Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib.
Oxu.Az xəbər verir ki, turun ilk oyunu Qərb derbisi olub.
“Turan Tovuz” evdə “Kəpəz”i qəbul edib.
Tovuz şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinin heyətində hər iki qolu Runi Eva Vankevai vurub. 39-cu dəqiqədə hesabı açan kamerunlu hücumçu 77-ci dəqiqədə penaltidən fərqlənməklə son nöqtəni qoyub.
Bu qələbədən sonra xallarını 10-a çatdıran “Turan Tovuz” 4-cü pilləyə yüksəlib.
Xalı olmayan “Kəpəz” isə sonuncudur.
Qeyd edək ki, turun digər 4 matçı şənbə və bazar günləri oynanılacaq. Sentyabrın 10-da “Qəbələ” – “Neftçi” və “Səbail” – “Zirə”, bir gün sonra isə “Sumqayıt” – “Şamaxı” və “Qarabağ” – “Sabah” oyunları baş tutacaq.