbilik yaşayır. Ancaq mahiy­yətin – Mütləqdir, buna görə də sən şəri daxilindən silməyə qadirsən. Ancaq sən bunu eləmirsən, Mütləqin gücünə arxalan­mırsan, Mütləqi unudursan, onu qəlbində görmürsən və nisbi, natam, bayağı ehtiras­lar, düşüncələr həyatına hakim olur. Sən elə bilirsən ki, busan, özünə inamın sarsılır və şər qüvvələr səni öz alətinə çevirir.

Deməli, mən yenə də Sən deyiləm. Sən bütövsən, mən yarım­çığam, sən vahidsən – mən müxtəlifəm, sən paksan – mən bula­nığam.

– Mən Mütləqəm, sən özündə Mütləqi gəzdirən. Fərqimiz bundadır. Mən İşığam, qəlbinə axmışam. Sən İşığı unutmusan, qaran­lığa qovuşmusan. Sənin bütövlüyün mahiyyətindədir, Mahiy­yətin isə – Mənəm. Sən – Mənsən!

Mahiyyətinin ifadəsində – Mütləqlə yanaşı, nisbi, yanlış, şər də aşkara çıxırsa – bu səni çaşdırmasın. İfadə mahiyyətdən aşağıdır. Sənin bəlan ondadır ki, zahirdəkinə uyursan, daxildəkini unudursan, Allahlığından ayrılırsan. O zaman ki, sən öz Peyğəmbərlərinə, Qəhrəmanlarına mənən, idraklı, hissi yaxınlaşacaqsan, onda özün olacaqsan, Mütləqə qovuşacaqsan.

– Demək istəyirsən ki, mənim gücüm sonsuz, duyğularım, düşün­cələrim mütləq mənada ülvi olacaq, idealım tam həyata keçəcək, mən Sənin kimi ölümsüz olacağam?! Bu mümkün­dürmü?!

– Özünü dərindən anla! Bunların hamısı səndə var. Özündən əl çəkdiyin üçün onları özündə görmürsən. Ruhani qüdrətin hüdud­suzdur: o səni ülvi şəxsiyyətə çevirə bilər, daxili aləmini mütləq mənada saflaşdıra bilər, sənə ölümsüzlük bəxş edə bilər, bir şərtlə ki, özündəki Mütləqi görəsən, özünə tam qayıdasan! Əgər özündə Mütləqi görmürsənsə, deməli, insan kimi yaşamırsan. Sən – Mütləq­sən, ancaq bunu bilmirsən. Faciən bundadır. Mütləqliyini bilsəydin, ruhsuz, mənəviyyat­sız, idraksız həyatı həyat saymazdın, mühitdə itməzdin, maddi nemətlərin əsiri olmazdın, heyvanat dünyasıyla öz dünyan arasında fərqi görərdin, məhəbbətin ilahi mənasını qoruyar­dın, daxilini çirkin duyğulardan təmizləyərdin, mütilikdən, köləlik­dən, qorxu kabusundan xilas olardın, həqiqəti, ədaləti özün qədər sevərdin. Bunlardan ona görə uzaqsan ki, özündəki Mütləqi görməmisən!

– Mütləqdən ayrılmışam, deməli, Mütləq olmağa layiq deyilmi­şəm! Özünü mənə bənzətmə! Mütləqsən, ona görə də özündən ayrılmamısan!

– Sənin Mütləqə qayıtmaqdan başqa əlacın yoxdur. Nisbi idrakla, mənəviyyatla, hissiyyatla sən yaşaya bilməyəcəksən. Ya Allah olmalısan, ya da ölməlisən! Başqa yol yoxdur!

Mütləqin səsi zəhmli, hökmlü və sərt idi!

(Asif Ata. “Mütləqə İnam” Bitiyi, “Mütləqlə görüş bölümü).

Bu, Asif Atanın Allahının (Mütləqin) insanla obrazlı qonuşma­sıdır. Burada Allah insandan Allah olmaq, yəni öz Anlamına qovuş­maq tələb edir. Semit baxışlarında isə, dediyimiz kimi, Allah insandan qurbanlar tələb edir, insanı hədələyir, ərdəmliyini aşağılayır. Örnək: “Rəbb Musaya dedi: düş xalqa tapşır ki, məbada Rəbbi görmək üçün onun tərəfində olan sərhədi keçsin, yoxsa çoxları məhv olar”.

(Əhdi-Ətiq, Kitab şirkəti, 2004. Səh.118).

 

“Çünki Mən, sənin Allahın Rəbb, qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdi­rərəm”.

(həmin kitab. Səh.119).

“- Həqiqətən, cəhənnəm (mələklərin hazır durub kafirləri gözlə­diyi) pusqudur!

– O, azğınların məskənidir.

– Onlar orada daha sonsuz müddət qalacaqlar.

– Onlar orada nə bir sərinlik görəcək, nə də içməyə bir şey tapacaqlar;

– Qaynar sudan və irindən başqa!”

(“Quran”, “Azərnəşr”, 1992. Səh.612).

Biz Bibliyadakı, Qurandakı daha çirkin faktları sadalamaq istə­mirik. İnsana yanaşma təkcə faktların tək-təkində kobud deyil, bütövlükdə kitabların əsas prinsipləri insana qarşı yönəlibdir. Dünya­ya, Doğaya münasibət də belədir. Asif Atada isə, Doğada Mütləq var, Məna var. Doğa yenilənmələri ilə Mənalıdır. İnsan Məna kimidir, yəni Mütləqə təndir. Ancaq Doğa mənalıdır, Məna kimi deyil, yəni Mütləqin Təzahürüdür, ona tən deyil.

Dinin cəhalətinə uyan, sosial sorunlarla yaşayan, siyasi, inzibati zor qarşısında əzilən, əyilən insan özündə Mütləqi görə bilmir. İnsanı Allah saymaq ona görə ağıllarına sığmır ki, Allahı dünyanın yara­dıcısı kimi götürürlər. Düşünürlər, insan bu boyda dünyanı necə yarada bilər?! Nə qədər ki, insan dünyanın yoxdan, bir baxışla yara­dıl­dığına inanacaq, heç vaxt kamilləşməyəcək. Kamillik – Dünyanın əzəli, əbədi, kamil, sonsuz olduğunu dərk eləməkdən başlayır. Əslində kamillik Asif Atadan başlayır, yəni Mütləqilik ölçüsü ilə yaşamaqdan.

Bir haşiyə çıxaq: Bəzən Asif Ataya sayğı duyan ayrı-ayrı adamlar onun dediklərini mücərrəd sayırlar. Çünkü belə adamlar sözdə dinin etkisindən uzaq olduqlarını düşünsələr də, əslində düşüncə, idrak baxımından dinin etkisində olduqlarını anlamırlar. “Asif Atanın dedi­yi ölçü ilə xalq yaşaya bilməz, bu tək-tək adamların işidir” deyə dayazlıqda dururlar. Söz yox, insanlığın fəlsəfəsini toplum kütləvi şəkil­də bilməyəcək, ancaq insanlığın tələblərini hamı yaşaya bilər. Yəni çoxluq vicdanlı ola bilər, ədalətli yaşayar, başqalarına zor işlətməz, başqalarının haqqını ayaqlamaz, böyüyün, kiçiyin yerini bilər. Bu gün bunlar pozulub. Topluma bu gündən baxmaq – dinin, siyasətin yaratdığı anarxiyadan baxmaqdır. Hamı xörək bişirə bilmir, ancaq hamı bir aşpazın bişirdiyi xörəkdən yeyir. Bu sadə bir məntiqi dərk eləməmək idraki naşılıqdır. Mübarizə aparmayan, başqasının müba­rizə­sinin sonuc verəcəyinə inanmaz. Asif Ata deyir, bu çağacan filan məsələlər olmayıb, bundan sonra olmalıdır. Niyə olmalıdır? – Çünkü verdiyi ölçünün insanı öz mahiyyətinə yüksəldəcəyinə inanır. Ancaq “bu çağacan olmayıb, bundan sonra da olmayacaq” deyənlər insanlı­ğın həqiqətini anlaya bilməyənlərdir. Anlamayan inana bilməz. Buna doğal yanaşmaq gərəkir. Hamının, həqiqəti bir anda anlayacağına Asif Ata da qərar vermir. Yeni ideya etkisinin oturuş­ması aşamalarla başa gəlir. Ölçü yenilənib, yeni ölçü ilə düşünmək, yaşamaq gərəkir. Köhnə ölçü ilə ruhaniyyat yaranmadı. Başqa sözlə, Allahçılıqda İnsançılıq gücsüzləşdi. Köhnə peyğəm­bərlər öncə Allahı bəşəri düşündülər, sonra öz millətinin böyüyünə, hamisinə çevirdilər. Allah bəşəri olmaqdan uzaqlaşdırıldıqca, din qurucuları təkcə şüurları deyil, getdikləri ölkələrin torpaqlarını da zəbt elədilər. Başqa sözlə, öncə din imperiyası yaradırlar, dalınca da, bunu dövlət imperiyasına çevirirlər. Dövlət imperiyasına qulluq edən din bəşəri humanizmi bərqərar edə bilməz.

Din şüurları işğal elədiyinə görə imperiyaçılığı, ya da dövlət impe­­riyasına qulluq eləməsi, sadə insanlara, üzdə görünmür. Din siyasətə çevrilir. Siyasət işğal edir, talayır, üzdə isə dinin müqəd­dəs­liyini qorumaqdan danışır. Din də Allahın müqəddəsliyindən danışır. Ancaq Allahın heç bir xarakteri müqəddəs deyil. Allah keyfiyyətcə yaxşı araşdırılsa, ən pis hökmdara bənzədiyi üzə çıxar.

Tövratda Allah yalnız İsrail oğullarına xasdır. Müqəddəs sayılan kitab, başqa xalqların adını yalnız işğal olunacaqları halda çəkir. Allah İsrail oğullarına başqa xalqları daim məhv etmək göstərişi verir. İsrailin Allahı da, peyğəmbəri də işğalçıdır, amansızdır, qani­çəndir. Rəbb İnsanlığın Allahı olsaydı, ayrı-seçkilik eləməzdi.

Yəhudilər Rəbblərini başqa xalqlara verməyiblər. Ona görə yox ki, sayğı duyublar. Sadəcə istəməyiblər ki, Rəbbin xarakterinə başqa xalqlardan da keyfiyyətlər girsin. Girərsə, getdikcə yəhudilərin xarakterləri dəyişilər, dünyada yerlərini itirərlər, öz varlıqlarını sür­dürə bilməzlər. Yəhudi öz xarakterini Rəbbinə verib. Rəbb həmin xarak­­teri qoruyur, zaman-zaman (ibadətlə) yeni yəhudi soylarına qaytarır.

Tanrıçılıq da türkdən başqa heç bir xalqda olmayıb (sadəcə bəhrə­ləniblər, özlərininkini yaradanda Tanrıçılıqdan gələn atributları dəyişiblər). Türk Tanrısını başqa xalqlara qəbul elətdirmək üçün zor işlətməyib. Türk Tanrısına sayğı duyub. Eyni halda, Tanrıçılığı qəbul etmək istəyənlər gərək türk xarakteri kimi mətin, birüzlü, biryönlü olsunlar. Bu da zorla alınmaz. Ancaq ərəb öz Allahına sayğı duyma­yıb, onu zorla başqa xalqlara sırıyıb. Başqa sözlə, xalqları özü kimi xaraktersiz, kefcil eləməyə zorlayıb. Türkün iradəsi zorlandıqca xarakteri dəyişdi. Bu gün türk Tanrısına bənzəmir, ya da az bənzəyir, daha çox ərəbin Allahına bənzəyir – dağınıq, xaraktersiz.

Hörmüzd Tanrıçılıqdan gəlirdi, hər şeydən arı idi. Ancaq İslamda Allahın iki üzü var – həm qutsallıqlar, gözəllikər, həm də acıqlı, eybəcər, fəlakətli. Allahın iki məkanı – cənnət, cəhənnəm, onun iki üzlülüyünün ifadəsidir. (Məna-Gerçəklik məsələsi deyil). Allah sabit deyil, daim dəyişkəndir. İnsanı gah şirnikdirir (cənnətlə), gah da qan-irin içirtməklə hədələyir (cəhənnəmdə). İblis tərbiyəsi alanlar cəhən­nəm­də odlanırlar. Bu baxışda Allah bir sayılsa da, İblisin də bağım­sız­lığı var. Həm İblisin bağımsızlığı, həm də “Bir Olan Allah”da cənnət, cəhənnəm – dualizmin, pis şəklə düşmüş, qalığıdır.

Burada biz Tanrıçılığın üstünlüklərindən danışsaq da, yönümüz Mütləqə İnamadır. Tanrıçılıq Allahçı­lığa yeniləndən sonra dirçəl­mə­yib, bundan sonra da dirçəlməsi alınmayacaq. Min il dünyanı hərəkə­tə gətirmək üçün bir çox yeniliklər gərəkir. Sıradan çıxarılmışa yeni­lik gətirmək özünü doğrultmur. Biz Mütləqə İnam baxışının qəbul olunmasını doğru sayırıq. Tanrıçılığın üstün keyfiyyətləri Mütləqə İnamda öz əksini tapır.

Bu gün Tanrıçılığı təbliğ edənlər var. Ancaq onların ərəbçiliyə dirənişi o çağkı Tanrıçıların (yenilmişlərin) dirənişindən çox gücsüz­dür. Çünkü Tanrıçılıq – o çağdakıların yaşamında vardı, indikilərin biliyində, dilində. Ancaq Ocaqçılıq daha böyük, əsaslı, üstün ideya olmaqla yaşamımızda var. Ona görə həyata keçirilməsi mücərrəd deyil, yetərincə konkretdir. Başqa bir yöndən, Asif Ata bütün bəşəriyyətə gərək olan Allah ideyasını (Mütləq olanı) ortaya gətirir. Bu İnamda hər xalq öz xarakterini, böyük anlamda kimliyini qoruyub gələcək soylarına ötürmək olanağı əldə edir.

Burada gərəkən bir açıqlama verək: Fərqli dillər, fərqli mədəniy­yətlər, fərqli dəyərlər olduğu halda, bir İnam ola bilərmi? – Bizə görə bir İnam, bütün xalqlarda, bir ruhaniyyatın olması anlamına gəlmir. Çünkü ruhaniyyatın bəşəri prinsipləri ilə yanaşı milli prinsip­ləri də var. Məsələn, ədalət, sosial bərabərlik, toplumun insani qanun­­larla təşkil olunması – ruhaniyyatın bəşəri çalarları sayıla bilər. Hər xalqın özünəxas gələnəkləri – toy, vay, bayram, məişət özəllik­ləri, şəxsiyyətləri, Tanrıya verdikləri milli keyfiyyətlər – ruhaniy­ya­tın milli yönüdür. Hətta ədəbiyyatda, poeziyada belə, millilik, bəşəri­lik sınırları mövcuddur. İnamda Allah, başqa sözlə, Mütləq bir xalqı o birinin ayağına vermir. Daha doğrusu, xalqlararası ədavəti aradan qaldırır. Çünkü münasibətlər hərbə, iqtisadiyyata, siyasətə deyil, İnsanlığın prinsiplərinə söykənir. Bununla belə, İnsanlığa qarşı yönəl­miş siyasəti sarsıtmaq üçün, düşünürük, bütün bəşəriyyətə bir İnam gərəkdir. İnam çox olanda çıxarlar (mənafelər) ortaya çıxır, başqa sözlə, çıxarlar də çox olur. Çıxarlar toqquşmalar yaradır. Bütün millət­lərin birliyi, doğmalığı – faydaçılığı Xeyirlə əvəz eləməkdən keçir. Ruhaniyyat bir İnama dayansa, pozucu çıxarları aradan qaldırar.

Din siyasətlə döyüşə bilmədi, çünkü öz içindəki yalanlar ona əngəl oldu. Din insanlığı qoruya bilmədi, dinin özünü qorumağa çalışdılar. Ancaq yalanı doğuran bir Baxış yalanla qorunub var ola bilməz. Çağımızda dinlərin döyüşü deyə bir şey uydururlar. Bunu da ən çox Göyel sayılan Xristianlıqla İslama özgün edirlər. Əslində isə Xristianlıqla İslamın döyüşü yoxdur. Döyüşüb nə edəcəklər?! – Bütün müsəlmanları xristiana döndərmək adında hədəf yoxdur axı. Sadəcə elə görüntü yarada bilərlər. Xristian sayılan Avropa ölkələri müsəlmanları xristianlaşdırarlarsa, o zaman onların doğal sərvətlərini asanlıqla sömürə bilməzlər. Onlara cahil müsəlman gərəkdir, öz içlə­rin­də döyüşdürsünlər, qıraqdan onlara (guya) qayğıkeşlik edib öz “böyüklüklərini” yeritsinlər. Döyüşüb Xristianlıq qələbə çalsa, Avro­pa­­dakı hüquqçuluq, açıq-saçıqlıq, müsəlmanlarla öz aralarında, bəra­bərlik yarada bilər. Bunun olmaması üçün müsəlman elə müsəlman qalmalıdır.

Bu gün də türk dünyasını, ərəb dünyasını özləri ilə bərabər səviy­yəyə buraxmırlar. Dinlərarası dialoq-filan buna qulluq edir.

İslamı heç kim yer üzündən silmək istəmir. Çünkü dünyanı yönə­tən siyasi güclər bilir ki, İslam çöksə, millətləşmə prosesi başlayacaq, köklü xalqlar dirçələcək…

Son söz yerinə

 Dünya ona görə dağılır ki, Tanrısal məsələləri oyuna çevirdilər. Din öz Tanrı Anlamını oyuna gətirdi. Siyasət də dini terror ortamına çevirdi. Asif Ata bunları dərindən gördü. Ona görə dedi: “Zəmanə İnamını İnamsızlıq saydım, İnam yaratdım!”.

Biz Azərbaycanda başlayan peyğəmbərlik olayı yaradırıq – İnsanlaşma, Millətləşmə (bizdə türkləş­mə), Bəşərləşmə (Qloballaşma yox) gedişi yaradan Dünyabaxış!

Bir sıra hallarda Avropanın, ərəblərin, başqalarının adını qınaqla vurğulamağımız türk ayrılığı yaratmaq, türkü başqalarına qarşı qoy­maq üçün deyil. Asif Ata bəşəriyyəti oyunlardan qurtarmaq üçün ruhsal savaşa başlayıb. Onun bütün düşüncələri insandan başlayır, insana üz tutur, insanda başa çatır. Ataya görə Allaha inanmaq İnsana inanmağı rədd etməməlidir. Allahı içində, yəni İnsanda görə bilməyənin Allaha inamına inanmaq doğru deyil. Allah insanda ifadə olunur, dərk olunur, yaşayır. İnsanı Allahın köləsi saymaq Allahı öldürməkdir. Çünkü yalnız Ağa özünə kölə istəyir. Allahı ağalaş­dırma – onun qutsallığını rədd etməkdir…

Beləliklə, biz bu yazı ilə, Göyel dinlərin kitablarında Allaha, İnsa­na, Doğaya yanaşmanın bəzi çalarlarına aydınlıq gətirməyə çalışdıq. Özəllikcə Bibliyanın dediklərinə daha çox toxunduq. Bəşər övladı ayrı-ayrı çağlarda keçmişə ayıq baxmağa çalışır, ancaq gələcəyə uğurlu söz deyə bilmir. Hər kəs qüsuru görür, qınayır, ələşdirir, ancaq qüsursuzluğu görə, deyə bilmir. Bu çox prinsipial məsələdir. Nədən bilmir?! – Çünkü üzdə görünəni görür, dərindəki səbəbi görmür. Dərindəki səbəb bilinməyəndə isə, gələcək üçün doğru olanı da demək alınmır. Bu açıdan baxsaq, peyğəmbərliyin, filo­sofluğun böyük önəm daşıdığını daha yaxşı anlamaq olar. Bizim yanaşmalarımız ona görə fərqlidir. Çünkü biz sadəcə qınayıb, ələşdirib (tənqid edib) keçmirik, yol deyirik. Çünkü İnam yaradıcısının, filoso­funun sözünə, işinə arxalanırıq.

Biz, bəşəriyyətin keçdiyi yollarda yüksək tapıntılardan bəhrələ­nirik, yanlışları rədd edirik. Yüksək tapıntılardan bəhrələnəndə belə, onları təkrar eləmirik. Davam da eləmirik. Çünkü bu tapıntılar yan­lış­larla çulğaşmış durumdadır. Məsələn, biz peyğəmbərlərin uğurlu işlərini qiymətləndiririk, ancaq zərərlərinə qarşı barışmaz oluruq. Belə olmasa insanı qurtarmaq baş tutmaz. Şərlə Xeyiri bir-birinə qarışdıran düşüncələrdən bəşər övladının şüuru arınmasa, insanın özünüdərk məsələsi yeriməz. Ədalətdən, həqiqətdən danış­maq dəyərini itirər. Ədalət, həqiqət insanın özünü dərk etməsindən sonra yaşamağa başlayır. Bu prosesi həyata keçirən, yaşadan, qoru­yan Tanrısal sistemdir. Tanrısal sistemi düzgün qurmaq gərəkdir. Biz də hesab edirik, bu sistemi Asif Ata özündə düzgün qurub. Əgər siz də, sayğılı oxucular, Asif Atanı dərindən öyrənsəniz, bizim dediklərimizi təsdiq edərsiniz. Biz sizi, öyrənib təsdiq eləməyə – İnsanlaşmağa, Millətləşməyə, Bəşərləşməyə çağırırıq!

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

 Günəş-İşıq Ayları, 39-cu il.

Atakənd, Saray-Soylu.

 

 

Share: