Rusiya sülhməramlıları hazırda Ermənistanın müharibədən sonra dirçəlməsinə münbit şərait yaradır

Rusiya sülhməramlıları hazırda Ermənistanın müharibədən sonra dirçəlməsinə münbit şərait yaradır

Həm Azərbaycan Müdafiə Nazirliyinin (MN) yaydığı bəyanatda, həm də Xarici İşlər Nazirliyinin (XİN) İrana verdiyi etiraz notasında ölkəmiz üçün olduqca vacib, həyati əhəmiyyətli məsələlərə yer verilib.

Müdafiə Nazirliyi 10 noyabr bəyanatının müddəalarını xatırladaraq qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən tam şəkildə çıxarılması təmin olunmayıb və “Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır”, – deyə MN Rusiya sülhməramlılarına xəbərdarlıq edib.
Bununla da ilk növbədə vasitəçi ölkəyə – Rusiyaya sülhməramlılıq missiyasının ruhuna uyğun davranmalı olduğu xatırladılıb. Sülhməramlılar müxtəlif bəhanə və arqumentlərlə öz birbaşa vəzifələrini yerinə yetirməkdən yayınacaqsa və Rusiya bir tərəfdən Ermənistan ordusunun yenidən qurulmasına kömək edib, digər tərəfdən isə Ermənistan hərbçilərinin sülhməramlıların nəzarətində olan Azərbaycan ərazisində yerləşdirilməsinə göz yummağa davam edəcəksə, Azərbaycan da öz qanuni hüququndan istifadə edərək adekvat tədbirlər görəcək, o cümlədən sülhməramlıların məsuliyyət zonasında antiterror əməliyyatı keçirərərək, ərazilərimizin Ermənistanın işğalçı ordusunun qalıqlarından təmizlənməsinə başlayacaq. Bu bizim müstəsna hüququmuzdur və bunu bizə kimsə yasaq edə bilməz. Odur ki, MNİ-in yaydığı bəyanatda “Azərbaycan Ordusu tərəfindən bütün adekvat tədbirlərin görülməsi təmin olunacaqdır” ifadəsinin (daha doğrusu, xəbərdarlığının) yer alması tamamilə əsaslıdır.
Əslində sülhməramlılar öz vəzifələrini vicdanla həyata keçirsəydilər, o zaman nə MN-in bu bəyanatına, nədəki hərbi gücümüzün tətbiqi üçün lazımi mexanizmlərin işə salınmasına da heç bir zərurət yaranmazdı. Lakin əfsuslar olsun ki, Rusiya sülhməramlıları hazırda Ermənistanın müharibədən sonra dirçəlməsinə və yenidən davakar-revanşist mövqedən çıxış etməsinə sanki qəsdən münbit şərait yaradırlar. Bu baxımdan, Müdafiə Nazirliyinin xəbərdarlıq məzmunlu bəyanatla çıxış etməsinə hava-su kimi ehtiyac yaranmışdı.
Eləcə də, İranın ölkəmizdəki səfirinin Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunması və görüşdə səfirin diqqətinə İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı real faktların çatdırılması, həmçinin bununla bağlı qarşı tərəfə nota təqdim olunması təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Notada nə deyilir? O deyilir ki, son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsini bilirik və bununla bağlı narazılığımızı ifadə edirik. Bəs İran tərəfi bu notaya necə reaksiya verəcək? Bu bizim yox, İranın problemidir.
Əlbəttə, ola bilsin ki, Azərbaycan XİN-in bu addımı İran tərəfi üçün gözlənilməz addım kimi təəssürat bağışlaya bilər. Ancaq əsl həqiqətdə isə burada heç bir gözlənilməzlik yoxdur. İran tərəfimizdən belə bir reaksiyanı gözləməliydi. Əgər İran iki ölkə arasında mövcud yaxın dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlməyən bu kimi hallara bilərəkdən yol verirdisə, deməli, eyni zamanda Azərbaycanın da səbr kasasının günün birində daşacağını gözləməliydi. İrana məxsus yük avtomobillərinin Rusiya sülhməramlılarının gözü qarşısında Qarabağa qanunsuz səfərlər etməsinə Azərbaycan şübhəsiz ki, susmayacaqdı, etirazını bildirəcəkdi. Odur ki, İran da, Rusiya da Azərbaycanın bu haqlı etirazlarına hazır olmalıydı. Dost və müttəfiq saydığımız bu ölkələrin bizim MN-in və XİN-in bəyanat və notasına konstruktiv münasibət sərgiləmələrini və ciddi nəticə çıxarmalarını çox istərdik. İran Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalı, Rusiya isə sülhməramlı kimi etimadı doğrultmalıdır.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: