Rusdilli insanlar mədəniyyətimizin kosmetikasıdır – Aqşin yazır…

Rusdilli insanlar mədəniyyətimizin kosmetikasıdır – Aqşin yazır…

Kulis.az Aqşin Yeniseyin “Oturdublar hər cümə, etdiriblər tərcümə” adlı yeni yazısını təqdim edir.

Tərcümə mətni təkcə yad dilə deyil, yad təfəkkürə, yad mədəniyyətə açılan qapıdır. Bir millətin mədəniyyətində bu cür qapıların sayı nə qədər çox olsa, onun təfəkkürü, mədəniyyəti də bir o qədər zəngin, rəngarəng olar.

Uzun müddət Azərbaycan tərcümə məktəbi yalnız bir qapıdan istifadə edib; rus dili. Rus öz milli ruhuna nə lazım olubsa onu götürüb öz dilinə özünə lazım olan şəkildə tərcümə edib, biz də rusun tərcüməsini, tərcümə edib milliləşdirmişik. Yəni bizim milli dediyimiz mədəni ünsürlərin böyük çoxluğu rus ruhunun təcəssümüdür. Oturdublar hər cümə, etdiriblər tərcümə, vəssalam!

Ola bilsin ki, biz bu ruhu milliləşdirəndə, sadəcə, bir az ucundan sünnət etmişik ki, özümüzünkünə oxşasın. Bugünkü mədəni bozluğun, mədəni solğunluğun bir səbəbi də uzun müddət dünyaya yalnız bir qapıdan girib-çıxmağımızla bağlıdır. Biz uzun müddət bütün dünyaya qarşısındakı tovuzquşunu eyni rəngdə görən qurbağa kimi baxmışıq və bu da təfəkkürümüzdə “rəng korluğu” yaradıb.

Sovet hökuməti Azərbaycan büdcəsini tərcümə məktəbinin formalaşmasına deyil, tərcümə adı altında rus dilinin kütləviləşməsinə xərcləyirdi, hətta tərcümə olunan əsərlərin də orijinaldan deyil, rus dilindən tərcümə olunmasına göstəriş verildiyi üçün dünyanın Azərbaycan türkcəsindəki şəkli və dərki bu qədər pinti, qarmaqarışıq bir görkəm aldı.

Düşünmək doğru deyil ki, Azərbaycanda sovet hökuməti qurulanda poliqlotlar olmayıb. Klassik cümhuriyyətçilərin arasında xarici dil bilənlər az deyildi. Yəni baza vardı, Şimali Azərbaycan min illik bir imperiya təcürbəsi olan ölkənin varisi idi.

Diqqətli oxucuların diqqətindən yayınmayan bir tərcümə şikəstliyi var Azərbaycan kitab aləmində. Rus dilindən tərcümə olunmuş dünya yazıçılarını oxuyanda adama elə gəlir ki, bütün dünya ədəbiyyatını başqa-başqa adlar altında bir adam yazıb. “Üslub eyniliyi!”. Dünyanın müxtəlif xalqlarına, mədəniyyətlərinə aid olan müəlliflər, sanki, hamısı eyni dildə, eyni üslubda əsər yazıblar. Əcəba, Mark Tvenlə Viktor Hüqo əsərlərini eyni otaqdamı qələmə almışdı ki üslubları, təhkiyələri bu qədər oxşar idi? Ola bilməzdi axı Şekspirin sonetləri Blokun heca şeirləri ilə bu qədər yaxın olsun? “Don Kixot”la “Hacı Murad” niyə eyni bədii üslubu bölüşürdülər? Bir-birlərindən bu qədər uzaq ikən onları üslub baxımından bu qədər bir-birinin tayı, oxşarı edən nə idi?

Əlbəttə ki, bütün mətnlərin eyni dildən, rus dilindən tərcümə olunması. Dünyanın bədii dil, fəlsəfi düşüncə spektrini yalnız bir dilin, bir düşüncənin rəngindən mənimsəməklə azərbaycanlı oxucular dünya mədəniyyətini qurbağa kimi boz görüblər həmişə. Dünya ədəbiyyatında “hansı səmtə, hansı yana” baxsalar da eyni rəngin olduğuna inanıblar. Rus dilini kütləviləşdirmək azarının tərcümə məktəbimizin yerini işğal etməsi dilimizi dünya dilləri ilə ünsiyyətdən məhrum edib, özümüz kimi dilimiz də təklənib, özü deyib, özü eşidib. Ruslar orijinalın ətini yeyib, sümüyünü bizə tullayıblar. Dilimizin müasirlik baxımından, məsələn, Anadolu türkcəsindən geri qalmasının səbəbi də bu siyasi məhbusluğudur, coğrafi tənhalığıdır, orijinal dillərdən uzaq saxlanılmasıdır. Yazıçılarımızın yaradıcılığındakı üslub eyniliyini qoyuram qırağa, sıravi azərbaycanlıların da bu gün orijinal olmağa can atmaması, bir-birilərini yamsılaması, bir-birilərinə oxşamaq həvəsi bu düşüncə eyniliyi ilə, dünyanın monoton və ikinci əldən dərki ilə bağlıdır.

Rusdilli insanlarımız süni şəkildə yaradılmış bu milli bozluğun, monotonluğun üzünə yaxılmış mədəni kosmetikadır. Əgər mədəniyyətimizin üzünə yaxdığı bu “rus dili” kosmetikasını yuyub-təmizləsək altından mədəniyyətdən uzaq qalmış milli kifirliyimiz çıxacaq.

Yəni biz rus dilini məzmunu deyil, formanı gözəlləşdirmək üçün kullanmışıq.

Çünki bu dil bizi əhliləşdirməyi qarşısına məqsəd qoymuş bir müstəmləkəçiliyin tərbiyəvi, didaktik dili idi. Hətta bu gün də biz rus dili bir-birimizi əzmək, tənbeh etmək üçün mədəni, ictimai şallaq kimi istifadə edirik.

Bu müstəmləkə tərbiyəsini isə Azərbaycan yazı mühitinə əxlaqi öhdəlik kimi sırıyıblar. Nəticədə “ədəbi dil” dediyimiz müstəmləkə lüğəti insanın təbii halından çox uzaqlaşıb.

Məsələn, 1923-cü ildə yazılmış Avropa romanından Anadolu türkcəsinə tərcümə olunmuş bir parçaya baxaq:

“Palivets ağzi bozugun tekiydi. “Göt”den, “bok”dan, “sıçmak”dan başka laf bilmezdi”.

“Ferdinandı vurmuşlar buna ne dersin?”

“Sikime de değil…”

Müəllifin yerinə üzr istəyərək deyim ki, bu parcalar cəmi qırx il yaşayan, onun da çoxunu öz ölkəsində həbsxanalarda keçirən, I Dünya müharibəsində ruslara əsir düşən, həm Çex azadlıq ordusuna, həm rus bolşeviklərinin partiyasına üzv olan, dünya ədəbiyyatında adı Servanteslə, Kafka ilə yanaşı çəkilən çex yazar, Milan Kunderaya da böyük təsir göstərmiş Yaroslav Hasekin ” İgid Əsgər Şvayq” romanındandır.

Roman bu cür vulqar ifadələrlə doludur və faşizmin eybəcərliklərini gün üzünə çıxaran ədəbiyyat siyahısında ilk yerlərdədir. Biz bu romanı sovet “ədəbi dili”nin qaydaları ilə dilimizə tərcümə etsək, adam faşizmə heyran olar.

Müstəmləkəçilik əvvəlcə xalqın dilin əhliləşdirir, sonra özünü.

Hasekin dili linqvistik ədəb-ərkan tanımır. Və mən bu romanı oxuyandan sonra belə bir fikrə gəldim: dili tərbiyə olunmuş xalqlar sosial norma olaraq əxlaqı unudur, çünki tərbiyə olunmuş dil bütün əxlaqsız yırtıqları “öz alicənablığı” ilə yamaya bilir.

Başqa bir məsələyə baxaq. Biz Floberin məşhur “Madam Bovari” romanını ruscadan çevirdik, ancaq Rusiyada şərqşünaslıq məktəbi zəif olduğu üçün bu qadını Floberin Şərqdən apardığından xəbərsiz olduq. Bovarinin fransız xalqının, fransız mədəniyyətinin yetirməsi olduğuna inandıq.

Halbuki Avropa şərşünaslıq məktəbinin kitablarını tərcümə etsəydik Madam Bovarinin Şərq qadının Flober tərəfindən fransızcaya çevrilmiş nüsxəsi olduğunu öyrənəcək və orijinalı fransız mədəniyyətində deyil, dost-doğma Şərq mədəniyyətində axtaracaqdıq. Üstümüzə bu gün gender bərabərliyi təhdidi ilə gələn Qərbin yanında da dilimiz uzun olacaqdı.

Biləcəkdik ki, Flober uzun müddət Şərq ölkələrində yaşayıb və fransız hökumətindən aldığı bütün qrantı son qəpiyinəcən bu ölkələrin rəqqasə-fahişələrinə xərcləyib.

Sudanda Vadi Halfada “Balaca Xanım” adlandırdığı şərqli bir qadınla tanış olur. Sevişməkdən başqa “heç bir tələblə çıxış etməyən bu qadın” əvvəlcə sosial tələblər ölkəsindən gəlmiş Floberin həyatını, daha sonra əsərlərini işğal edir.

Flober bu qadın haqqında fransız şairəsi Luiza Koleyə “Şərq qadını bir makinadır. Bir kişi ilə digər kişi arasında heç bir fərq görmür” yazanda, əslində, “fransız qadını necə olmalıdır” sualına cavab verirdi. Çünki Floberin zamanında Şərq Avropada məhz “seksual azadlıqlar” diyarı kimi tanınırdı. Flober kimi yüzlərlə Avropa aydını, sənətçisi, yazarı bu “seksual inqilabın” qoxusunu duyub Şərqə axışırdılar.

Madam Bovari obrazı da Floberin “Balaca xanım” dediyi bu şərqli qadının, “Madam Bovari” romanı isə bu bir cümlənin fransızsayağı inkişaf etdirilmiş forması idi.

Tərcümə qısrlığından yaranan bu cür mədəni əskiklərimiz saymaqla bitməz, bəlkə də, buna görə saymağa qorxuruq…

qaynarinfo.az

Share: