Əbülfət MƏDƏTOĞLU
Susduğum anın ŞEİRİ
Susmuşam… ürəyimi –
yarpaq, yarpaq kəsirəm…
Tənhalığın əlində –
yarpaq kimi əsirəm!..
.
Kədər lövbər salıbdı ,
ağrılar da yurd yeri…
Yadımda bir ad qalıb –
sonuncu Umud yeri!..
.
Ruhumun tül üzünü –
damlalar naxışlayıb…
Bu qıza gül üzünü –
Yaradan bağışlayıb!..
.
Susmuşam … öz içimin
divarının dibində…
Gülür mənə , uzaqdan –
təklik , əli cibində!..
Bu adam…
Bir təklikdi, bir sükutdu, bir də ki
Dörd divardı – söhbət edir bu adam!..
Çiynindəki günahlardı, yerdə ki –
Öz -özünü töhmət edir bu adam!..
.
An ötdükcə “ah” hıçqırır, ” ah” deyir
Adını da gah düşünür, gah deyir!
O bir SƏNİ, bir də ki, Allah deyir –
Görüş üçün umur möhlət bu adam!…
.
Hey kökləyir bəm də, zil də özünü
Körükləyir tüstülənən közünü!..
Car çəkibdi neçə dildə sözünü –
Bilir səni nəfəs, işıq, su adam!
.
Ürəyini çırp , sökülsün sevgisi…
Göz yaşı tək, qoy tökülsün sevgisi…
Nə əyilsin, nə bükülsün sevgisi –
Son nəğməsin qoy oxusun , Qu adam!
MƏN…
Hər anım xəlbirdən, ələkdən keçir
Hər an da dən kimi sovruluram mən..
İçimdə nə varsa tay sənə köçür –
Qalan cismim ilə qovruluram mən…
.
Qollarım qoynumda, boynum kəndirdə
Göyərir göz yaşım köhnə məndildə…
Hər gün küt gedirəm soyuq təndirdə –
Hər gün də təzədən , yoğruluram mən!..
.
Həsrətlə silahsız dava edirəm,
Xəyalı ruhuma yuva edirəm!…
Sənə gözlərimlə dua edirəm –
Yaxamı əyil aç, boğuluram mən!..
Səndə də mən…
Bu gecəm də dünənkinin davamıdı,
Məkan həmən, ağrı həmən, məndə də mən!
Bu dünyanın bəlkədə ən avamıdı –
Özün tapıb bu yaşında , səndə də mən!?
.
Yuxu payın çəkib şişə , qoyub közə
Qovrulduqca qor sıçrayır közdən gözə…
Sübhü açdım gecəsinə dözə-dözə –
Yaşlaşaraq saçımdakı dəndə də mən!..
.
Qaralayıb həm dəftərdə, həm kitabda
Adım keçən həm cümlədə, həm xitabda…
Dilə salıb haq olmayan bir sitat da –
Sığışmıram nə şəhərə , nə kəndə mən!
.
…Bu gecə də düşməyəcək göydən nəsə,
Bu bəllidi, tay sir deyil heç bir kəsə!
Yastığına , göz yaşınla daman səsə –
Oyananda, görünəcək səndə də mən!