Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri həm ölkə daxilində, həm də beynəlxaql səviyyədə diqqəti cəlb edib, ciddi ajiotaj yaradaraq, birmənalı qarşılanmayıb, müxtəlif, bəzən də ziddiyyətli yanaşmalara səbəb olub. Əlbəttə ki, bu cür yanaşmaların obyektiv və subyektiv səbəbləri var, etiraf edək ki, Rusiya üçün yumşaq desək,heç də asan olmayan dövrdə ölkə rəhbərinin bu səfərinə marağı artırmaqla yanaşı, müxtəlif suallar da doğurub.
Bu səfər və onun ətrafında gedən müzakirələrlə bağlı bir neçə məqamı tezislər şəklində diqqətinizə təqdim etməyə çalışacam.
Şübhəsiz ki, ilk növbədə bu səfər hazırda Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi, bütün regional məsələlərdə, regiondakı strateji əhəmiyyətli layihələrin əsas iştirakçısı olmasına, həmçinin çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirməsinə dəlalət edir.
Son illər qlobal güclər arasında artan ziddiyyətlər, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, regional ixtilaflar, dünyada və bölgədə vəziyyəti daha da kəskinləşdirmişdir. Bütün bu kimi müxtəlif mənfi proseslərin fonunda Azərbaycanın hərtərəfli və dinamik şəkildə həyata keçirdiyi, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun siyasi güc mərkəzləri ilə əməkdaşlığını, əksər dövlətlərlə, xüsusi ilə də qonşularla isti münasibətlərin qalmasını təmin etmişdir.
İkincisi təbii ki, bu, iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidi. Azərbaycan-Rusiya əlaqələri dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabərhüquqluq və bir birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurulub və inkişaf edir;
Üçüncüsü, bu, Rusiyanın üzləşdiyi və həll etmək istədiyi bir sıra məsələlərlə bağlıdır. Belə ki, 2022-ci ildə Ukrayna ilə müharibənin başlanmasından sonra, Vladimir Putin ilk dəfədir ki, Azərbaycana gəlir. Bu səfər, həmçinin Ukraynanın Rusiya torpaqlarına girdiyi və döyüşlərin Rusiyada getdiyi bir zamanda baş verir.
Rusiyanın Ukrayna torpaqlarını ilhaqa görə Qərb tərəfindən təcrid olunduqdan sonra müttəfiqlərilə əlaqələrini qorumağa, imkan daxilində möhkəmləndirməyə ehtiyacı var Bu Rusiya lideri üçün, yanında olanların az olmadığını dünyaya nümayiş etdirmək üçün vasitə olardı. Digər tərəfdən, son iki ildə Qərbin qoyduğu sanksiyalara görə Avropa ölkələrinə Rusiyanın qaz ixracatı demək olar ki, dayandırılıb. Əksinə Azərbaycan Avropa İttifaqı ilə müqavilə imzalayıb və Rusiyanın qazından imtina edən Avropa ölkələrinə nəql edilməsi üçün daha çox qaz ixracı barədə razılaşma əldə edilib. Rusiya qazının Azərbaycana nəqli və Avropaya nəql olunan Azərbaycan qazının həcminin artırılması, həmçinin Azərbaycan qazının Ukrayna ərazisindəki qaz kəmərləri vasitəsilə nəqli ilə bağlı məsələlər, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və s. kimi iqtisadi əməkdaşlıqla bağlı razışlaşmalar ola bilər və müəyyən sənəd də imzalana bilər.
Məlumdur ki, son dövrlər Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası və sülh müqaviləsinə dair birbaşa danışıqlar aparır və tərəflər sülh müqaviləsinin bağlamağa hazır olduqlarını bəyan ediblər. Xüsusilə Qərbin iki ölkə arasındakı sülh prosesində fəallaşması, “Zəngəzur dəhlizi” ilə bağlı maddənin sülh sazişi layihəsindən çıxarılaraq, bu məsələ sonrakı mərhələyə saxlanılması və s. kimi məslələr də Rusiyanın diqqətindədir. Kremlin bir müddət əvvəl “Rusiya tərəfi bundan sonra da Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına hər cür kömək göstərməyə hazırdır” bəyanatıda sübut edir ki, Rusiya regiondakı maraqlarından əl çəkmək fikrində deyil və “itirilmiş mövqelərini” bərpa etmək niyyətindədir. Kreml Ermənistan Azərbaycan sülh prosesində fəallığını artırmağa cəhdlər edəcək.
Aşağıda ehtimal olunan iki məsələ isə, deməyə əsas verir ki, Azərbaycanın nəinki regionda, həmçinin daha geniş arealda da – Şərqi Avropa və Yaxın Şərqdə kifayət qədər əhəmiyyətli aktora çevrilməkdədir və artıq dünyada dialoq məkanı kimi tanınmaqdadır. Azərbaycanın müstəqil siyasəti, öz milli maraqları çərçivəsində bütün tərəflərlə əməkdaşlığı, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş siyasəti, həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri olan ölkə kimi Rusiya-Ukrayna qarşıdurmasının sülh yolu ilə həllində ciddi rol oynaya bilər. Azərbaycan hökuməti, Ukrayna və Qərblə yaxşı münasibətləri saxlasa da, Rusiya ilə də heç zaman əlaqələri kəsməyib, hər iki tərəflə əməkdaşlığı davam etdirib.
Nəhayət Azərbaycanın həm Qərblə, həm də Rusiya, İran, İsrail, Türkiyə və digər ölkələrlə əlaqələri, həm BRİKS, ŞOS kimi platformalarda iştirakı. həm də Avropa İttifaqı və Qərbin digər qurumları ilə əməkdaşlığı dünyanın digər bir başağrısı və çox qorxulu təhlükə ocağı olan Yaxın Şərq, İran və İsrail arasında mümkün qarşıdurma ilə bağlı məsələlərin müzakirəsində və bu problemin həllində onun imkanlarından istifadə edilə biləcəyi ehtimalını artırır. Xüsusilə də nəzərə alsaq ki, həm Rusiya, həm də İran Azərbaycanın bu məsələdə mövqeyini daim diqqətdə saxlayır və bir qədər də narahatdır.
Siyasi şərhçi
Əhməd Abbasbəyli