Müstəqil.Az siyasi ekspert Qabil Hüseynli ilə müsahibəni təqdim edir.
– Qabil bəy, siz müstəqil Azərbaycan tarixində baş verən bir çox hadisələrin canlı şahidisiniz. Ən maraqlı məqamlardan biri isə mərhum prezident Heydər Əliyevlə şəxsi münasibətlərinizin olmasıdır. Bu münasibət necə yarandı?
– Heydər Əliyev məni televiziyadakı verilişlərimə görə tanıdı. O, Naxçıvan Ali Məclisinin sədri olarkən bir adam vasitəsilə mənimlə görüşmək istədiyini bildirdi. Sonradan isə özü telefon açdı və şəxsən məni Naxçıvana dəvət etdi. O zaman mərhum Heydər Əliyevlə tanış olarkən ondakı intellektuallığı, Azərbaycana sevgini gördüm, bundan sonra onunla müntəzəm əlaqə saxlamaq qərarına gəldim. Verilişim haqqında xoş sözləri isə aramızda dostluq, məhəbbət körpüsünün yaranmasına zəmin hazırladı. Heydər Əliyev bildirdi ki, Azərbaycan, eləcə də dünyadakı ictimai-siyasi məsələləri müzakirə etmək üçün mənimlə həm telefon əlaqəsi saxlayacaq, həm də imkan olan kimi Naxçıvana tez-tez gəlməyimi rica etdi. Elə olurdu ki, hər gün, elə də olurdu, iki gündən bir telefonla əlaqə saxlayırdıq. Naxçıvana isə ən azı ayda bir dəfə gedirdim, onunla müfəssəl görüşlərimiz keçirdi. Hər görüşümüz 4-5 saat çəkirdi, həm ölkədaxili problemləri, həm beynəlxalq məsələləri müzakirə edirdik. Demirəm onun buna çox böyük ehtiyacı vardı, sadəcə, öz fikirlərini başqalarının fikirləri ilə müqayisə etməyi və ölkədə, dünyada gedən proseslər haqqında nə qədər düzgün qənaətdə olduğunu dəqiqləşdirmək üçün mənimlə ünsiyyətə əhəmiyyət verirdi.
– O illərdə Heydər Əliyevlə yaxın ünsiyyətdə olmuş şəxslərin əksəriyyəti hal-hazırda müxtəlif dövlət vəzifələrində çalışırlar. Bəs necə oldu ki, sizin vaxtilə qurduğunuz şəxsi münasibətlərin indi heç bir nəticəsi yoxdur?
– Mənim Heydər Əliyevlə münasibətlərimin onun işinə nə dərəcədə yaradığını söyləsəm, bu təvazökarlıqdan uzaq ola bilər. Eyni zamanda, əvvəlcədən təxmin edirəm ki, bəziləri buna qısqanclıqla yanaşacaq. Amma Heydər Əliyevin mənə həqiqətən böyük etibarı vardı. Və bu etibarı dəyərləndirərək Azərbaycan Respublikasına prezident seçildikdən sonra məni dövlət müşaviri vəzifəsinə gətirdi. Prezident Aparatının mühüm sahələrindən birini mənə həvalə etdi. Ancaq alimin praktik siyasətçiyə çevrilməsi prosesi görünür, o qədər də sadə məsələ deyilmiş. Çünki beynimizdə qəlibləşmiş müəyyən ehkamlar var. Bu və ya digər hadisəyə münasibətdə ikiləşməyi və ya hadisələrə münasibətdə kənara çıxıb başqa mövqedə dayanmağı bəzən bacarmırıq.
– Yəni səhv özünüzdə oldu?
– Səhv özümdə bu mənada oldu ki, siyasət kluarlarında müəyyən qədər azdım, yeri gəldi-gəlmədi həqiqət uğrunda yarışa çıxdım. Bu və ya digər məsələlərin müzakirəsində həddindən artıq emosionallıq göstərdim və s. Bu da mənim hakimiyyətdəki siyasi həyatıma son qoydu.
– Bildiyimizə görə, Heydər Əliyevin sizi vəzifədən uzaqlaşdırmaq haqqında sərəncamı yeganə sərəncamdır ki, orda sizin siyasi riyakarlığınıza görə işdən azad olunmağınız qeyd olunub. Bu riyakarlıq nədən ibarət idi?
– Elə məsələnin ən qəliz tərəfi də odur ki, siyasi riyakarlığı özünün peşəsi hesab edən bir çox adamlar heç bir uğursuzluğa düçar olmurlar. Amma siyasi riyakarlıq və qeyri-səmimilk kimi anlayışları bilməyən adamlar yanırlar və siyasətdən uzaqlaşırlar. Heydər Əliyev o zaman müxalifətlə müəyyən əlaqələrin yaradılmasını mənə tapşırmışdı. O zaman mən – Milli Azadlıq hərəkatında iştirak etmiş adam, siyasi müxalifətin liderlərindən tutmuş, siravi üzvlərinə qədər hamısını yaxşı tanıyırdım. 1994-cü ilin oktyabrında Sürət Hüseynovun ölkədə qiyam qaldırıb, dövlət çevrilişinə cəhd etdiyi zaman prezident sarayının ətrafına milyonlarla adamın toplanmasında və siyasi müxalifətin də bu prosesə cəlb olunmasında mənim siyasi müxalifətlə yaxınlığım böyük rol oynadı. O zaman çoxları çəkingənlik edirdi, hətta qorxaqlıq edənlər də vardı. Amma mən çəkinmədən Heydər Əliyevə təklif etdim ki, xalq arasında sizin reytinqiniz kifayət qədər yüksəkdir, sizin çağırışınızla ən azı Bakı əhalisini prezident sarayının ətrafına toplamaq mümkündür. Bu təklifi başqaları da müdafiə etdi və mərhum prezident televiziyadan çağırış elədi. Digər təşkilati tədbirlər görüldü. Qısa müddətdə Bakının mərkəzindən, uzaq guşələrdən adamlar prezident sarayının qabağına axışdı, hətta bir qadın vardı, Mehdiabaddan saraya qədər piyada gəlmişdi. Mən onu prezidentə təqdim etdim və o qadın həmişə diqqət mərkəzində saxlanıldı.
Gecə yarısı Prezident Aparatının yanındakı mitinqin bir ucu “Azneft” meydanına, sahilə qədər dirənirdi. O mitinqlər Heydər Əliyev reytinqinin nə qədər yüksək olduğunu, dövlətçiliyin dönməzliyini sübut etdi. Surətin də süqutu oktyabr hadisələrində başladı və sıradan çıxdı. Bu, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda çox böyük tarixi mərhələ idi. Heydər Əliyevin həmin mitinqə gəlib, orada çıxış etməsi cəmiyyətin ümumi vətənpərvər ovqatını formalaşdırmaqda həlledici rol oynadı.
– Sizin Rəsul Quliyevlə münasibətləriniz necə idi?
– Bir komandada çalışırdıq və o zaman Rəsul Quliyev Ali Sovetin sədri, ikinci adam hesab olunurdu. Yəni məndən üst mövqedə dayanırdı. Münasibətlərimiz pis deyildi və onun bu münasibətlərdən sui-istifadə etdiyini sonradan anladım. Onun məni tez-tez Milli Məclisə iclas hazırlıqları adı altında yanına çağırması və çıxışlarını mənə hazırlatdırmaq istədiyini bildirməsi, mənə qarşı müəyyən etimadsızlığın yaranmasına səbəb oldu.
– Deyilənə görə, siz Rəsul Quliyevin bağ evində oturub onunla yeyib-içirmişsiniz. Rəsul Quliyevə sağlıq dediyiniz vaxtda Heydər Əliyev sizə zəng edib soruşub ki, hardasan? Siz də demisiniz, yaxındayam, gəlirəm…
– Xeyr, biz Rəsul Quliyevlə heç zaman oturub bir qismət çörək kəsməmişik. Bu, tamamilə yanlış məlumatdır. Mən heç içən adam da deyiləm və Heydər Əliyev Ali Məclisdə olanda mənim Rəsul Quliyevlə heç bir təmasım, heç tanışlığım yox idi. Mən Heydər Əliyevə heç zaman yalan satmamışam. Sadəcə, mənim haqqımda müxtəlif versiyalar düzüb-qoşurlar.
– Deyirsiniz ki, o vaxtlar siyasi müxalifətlə aram yaxşı idi, heç nədən qorxmurdum və s. Adama elə gəlir ki, sizin ürəkli vaxtınız elə həmin illər olub.
– Bilirsiniz, Heydər Əliyevin dövründə də Azərbaycanda demokratiya, söz azadlığı vardı. Mən də vəzifəyə gələndə onunla aramızda ciddi söhbətlər olmuşdu. Mən Heydər Əliyevin gücünə arxalanaraq, ona söykənərək toplantılarda, məclislərdə kifayət qədər sərbəstliyə yol verirdim. Bütün hallarda mən çalışırdım ki, milli həmrəyliyə nail ola bilək. Və mən Heydər Əliyevin əvəzolunmazlığını birmənalı olaraq qəbul etmişdim. Oktyabr hadisələrindən sonra etdiklərim isə reytinqimi xeyli qaldırmışdı. Bu reytinqin qalxması da əleyhdarlarımın fəallaşmasına gətirib çıxardı, sonradan haqqımda düzməcələr yayıldı.
– Rövşən Cavadov qiyamının yatırıldığı ərəfədə də siyasi müxalifətlə danışıqları siz aparmısınız. Amma qiyamdan sonra televiziya çıxışı zamanı demisiniz ki, siyasi müxalifət amonçulara qoşulmadı. Bu sözünüz müxalifətçiləri qorumaq məqsədi daşıyırdı? Yoxsa doğrudan da onlar amonçulara dəstək vermədi?
– Bəli, elə bir məsələ olmuşdu. O çıxışım “Azərbaycan” qəzetində və televiziya arxivlərində var. Orada mən qiyamın siyasi mahiyyətini açmışam. Heydər Əliyevin qiyamı yatırmaqda qraysmester dəqiqliyi ilə işləməsini də söyləmişəm. Eyni zamanda, onu da demişəm ki, siyasi müxalifət Rövşənin bu qiyamına qoşulmadı. Mən o zaman bu sözü deyəndə siyasi müxalifətin aparıcı hissəsini nəzərdə tutmuşam.
– Məsələn, kimləri?
– Xalq Cəbhəsini, Müsavat və Demokrat partiyalarını… Amma eyni zamanda əlimdə məlumat da vardı ki, o zaman müxalifət qüvvələrinin bəziləri Rövşənin qərargahına gedib-gəlirlər.
– Kimlər?
– Bunu deyə bilməyəcəyəm. Bu informasiyaları mənə dövlət orqanları ötürürdülər. MTN, DİN və s. Müxalifəti təşkil edən təşkilatlardan da mənə məlumat ötürən adamlar az deyildi. Ümumilikdə isə aldığım informasiya əsasında qərara gəldim ki, müxalifətin əsas hissəsi amonçulara dəstək vermədilər.
– Sizcə, niyə qoşulmadılar?
– Mən demirəm ki, onlar vətənpərvərlikdən və ya Heydər Əliyev hakimiyyətinə olan böyük inama görə amonçulara qoşulmadılar. Sadəcə, onlar da hər şeyi hesablamağı bacarırdılar, bilirdilər ki, belə işlərin axırı məğlubiyyətdir. Bu cür perspektivsiz və avanturist xarakterli proseslərə qoşulsaydılar, onların özü də yana bilərdilər. Onları ən çox qorxudan məhz öz taleləri idi.
– Qabil bəy, sizi Azərbaycanda ən çox partiya və siyasi mövqe dəyişən adam kimi təqdim edirlər…
– Bunlar subyektiv mülahizələrdir və çoxu da məni gözdən salmaq üçün uydurulan fərziyyələrdir. O zamanlar demək olar ki, Azərbaycanın böyük hissəsi Xalq Cəbhəsində idi, təkcə mən deyildim ki… AMİP-in qurucularından olmuşam. AMİP isə Azərbaycanda yaranan ilk milli partiyalardan biri idi. AMİP-dən ayrılıb daha başqa bir partiya yaratdıq. Bu da ADİP adlanırdı. Sonucu partiyam isə “Müsavat” olub. Amma adlar çəkə bilərm ki, onlar məndən də çox partiya dəyişiblər.
– Məsələn, kim?
– Məsələn, Leyla Yunus məndən də çox partiya və mövqe dəyişib.
– İndi hansı partiya üzvüsünüz?
– Heç bir partiyanın üzvü deyiləm, bitərəfəm.
– Ana Vətən Partiyasının da üzvü olmusunuz…
– Yox, üzv olmamışam. Sadəcə, təşkilatlanmasında iştirak etmişəm.
– Bəs sizin Milli Azadlıq hərəkatındakı əsas rolunuz nədən ibarət olub? Bəzən sizi hərəkatın sıravi üzvü hesab edirlər.
– Meydan hərəkatına televiziya vasitəsilə dəstək verirdim, televiziya aparıcısı idim. Bir dəfə isə tribunadan çıxış etmişəm. Həmin dövrdə Xalq Cəbhəsində məcli üzvü və komissiya sədri kimi fəliyyət göstərmişəm. Bütün bunlardan sonra necə sıravi üzv ola bilərəm?
– Qabil bəy, əvvəl Kommunist Partiyasının üzvü olub, beynəlminəlçiliyi təbliğ edən adamların sonradan millətçi hərəkata qoşulmasını riyakarlıq hesab edənlər var. Buna sizin münasibətiniz necədir?
– Biz sosializm cəmiyyətində yaşamışıq və o zaman bir partiya vardı, o partiyanın üzvü olmadan isə uğur qazanmaq mümkün deyildi. Ona görə də Kommunist Partiyasından çıxıb, Milli Azadlıq Hərəkatına qoşulanlara rişxənd edənləri anlamıram. 60-70-ci illər Azərbaycanda milli şüuru oyandıran və millətçilik əhvalını gücləndirənlərin əksəri Kommunist Partiyasının üzvləri idi. Bədii əsərlərin əksəriyyətində də bu dəst-xətt aydın hiss olunur. Məsələn, Bəxtiyar Vahabzadə Kommunist Partiyasının üzvü olsa da, millətçiliyi təbliğ edirdi. Ən yaxşı şeirlərini o dövrdə yazmış və bəzilərinə görə təqib də olunmuşdu. Hətta universitetdən kənarlaşdırılmışdı.
– Bəxtiyar Vahabzadə ilə münasibətləriniz necə olub?
– Çox yüksək səviyyədə.
– Onun dissident şair olması fikri ilə siz də razısınız?
– Bəli, mən elə hesab edirəm.
– Bəs necə dissidentdir ki, Leninə poema yazıb?
– Düzdür, Bəxtiyar Vahabzadə öz yaradıcılığının son dövründə Leninə poema həsr edib. Və o poemada da sətiraltı mənalar var. Ümumilikdə götürəndə zənnimcə, o, millətçi şair idi. Sovet dövründə o cür fikriləri şeirə düzüb insanlar arasında yaymaq çox çətin məsələ idi. Bəxtiyar müəllim universitetdən uzaqlaşdırılandan sonra bir müddət işsiz də qaldı və çətin maddi duruma düşdü. Həbs edilməsinin qarşısını isə Heydər Əliyev aldı.
– Qabil bəy, politoloqlarımızın hərəsi bir şey danışır. Vəziyyət o həddə çatıb ki, ən sıravi adamlar da dünya siyasəti haqqında proqnozlar verə bilər. Əksər politoloqlarımızın fərziyyəsi isə düzgün çıxmır. Rəhmətlik Vəfa Quluzadə ömrünün sonuna kimi dedi ki, Rusiya dağılacaq, Rusiya dağılacaq… Rusiya isə dağıda-dağıda gedir. Bəs biz kimə inanmalıyıq?
– Mən politoloqlar və siyasi ekspertlər barəsində sizin kimi düşünmürəm. Hər kəsin politoloji fikir söyləmək qabiliyyətinin olduğu qənaətində də deyiləm. Bunun üçün çox böyük mütaliə, məlumat bazası və onların emal edilməsi lazımdır. İnsanın fundamental hazırlığı olmalıdır. Dünyada gedən proseslər isə hədindən artıq mürəkkəbdir. Onların çox ciddi nüansları var. Hər gün o prosesləri izləməsən, inanmıram ağılabatan bir fikir söyləmək mümkün olsun. Vəfa Quluzadə isə təcrübəli politoloq idi və onun Rusiyanın dağılması ilə bağlı söylədiyi fikirlərə mən də qoşuluram.
– Niyə o qənaətdəsiniz ki, Rusiya dağılacaq?
– Rusiyada 240-a yaxın xalq yaşayır. Və müxtəlif xalqlara qarşı diskriminsiya siyasəti aparılır. Onların dilləri və milli adət-ənənələri boğulur. Orada Kome-Saxar Muxtar qurumu var və bu qurumun da başında Rusiya dayanır. Yerli əhalinin böyük bir qismi isə şimalda maral saxlamaqla məşğuldur. Ruslar onları içkiyə aludə edərək müasir sivilizasiyanın bütün nailiyyətlərindən uzaqlaşdırıb. Cəmi bir şairləri var: Rui Rıtxeu. Mən onunla söhbət edəndə gördüm ki, hətta o da öz tarixi və mədəni keçmişlərini bilmir. O şair tanıdığım yeganə komelidir ki, adı və soyadı öz mənşəyi ilə bağlıdır. Yerdə qalanların hamısı Nikolay, İvan, Petrov və s. Yəni ada qədər hər şey dəyişdirilib və milləti millət edən atributların hamısı onların əlindən alınıb. Elə xalqlar da var ki, rusların içərisində tamamilə əriyib və batıb.
Rusiya imperiyadır və belə imperiyalarda islahatlar həyata keçirmək demək olar ki, qeyri-mümkündür. Çünki çox böyük bir ərazini əhatə edir. Dünya isə dəyişir, svilizasiyalar toqquşur və Rusiyanın yeritdiyi siyasət də dünyanın inkişaf məntiqinə uyğun gəlmir. Rusiya yenidən fövqəldövlət statusuna can atır, neoimperialist siyasət yürütməyə başlayır. Başqasının torpaqlarını işğal etdiyinə görə nə vicdan əzabı çəkir, nə də bunu qınayanlara əməlli-başlı cavab verməyi bacarır. Onlara yuxarıdan aşağı baxaraq cavab vermək də istəmir. Rusiya dünyada sülh, əminamanlıq və beynəlxalq düzənin qorunub saxlanması üçün ən böyük təhlükə hesab edilir.
Rusiyaya qarşı ərazi iddiası olan dövlətlərin də sayı az deyil. Rusiya başını aşağı salıb təbiətin ona verdiyi böyük nemətlərlə öz əhalisinin firavanlığını, maddi rifahını yüksəltməklə məşğul olsa, məncə, daha böyük uğurlara nail olar. Rus yazıçısı Lev Tolstoy öz əsərlərində Rusiyanın bu militarist siyasətini çox açıq şəkildə işıqlandırıb, bunun rus xalqına nə qədər ziyanlar gətirdiyini də açıb.
– Ümumiyyətlə, rusların kökü hara gedib çıxır? Bəzən rusları türklərdən törəyən bir millət də hesab edirlər…
– Vaxtilə ruslar Kiyevin ətrafında əhali sayı bir milyona çatan ros tayfaları idi. 1223-cü ildən 1380-ci ilə – Kulikovo döyüşünə qədər Qızıl Orda və Qızıl Orda hakimiyyətində olan türklərin üstün mövqelərə malik olması nəticəsində bu dövlət formalaşır. Ruslara dövlətçiliyi türk-tatar birləşmələri öyrədib. Tatarlar Rusiyanın ictimai-siyasi həyatında çox mühüm rol oynayıblar.
Bəli, rus xalqının demoqrafik artımı da türk xalqlarının hesabına olub. Gələn əsgərlər rus qadınlarla münasibətdə olur və bunun nəticəsində çoxalan əhalinin böyük qismi türk mənşəli idi. Hazırda mənim apponentlərimdən biri Sankt-Peterburq universitetində prorektor işləyir. Minskdə ixtisasartırma kursuna getmişdim və o, bir dəfə dörd yüz əlli nəfərlik zalda mühazirə oxumağa gəlmişdi. Mühazirə zamanı dedi ki, bizim damarlarımızda axan qanın 60 faizi türk qanıdır. Bunu deyən Tatyana Yuliyeva Burmenstvo idi. Zaldakı narazılıqları görüb dedi ki, axı nəyə etiraz edirsiniz? Rusiya dövlətini formalaşdıran məhz türklər olub. Dedi, gedin antropologiya elminə əsaslanaraq, Rusiya əhalisi arasında araşdırma aparın. Ruslar sarı saçlı, mavi gözlü və hündürboy olur. Amma nə qədər almayanaq, qıyıqgöz və ortaboylu ruslar var. Dedi ki, onların hamısı türk törəmələridir. Tatyana Yuliyeva Burmenstvo Kulikovo döyüşünü isə rusların tataralara, yəni oğulların atalarına qarşı vuruşması kimi qeyd edirdi.
– Rusların mənşəcə türk olan hökmdarları da varmı?
– İvan Qroznu mənşəcə türk olub.
- Yəqin, türk olduğu üçün o qədər qəddar imiş…
– Bəli, yəqin, elədir. Hətta Pyotrun da mənşəcə türk olduğunu deyirlər, amma mənim bunu təsdiq edəcək faktlarım yoxdur. İndinin özündə də rusların həyatında tatarlar həddindən artıq böyük rol oynayırlar.
– Qabil bəy, Bütov Azərbaycan ideyasına münasibətiniz necədir? Bəzən bu ideya adama yalnız xəyal kimi gəlir və güldürür…
– Dünyada əlli milyona yaxın azərbaycanlı var. Bunun otuz beş milyonu cənubda yaşayır. Və onlara milli azlıq gözü ilə baxılır. Halbuki, farslar on səkkiz milyondur. Bütöv Azərbaycan ideyasını həyata keçirmək isə çox ağrılı bir proses ola bilər. Bəzən deyirlər ki, tarix bizi ayırıb, tarix də birləşdirəcək. Doğrudan da, belədir. Amma bu gün Bütöv Azərbaycan ideyasının reallaşması bir qədər utopik görünür. Çünki çoxumuz o tərəfdəyik və çoxumuzun milli şüuru İran dövlətinin onlara aşıladığı dəyərlərdən və baxışlardan kənara çıxa bilmir.
– Ötən iki yüz il ərzində ordakı azərbaycanlılar əriyib farslara qarışıb… Belə?
– Yox, demək olar ki, qarışmayıb. Fars qafalı, fars dünyagörüşünə sahiblənmiş, Azərbaycan dilində danışmağı belə özünə yaraşdırmayan müəyyən azlıqlar olsa da, bütövlükdə Azərbaycan və azərbaycançılıq ideyası cənubda kifayət qədər dəbdədir.
– Səttar xandan, Şeyx Məhəmməd Xiyabani və Pişəvəridən sonra orda demək olar ki, belə bir hərəkat baş verməyib. Sizcə, bundan sonra cənubda hansısa ciddi bir hərəkat gözləməyə dəyərmi?
– Sözsüz ki, İranda baş verən bütün inqilabların başında azərbaycanlılar durublar. İranda Sasanilərdən sonra hakimiyyət həmişə Azərbaycan türklərinin əlində olub. Yalnız 1922-ci ildə Pəhləvilər hakimiyyətə gəlib. Məhəmməd Şah Qacar Azərbaycan türki idi, elə deyilmi? Nadir şah da həmçinin. Buna əsasən deyə bilərəm ki, tarixin istənilən dövründə orda ciddi bir hərəkat gözləniləndir…
Kəramət Böyükçöl
(Publika.az)