ABŞ, İngiltərə və Fransanın gecə saatlarında Suriyaya raket zərbələri endirməsindən sonra gözlər Amerika güclərinin yerləşdiyi Türkiyənin Adana vilayətindəki İncirlik hərbi hava bazasına çevrildi.
Müstəqil.Az xəbər verir ki, ABŞ-ın “CNN International” kanalı ABŞ və müttəfiqlərinin Suriyaya hücumunda İncirlik bazasından da istifadə edildiyini iddia edib.
Rusyanın Müdafiə Nazirliyinin məlumatında zərbələrin Qırmızı və Aralıq dənizlərinin akvatoriyalarda yerləşən təyyarədaşıyan gəmilərdən, həmçinin Suriyadakı Et-Tanf aerodromundan endirildiyini açıqlansa da, kanalın canlı yayımında göstərilən xəritədə İncirlik bazası da yer alıb.
Lakin Türkiyə KİV-inin xəbərinə görə, İncirlikdə hər hansı hərəkətlilik müşahidə edilməyib. Əməliyyat saatlarında bazaya 1 helikopterin endiyi, bir silahlı pilotsuz uçuş aparatının isə qalxdığı bildirilir.
Türkiyənin hökumət sözçüsü Bəkir Bozdağ ABŞ-ın Suriyaya endirdiyi zərbələr zamanı İncirlik hərbi bazasından istifadə edilmədiyini bildirib.
Məlumata görə, bazada ABŞ, İngiltərə, Səudiyyə Ərəbistanı və Qətərin təyyarələri ilə yanaşı, Türkiyə Hərbi-Hava Qüvvələrinin 10-cu tanker baza komandirliyi yerləşir.
Qeyd edək ki, bu gün ABŞ, İngiltərə və Fransa Suriyaya 103 qanadlı raket atıb. Rusiya Baş qərargahının məlumatına görə, bunlardan 71-i zərərsizləşdirilib. (publika)