Rusiya buğdasını daşıyan Türkiyə gəmisi raket hücumuna məruz qalıb.
Müstəqil.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.
Məlumata görə, Yəmənə buğda daşıyan “İncə İnəbolu” adlı Türkiyə gəmisində qəfildən baş verən partlayış nəticəsində onun gövdə hissəsinə ciddi ziyan dəyib.
Hadisədən sonra gəmi kapitanının çağırışına cavab verən Səudiyyə Ərəbistanının koalisiya qüvvələri gəmini Jizan limanına çəkib.
Mütəxəssislərin araşdırması nəticəsində məlum olub ki, paprtlayış içəridən çölə olub. İlk görüntülərdə isə gəminin gövdəsinin sol tərəfində böyük bir dəlik yarandığı müəyyən edilib.
Gəmidə 50 ton Rusiya buğdası olub. Ekspertlər gəmiyə raket hücumu ilə yanaşı, həddən artıq isinmə nəticəsində partlayışın olma ehtimalını istisna etmir.
Qeyd edək ki, Yəməndə üç ildir davam edən müharibə nəticəsində bir çox ticarət gəmisi hücuma məruz qalıb. Müharibə nəticəsində bu vaxta qədər ən azı 10 min nəfər ölüb, 3 milyon insan evlərini tərk edib.