Ermənilər hələ də Rusiyanın əlində alət olaraq qalır.
İstənilən an sərhəddə və Qarabağda erməni tərəfinin əli ilə provokasiyalar törətmək Rusiya üçün çox asan işdir.
Digər tərəfdən, etiraf etməliyik ki, Azərbaycanın lokal (yalnız lokal) əks tədbirlər görməsi də Rusiyanın marağına uyğundur. Məlum olduğu kimi, ötən müddətdə bir neçə dəfə bizim əks zərbələrimizə göz yumublar, əngəl olmayıblar. Aydındır ki, Rusiya Azərbaycanın vəziyyəti strateji baxımdan dəyişəcək addımlarına (məsələn, Qarabağın tam nəzarətə götürülməsi və bu məsələnin bitirilməsi) imkan vermək istəməyəcək.
Ermənilərin provokativ davranışları (burda şəxsən Paşinyanın rolu olduğuna şübhəm var) və bizim buna cavablarımız konflikt situasiyasının davam etməsini, konfliktin davam etməsi isə Rusiyanın bölgədə qalmasını şərtləndirir.
Çünki belə bir vəziyyətdə:
1. Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanması və hər iki tərəfin belini bükmüş bu uzunmüddətli düşmənçiliyə son qoyulması mümkün olmur, yaralar qaysaq bağlamır və qanamağa davam edir, Avropa Birliyinin vasitəçiliyi də iflasa uğrayır;
2. Qarabağda Rusiya hərbi kontingentinin sülhməramlı adı ilə mövcudiyyəti legitimlik qazanır və onların yaxın gələcəkdə oranı tərk etməsi ehtimalı aradan qalxır;
3. Bütün dünya görür ki, ermənilər və azərbaycanlılar bir-birini qırmağa davam edir və heç cür anlaşa bilmirlər. Qərb qorxuya düşür və fikirləşir ki, Rusiya olmasa, Azərbaycanla Türkiyə Ermənistan dövlətini və Qarabağ ermənilərini məhv edə bilər, Qarabağda azərbaycanlılar və ermənilərin birgəyaşayışı imkansızdır, ona görə də Rusiya elə orda qalsa yaxşıdır, sonrasına baxarıq…
Çox təəssüf ki, imperiyanın “dovşana qaç, tazıya tut” siyasəti hələ də effektivdir və ermənilərlə biz bir-birimizi ittiham edə-edə, didişə-didişə, vuruşa-vuruşa qapalı dairənin içində vurnuxmağa davam edirik. Və bunun sonu hələ ki görünmür…
Müstəqil.Az