23 dekabr tarixində Bakı şəhəri Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti, Ali baş Komandan İlham Əliyevin doğum günü, o cümlədən, 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni İl münasibəti ilə möhtəşəm “Vətənimizə zəfər yaraşır” adlı tədbir keçirilib.
Tədbir bir çox maraqlı maraqlı məqamlarıyla və xoş təəssüratlara yadda qalıb. Belə ki, tədbirin təşşəbüskarı və təşkilatçısı 211 nömrəli məktəbin “Fəxri müəllimi” və “İlin müəllimi” adına layiq görülən Kəmalə Əzimzadə olub və onun sayəsində rus bölməsinin şagirdləri şeir, mahnı və rəqslərlə tədbirə rəng qatıblar. Tədbir Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı, nəğməkar-şair, jurnalist Fuad Biləsuvarlının yaradıcılığı əsasında təşkil olunub. Şagirdlər şair Fuad Biləsuvarlının vətənpərvərlik şeirlərini çox gözəl, məharətlə qiraət ediblər. Həmçinin şagirdlər şairin sözlərinə əməkdar incəsənət xadimi Nadir Əzimovun bəstələdiyi xalq artisti Brilliant Dadaşovanın “Qarabağ-Şuşa” əsərini ifa ediblər. Şagirdlər həm türk mahnısını, həm də “Sarı gəlin” əsərini mükəmməl rəqs edərək nümayiş ediblər. Bundan başqa, SSRİ xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevin “Azərbaycan” əsərini də özünəməxsus şəkildə gözəl ifalarıyla diqqət çəkiblər.
Tədbirin ən yaddaqalan anlarında biri də Dünya Azərbaycanlılarının Həmrəylik Günü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olması xatırlanıb. Şagirdlər müəllimə Kəmalə Əzimzadənin təşkilatçılığı ilə FLAŞMOB düzəldiblər.
Daha sonra məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev, şair Fuad Biləsuvarlı və tanınmış jurnalist Fuad Mədətov çıxış edərək tədbir iştirakçılarına ürək sözlərini söyləyiblər.
Direktor Rəhman Hacıyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına miras qoyub getdiyi siyasi ənənələrə Ali Baş Komandan İlham Əliyevin sadiq qalmağından, 44 günlük müharibədə şanlı ordumuzun yumruq kimi birləşərək Qarabağın azad edilməyindən söhbət açaraq bu və digər məsələləri təqdir edib.
Şair Fuad Biləsuvarlı çıxışı zamanı isə cənab Prezidentin elm,ədəbiyyat və təhsil sahəsində gördüyü işləri müsbət dəyərləndirib. O, tədbirin təşkilatçısı Kəmalə müəlliməyə və məktəbin rəhbəri Rəhman müəllimə minnətdarlığını bildirib. Şair çıxışının sonunda “Tanrı taleyimdən xəbərsiz deyil” adlı şeiri ilə qonaqlara xoş əhval-ruhiyyə bəxş edib.
Daha sonra tanınmış jurnalist Fuad Mədətov çıxış edib. O, şagirdlərə Vətənə sevgisindən, şagirdlərin müəllimə münasibətindən geniş danışıb. F.Mədətov tədbirin yüksək səviyyədə ərsəyə gəlməsi üçün məktəb rəhbərliyinə və kollektivinə, o cümlədən, valideynlərə minnətdar olub. Həmçinin F.Mədətov səmimi ab-havada keçirilən tədbirə görə pedaqoq Kəmalə Əzimzadənin ənənəvi təşkil etdiyi bu cür tədbirlərə görə təşəkürünü bildirib.
Onu da qeyd edək ki, tədbirdən əvvəl şagirdlərin nəğməkar-şair Fuad Biləsuvarlı ilə görüşü baş tutub.
Qeyd edək ki, Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə hər il ənənəvi olaraq bu cür tədbirlər keçirilir.