“Rusiya Qarabağ problemini Türkiyə ilə müzakirə etmək istəmir, çünki…” – Politoloq

Son günlər bölgəmizdə maraqlı siyasi proses və addımlar müşahidə olunur. İrəvan Türkiyə-Misir münasibətlərinin gərginliyindən yararlanmaq üçün Xarici İşlər naziri Zöhrab Mnatsakanyanı Qahirəyə göndərir, rus-türk heyətlərinin Ankara danışıqları uğursuz alınır, cəbhədə ermənilərin gərginlik və təxribat yaratmaq cəhdi müşahidə edilir, Azərbaycanla yanaşı, Serbiya və Hindistan Rusiya liderliyində keçiriləcək “Qafqaz 2020” təlimlərində iştirakdan imtina edir.

Müstəqil.Az  bildirir ki, Teleqraf.com-un mövzu ətrafında suallarına Milli Məclisin deputatı, sabiq dövlət müşaviri, politoloq Rasim Musabəyov cavab verib. Onunla müsahibəni təqdim edirik:

– Rasim müəllim, Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Misirə rəsmi səfəri baş tutub. Azərbaycan cəmiyyəti tərəfindən ciddi məyusluqla qarşılanan və dost ölkə sayılan Misirə edilən bu səfər hansı maraqlara xidmət edir?

– Ermənilər gözləyirlər ki, haradasa problem yaranacaq və bundan istifadə edərək əlaqə yaratmağa çalışacaqlar. Misirin Ermənistanla ticarət dövriyyəsi 1-2 milyon dollar olar ya olmaz. Ermənilərin Misirə hər hansı bir dəstək verməsi də müşkül məsələdir. Eyni zamanda Misirin də Ermənistana dəstək verməsi çətindir. Sadəcə ermənilər görür ki, Türkiyə ilə Fransa, Yunanıstan, Cənubi Kipr arasında gərginlik var. Misir də bu prosesdə hansısa formada Türkiyəyə qarşı iştirak edir. Ona görə də dərhal Qahirəyə səfər ediblər. Düşünürlər ki, bu situasiyadan istifadə edərək özlərinə tula payı qopara bilərlər.

Digər tərəfdən İslam Konfransı Təşkilatı vasitəsilə səsvermə olanda Azərbaycan ərəb ölkələrinin dəstəyini təmin edir. Bunlar da düşünürlər ki, Misir vasitəsilə səsvermədə özlərinə dəstək təmin edə bilərlər. İndi onların Qahirədə quyruq bulamasının səbəbi budur. Amma tarixən ingilislər Misirdə söz sahibi olanda ora Nübar Paşa adlı baş nazir təyin etmişdilər. Bu şəxs erməni əsilli idi. Nübar paşanın vaxtilə Ermənistanın yaradılmasında və tanınmasında rolu olub. Söhbət XIX əsrdən gedir. Bu da ondan qaynaqlanırdı ki, ingilislər Misirdə söz sahibi olanda xristian faktorundan, o cümlədən də ermənilərdən istifadə edirdilər. İndi ermənilər də buna istinad edərək çalışırlar ki, istifadə etsinlər. Ancaq bu, heç nəyi dəyişmir. Nə Misir ermənilərin Türkiyə və ya Azərbaycanla olan probleminə qoşulasıdır, nə də ermənilərin Misirə fayda vermək imkanı var. Sadəcə ermənilər quyruq bulayırlar.

– Ötən gün Ankarada hərbi heyətlər arasında keçirilən görüşdə ruslar təklif edib ki, Türkiyə Suriyadakı müşahidə postlarının sayını azaltsın. Ankara isə bu təklifi rədd edib. O cümlədən Liviya məsələsində də anlaşma əldə edilməyib. Bu durum iki ölkənin üz-üzə durduğu konfliktli ərazilər üçün nə vəd edir?

– Bəli, gərginlik var, amma həm də Rusiyanın kommunikasiya problemlərini də nəzərdən qaçırmaq olmaz. Türkiyə Rusiyaya deyir ki, sənin Suriyada nə işin var? Suriya zamanında Türkiyənin tərkibində olub, hazırda isə həmsərhəd dövlətdir. Başqa sözlə, Suriyada olan problemlərin Türkiyəyə aidiyyəti var. Bəs Rusiyayanın bölgədə nə işi var? Təbii ki, Türkiyə rusların Suriyadakı iddiasını qəbul edən deyil, ancaq anlaşmazlıqların açıq toqquşma müstəvisinə gələcəyini də gözləmirəm. Sözsüz ki, kompromistlər tapılacaq. Amma bütün hallarda Türkiyə Rusiyanın qaydaları ilə davranmaq niyyətində deyil.

Rusiya hər yerdə oyun oynamaq istəyir. Bu oyunlar vasitəsilə özünün xüsusi rolunun tanınmasını arzu edir. Bu səbəbdən də Türkiyəyə Suriyadakı hərbçilərinin sayını azaltmasını təklif edir. Amma deyim ki, o dövr bitib, Rusiya daha fövqəldövlət deyil. Sadəcə Rusiya bunu qəbul etmək istəmir, ona görə nəsə istəyir, deyir. Amma Rusiya anlayır ki, Türkiyəni özünə qarşı qoymaq da olmaz. Çünki belə olan halda Türkiyənin arxasında ABŞ dayanacaq. Necə ki, indi də bunu edir.

– Hansı səbəblərdən Rusiyanın artıq fövqəldövlət olmadığını düşünürsünüz?

– Vaxtilə super dövlət olub. Əslində indi də fövqəldövlətdir, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, nüvə silahına malikdir. Amma zamanında ABŞ-la bərabər dövlət olub, indi isə elə deyil. Bu gün ABŞ-la rəqabətdə və super dövlət iddiasında olan Çindir. Rusiyanın belə bir iddiası üçün nə iqtisadi, nə də demoqrafik gücü var. Rusiyanın hazırda 140 milyon əhalisi var, yoxdur, bilinmir. Amma sovetlər birliyi dövründə 300 milyon əhalisi vardı. İqtisadiyyatı isə dünya iqtisadiyyatının 1,5 faizini təşkil etmir. İndi ABŞ kimi digər dövlətlərə qarşı oyun qaydaları müəyyənləşdirmək gücündə deyil. Məsələn, bu gün Türkiyə boğazları rus gəmilərinin üzünə bağladığı təqdirdə Rusiya heç Suriya ilə kommunikasiya təmin etmək imkanında olmayacaq. Məcbur olub İran vasitəsilə uçaraq Suriya ilə əlaqə qurmalı olacaq. Hava məkanı ilə hansı yüksək səviyyəli əlaqə qurmaq mümkündür?

– Ruslar və türklər arasında təmaslar hər ay baş verir. Əsasən iki ölkəni narahat edən və həm də maraqlarının toqquşduğu mövzular ətrafında müzakirələr aparılır. Ancaq nədənsə bu müzakirə masasında Cənubi Qafqaz, eləcə də Qarabağ konflikti qoyulmur. Niyə?

– Rusiya hesab edir ki, keçmiş sovet respublikaları onun müstəsna təsir dairəsidir. Bu məsələdə Türkiyə ilə danışmaq istəmir. Vaxtilə Türkiyənin təsirində olan bölgələri Türkiyə ilə müzakirə etsin. Cənubi Qafqazı isə heç kəslə müzakirə etmək istəmir, eləcə də digər keçmiş sovet regionlarını. Hər halda Rusiyanın iddiaları var, amma bu iddiaların arxasında əvvəlki güc yoxdur.

Türkiyənin iddiaları isə indi artır və bu onun artan gücünə uyğundur. Türkiyə əvvəllər özünü ABŞ-ın kiçik portnyoru kimi aparırdısa, indi artan iqtisadi və demoqrafik gücünə bərabər yeni iddialar qoyur. Rusiyanın iddiaları isə onun aşağı düşən iqtisadi və demoqrafik gücünə söykənir. Ruslar keçmişə söykənərək iddialarla çıxış edir, ancaq onun iqtisadi gücü, əhalisinin sayı bu iddialara uyğun deyil. Reallıq bundan ibarətdir.

– Azərbaycandan sonra Hindistan və Serbiya da “Qafqaz-2020” təlimlərindən imtina edib. Belə görünür ki, təlimlərdə Pakistan, Çin, İran, Belarus və Ermənistan iştirak edəcək. Hindistan və Serbiya kimi ölkələrin təlimdən imtinası Rusiya üçün zərbə deyilmi?

– Mən inanmıram ki, Çin gəlib “Qafqaz-2020” təlimlərinə qatılsın. Ora zabitlər qrupu göndərə bilər, amma fəal iştirakı inandırıcı deyil. O cümlədən Pakistanın da. Amma təlimləri müşahidə edə bilərlər. Türkiyənin də bu təlimləri müşahidə edə biləcəyini istisna etmirəm. Nəzərə alın ki, Cinah Sazişinə görə, Ankaranın böyük təlimləri müşahidə etmək imkanı var.

Qeyd edim ki, Serbiya son dövrlər ABŞ-la dil tapmağa çalışır, o cümlədən Kosova probleminin həlli üçün daha çox qərbin dəstəyini qazanmaq istəyir. Ona görə də, Rusiyanın ətəyini buraxıb.

Hindistan da öz qərarlarında daha çox münasibətlərini ABŞ-la dərinləşdirmək istiqmətində verəcək, nəinki Rusiyanın yanında yer almağa. Həm də nəzərə alınmalıdır ki, Hindistan iqtisadiyyatı rus iqtisadiyyatından daha böyükdür.

Müstəqil.Az

Share: