Rumıniyada yanacaqdoldurma məntəqələrinə sahib olan və enerji bazarında xüsusi nüfuzu ilə seçilən SOCAR-ın bu ölkədə törəmə “SOCAR Petroleum SA” şirkəti ötən il gəlirlərinin və satışlarının artdığını bildirib.
AZƏRTAC ölkədə biznes və iqtisadiyyat sahəsində qabaqcıl nəşr və internet portal “Economica.net”ə istinadla xəbər verir ki, şirkətin ötən il üçün dövriyyəsi 1,42 milyard ley, xalis mənfəəti isə 16,45 milyon ley olduğu bildirib (1 manat-2,73 ley). Rəqəmlər 2020-ci illə müqayisədə çox müsbət dinamikanı göstərir. Belə ki, 2020-ci ildə SOCAR-ın Rumıniyada 827 milyon ley dövriyyəsi və cəmi 6,8 milyon ley xalis mənfəəti olub. Həmçinin Rumıniya Maliyyə Nazirliyinə təqdim edilən balans məlumatlarına əsasən, şirkətin işçilərinin sayı bir qədər artaraq 669-dan 682-yə çatıb. Geniş yanacaqdoldurma şəbəkəsini əhatə edən “SOCAR Petroleum SA” hazırda bir neçə illik inkişafdan sonra 67 yanacaqdoldurma məntəqəsi şəbəkəsinə malikdir. Eyni zamanda məqalənin müəllifi iqtisadi ekspert Mihai Nikuts bildirir ki, Azərbaycan TANAP və TAP boru kəməri sistemi vasitəsilə Avropanın qaz tədarükçüsünə çevrilib. Rumıniya rəsmilərinin sözlərinə görə, Bolqarıstan və Yunanıstan arasında interkonnektor qurulduqdan sonra Rumıniya Azərbaycan qazını idxal edəcək. Bu isə ölkəmizin Rumıniyada qaz sektoru biznesində iştirakı ilə nəticələnə bilər. Qeyd olunub ki, bununla bağlı iki ölkə arasında rəsmi görüşlər keçirilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest