Kulis.az Orxan Adıgözəlin “Ruhunu şeytana bağışla” adlı yeni yazısını təqdim edir.
Təsəvvür edin ki, bir nəfər qarşınıza çıxır və yeddi arzunuzu yerinə yetirəcəyini bildirir. Ondan nələr diləyərdiniz?!
Göz qamaşdıran möcüzələri ilə sizi öz fövqalədə gücünə inandıran kəs, şəxsən şeytanın özü olsa və uzun illərdir həsrətində olduğunuz, reallaşacağı təqdirdə isə səadətə qovuşacağınıza inandığınız diləklərinizi yerinə yetirdiyi halda, sonda ona ruhunuzu satmağı razılaşardınız?!
Bu şərtdir. Yeddi arzunuz reallaşır, axırda şərtə əsasən ruhunuzu Lusiferə bağışlayırsınız. Yeri gəlmişkən, latın dilindən tərcümədə “Luicifer” “parlayan” kimi tərcünmə olunur və xristian inancına görə Lusifer şeytanı təsvir edən adlardan biridir.
2000-ci ildə çəkilən “Bedazzled”(“Gözləri parıltıdan tutulan”) bədii filmi məhz Lusiferin bir nəfərə təqdim etdiyi gözqamaşdıran təklifi ilə bağlıdır. “Yeddi arzunu yerinə gətirirəm, axırda ruhun mənim olacaq” şərtini qəbul edən əsas qəhrəman Elliot Riçard bir idarədə perespektivsiz işçidir. O, xroniki uğursuzluqdan əziyyət çəkir. Özünə inamı çox aşağı olan bu gənc oğlanla heç kim dostluq etmək istəmir. Onun duzsuz zarafatları və sırtıqlığı ətrafındakıları ona qarşı dözümsüz edir. Elliot işlədiyi idarədə Alison adlı qıza aşiqdir. Qız isə onu heç “görmür”, tanımır. Kölgə qədər də diqqət çəkməyən Elliot bir gün barda Alisona yaxınlaşır və illərdir bir idarədə işlədiyini bildirir. Alison isə qarşısındakı qətiyyətsiz kişini yola verir və onun yanından uzaqlaşır. Həmin an Elliot aciz şəkildə ürəkdən gələn arzusunu dilə gətirir: “hər şeyimi verərdim, təki Alisonla birgə olum.” Həmin an cazibədar qadın şəkilində peyda olan şeytan Elliota yaxınlaşır və ona gözqamaşdırıcı bir təklif edir.
1967-ci ildə çəkilən “Bedazzled” filminin rekviemi sayılan eyniadlı film, “Ghostbusters”(“Kabus ovçuları”) kimi məşhur filmin ssenaristi olan kinorejissor Harold Ramis tərəfindən çəkilib. 2000-ci ildə çəkilən film 1967-ci ildə çəkilən filmdən qat-qat maraqlı alınıb. Məsələ təkcə film sənayesinin texniki inkişafından getmir, ssenariyadakı dəyişiklik Ramisin filmini olduqca rəngarəng edib.
Psixoloji yükü ağır olan, ovqatı lərzəyə salan filmlərdən dincəlmək istəyənlər Harold Ramisin filmini izləyə bilər. Film sadə, yüngül, kalorisiz şiriniyyat kimi dadlıdır. Ağızda əriyən azşəkərli təam kimi ləzzətli olan bədii əsər izləyicinin beyninə, ruhuna ləziz bir dad kimi yayılacaq. Mərkəzi sinir sisteminə xoş dalğalar ötürəcək “Bedazzled” filmi komediya janrındakı ən yaxşı filmlərdən biri olmaqla yanaşı, zehinlərdə gözəl iz buraxan düşündürücü filmlərdəndir. Bu düşüncə isə bəzi ağır filmləri başa çatdırandan sonra fikri qarışığa salan gurlayan fəlsəfənin nəfəskəsən nəticələrindən yaratmır. Bu film rənglərin çalarlarını görüb həzz almaq və əylənmək üçün istehsal olunub.
Əlbəttə “Bedazzled” filmi mənəvi mesajını da verməyi unutmur. Əyləncə pərdəsi altında ekrandan izləyiciyə çilənən mənəvi mesajlar kiməsə nəyisə soxuşdurmur. Burada propaqanda səviyyəsində nəsə yoxdur. Hər şey sadə və müstəqilliyi nəzərə alacaq səviyyədədir: Məsuliyyət öz əlimizdədir və əməllərimizi şeytanın, ya da Allahın üstünə atmamalıyıq. Qərarları azad şəkildə özümüz veririksə, seçdiyimiz şeylərin nəticələri də bizim adımıza yazılır. Radikal dəyişiklik üçün şeytana müraciət edəciksə, onun mütləq ki, fəsadları çıxacaq. Çünki Lusiferin təklif etdiyi yoldakı nəticə zəhmətsiz əldə olunur. Zəhmətsiz məhsul isə köksüz və bünövrəsiz gəlir deyə, tez aşmağa, dağılmağa məhkumdur.
Filmin əvvəlində şeytan özünə qurban seçərkən insanların başları üzərində müxtəlif adda yarlıqlar görünür: “şorgöz”, “zəhmətkeş”, “pula satılan”, “green card əldə etmək” istəyən və s. Elliotun başı üzərindəki yarlıqda “sevgiyə susamış” yazılır. Şeytan betta keyfiyyətləri ilə örtülü bu gənc kişini elə-belədən hədəf seçmir. Elliot bir kişi kimi özünü hətta arzularının içində belə realizə edə bilmir. O, Alison ilə evli olmağı, varlı və nüfuzlu kişi olmağı birgə arzulayır. Dilək reallaşır. Elliot böyük malikanədə, Alison ilə eyni yataqda gözlərini açır. Sevdiyi qadını, qulluqçu və mühafizəçilərlə dolu köşkü, var-dövləti görəndə, Elliot, çox sevinir. Daha sonra hər şeyin şər üzərində qurulduğu meydana çıxır. Az keçmir ki, o, kolumbiyalı narko-baron olduğunu, sevimli arvadının da öz ingilis dili müəllimi ilə mazağlaşdığını öyrənir. İşçiləri belə onu başqa mafiyaya satır və hadisələr dağıdıcı məcra ilə Elliotun sonunu gətirir. Bu hələ Elliotun bir arzusudur. Digər arzular dünyasındakı maraqlı hadisələri görmək istəyənlər filmə baxaraq məlumatlanmış olacaqlar.
Elliot Riçard rolunu kinosevərlərin yadında 1999-cu ildə çəkilmiş “The Mummy” filminin baş rol ifaçısı kimi yadda qalan aktyor Brendan Fryzer canlandırır. “Bedazzled” filmi Freyzerin oynadığı ən maraqlı komediya filmlərindəndir. Şeytan rolunu füsunkar aktrisa Elizabet Hörli oynayır. Filmdəki aktyor oyunu gurultulu alqışlara layiqdir.
Filmi izləyənlərin yorğunluqdan xilas olacağı və xoş əhvala köklənəcəyi şübhəsizdir. “Gözlərin qamaşması” filmi izləyicinin təkcə gözlərini yox, ruhunu da qamaşdıracaq. Bu qamaşma şəxsi əxlaqın seçimlərlə qidalandığını və səhvlər etsək belə oradan anlayışlı nəticələr çıxardıb, arzularımıza səmimiyyət və cəsarətlə çatacağımızı çatdıracaq.