Belə bir deyim var, insan var evdən gedər, insan var eldən … Aşıq Vüqar eldən getdi.
Xatirələrdə, yaddaşlarda qalmaq, əbədiləşmək hər adama nəsib olmur. Bu günlərdə çağdaş Şirvan aşıq məktəbinin ən layiqli nümayəndələrindən biri, sənətinin püxtələşdiyi, həyatının, arzularının çiçəkləndiyi bir dövrünü yaşayan, ulu aşıq sənətinə hələ çox töhfələr verə biləcək bir dəyərli aşığımızı, aşıq Vüqar Mahmudoğlunu itirdik. Aşıq Vüqarın vaxtsız ölümü təkcə ailəsini, biz dostlarını, Vüqarsevərləri qəmə bürümədi, göz yasına qərq etmədi, ürəyini yandırıb yaxmadı, eyni zamanda təmsil elədiyi Şirvan aşıq mühiti üçün və bütünlükdə ümumazərbaycan aşıq sənəti üçün böyük itki oldu. Çünki aşıq Vüqar sözün əsl mənasında aşıq adını uca tutan və buna layiq olan sənətkar idi.
Xatirələr məni çox uzaqlara aparır. Onunla ilk tanışlığımızı xatırlayıram. Səhv etmirəmsə 1997-ci il idi. Bakıda şadlıq evlərinin birində toya dəvət olunmuşdum. Toyun gedişatı zamanı musiqiçilərlə tanış olarkən Vüqarın çox istiqanlı, mehriban münasibəti məndə ona qarşı bir doğmalıq yaratdı. Hələ biləndəki o elimizin, obamızın görkəmli aşığı aşıq Mahmud Ələsgəroğlunun övladıdır, daha çox sevindim.
Sonralar onunla toy düyünlərdə birlikdə çox iştirak etmişdik, o zamanlar Vüqar qarmon ifaçısı idi. Bu o zamanlar idi ki, mən toylarda ifa olunan aşıq havalarının və mahnılarının çoxunu bilmirdim. Bir müğənni kimi mənə sifariş olunan havaları Vüqar oxuyardı və məni düşdüyüm durumdan xilas edərdi. Onun aşıqlara məxsus gözəl xırdalıqları şirin məlahətli səsi və profossional oxu tərzi məni valeh edirdi. Hətta bir dəfə dedim ki, Vüqar, sənin ki belə istedadın var, nədən sən aşıqlıq etmirsən. cavabı indiki kimi qulaqlarımda səslənir: Atam kimi aşığın yanında aşıqlıq etmərəm . Sonralar aşıq Mahmud cavan yaşlarında faciəli surətdə dünyasını dəyişdi. Bax onda bir çox ziyalıların və ailəsinin təkidi ilə Vüqar atasının aşıq libasını geyinib, sazını sinəsinə basdı. Və o gündən həyatının sonuna qədər o sazı susmağa qoymadı. Aşıq adını ləyaqətlə daşıdı.
İlk təhsilinin orta musiqi məktbində, sonra isə ali təhsilini Azərbaycan Dövlət İncəsənət Univeristetində alması, notu bilməsi onu bir çox aşıqlardan fərqləndirdi. Amma bu kimi keyfiyyətlər əlbəttə ki təkcə təhsillə də bağlı deyildi. O, həm də Şirvan aşıq mühitinin yetirdiyi, Azərbaycan aşıq sənətinin görkəmli yaradıcı aşıqlarından biri olan aşıq Mahmud Ələsgəroğlunun ocağında dünyaya göz açmışdı. Ustad oğlu şəyird olmaz, deyiblər. Vüqar Aşıq Mahmudla birgə iyirmi il istər Şirvanda, istərsə də Azərbaycanın digər bölgələrində toy-düyün məclislərində, eləcə də dövlət miqyaslı tədbirlərində birgə çıxış etmişdi. Baxmayaraq ki, Vüqar o zamanlar Aşıq Mahmudun dəstəsində qarmon ifaçısı kimi çalışırdı, amma Aşıq Mahmuddan həm də aşıqlıq sənətinin sirlərini çox yüksək səviyyədə əxs edirdi, öyrənirdi.
Aşıq Vüqar yaradıcılığına nəzər saldıqda, onun yüksək sənəkarlıqla ifa etdiyi aşıq havalarının hər birinin ayrı ayrılıqda bir sənət nümunəsi kimi təqdimatının şahidi oluruq. O, Şirvan aşıq sənətini dərindən bilirdi və bu sənətə həm də yaradıcı olaraq yanaşırdı. İfa etdiyi “ Şirvan şikəstəsi”, “ Sarıtorpaq şikəstəsi”, “Qədimi şikəstə”, “Köpək şikəstə”, “İbrahim peşrovu”, “ Eyvaz peşrovu”, Hicaz peşrovu”, “ Şiraz peşrovu”,“ Şirvan gözəlləməsi”, “ Kərəmi” və. s bir çox aşıq nümunələri onun yaradıcılığında geniş yer tuturdu. Həzin və məlahətli səs diapazonu və yüksək ifaçılıq məharətini özündə birləşdirən bu ifalar əlbəttə ki, onun yüksək sənətkarlığından qaynaqlanırdı . Qoşma, Müxəmməs, Gəraylı, Divani üstündə oxuduğu aşıq havaları istər onun xalq ruhuna yaxın olan aşıq poeziyasına, istərsə də klassik poeziya incilərinə dərindən bələd olduğundan xəbər verirdi..
Təxminən bir ay bundan öncə hər ikimizin dostu olan Faiq Balabəyli ilə birgə səsyazma studiyalarının birinə yeni bir mahnını araya-ərsəyə gətirmək üçün getmişdik. Aşıq Vüqarla sonuncu dəfə orada qarşılaşdıq. Xeyli söhbət etdik. Söz arası ona irad da bildirdim: Ali təhsilin, çox illik təcrübən olduğu halda niyə təhsil ocaqlarının birində dərs demirsən? Aşıq sənətini bu qədər dərindən bildiyin halda, niyə elmi yaradıcılıqla məşğul olmursan?
Mənimlə razı olduğunu, mütləq bu haqda düşünəcəyini bildirdi. Planlaşdırmışdıq ki, Şirvan aşıq mühitində yaranan və formalaşan, regional xüsusiyyətləri özündə əks etdirən bir sıra dastanları Aşıq Vüqarın ifasında lentə yazdıraq. Və mən bu ifaları nota salım, hər birinin melopoetikası, melodik variantlılığı, ifa tərzi, təfsir üslubu və s.nəzəri təhlilə cəlb edim . Ürək ağrısıyla təssüflənirəm ki, bütün bunlar arzu olarq qaldı. Amma bir təsəllim var ki, istər internet resuslarında, istər televiziya və radionun yaddaşında, istərsə də Vüqarsevərlərin arxivində onun lent yazıları var. Əminəm ki, zamanla mən də daxil olmaqla, digər musiqi və folklor sahəsinə çalışan tədqiqtçılarımız onun yaradıcılığına müraciət edəcək.
Onun qısa ömür payına nəzər salanda aşıq sənətində gördüyü işləri görməmək mümkün deyildir. O, təkcə toy-düyün məclislərinin bəzəyi deyildi. Aşıq sənətini ölkəmizlə bərabər Fransa, Almaniya, Xorvatiya, Rusiya, Türkiyə,İsveç, İran və s.kimi bir çox xarici ölkələrdə təmsil etmişdir.
Bu gün o, yoxdur . Amma onun işıqlı parlaq xatirəsi hər zaman bizim qəlbimizdə yaşayacaqdır .
Ruhun şad olsun, Aşıq Vüqar!
Fəridə Mirişova
Xanəndə,
AMEA nın Folklor institutunun elmi işçisi