Xankəndi-Bakı dəmir yolu vağzalının işə salınması istiqamətində ilkin işlər başlayıb. Xüsusi komissiya bu gün – noyabrın 22-də Xankəndi dəmir yol vağzalına baş çəkib.
Məlumdur ki, Dağlıq Qarabağda münaqişə başlayandan bu dəmir yolu da, vağzal da fəaliyyətini dayandırıb. Ermənilər də Ağdam istiqamətinə yolları bağlandıqları üçün 30 ildir ki, vağzaldan istifadə etmirlər. Bu səbəbdən təkcə relslər deyil, vağzal da tamamilə yararsız vəziyyət düşüb.
Müstəqil.az Musavat.com-a istinadən xəbər verir ki, dəmir yolunun bərpası məqsədilə müzakirələrinin başlandığını haqda “İzvestiya” qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, təxminən 30 ildən sonra ilk dəfə əsas dəmir yolu stansiyasına baxış keçirilib. Əvvəllər bu stansiya Dağlıq Qarabağın mərkəzini – Xankəndini Bakı ilə birləşdirirdi. Lakin baxımsızlıq səbəbindən bina tamamilə dağılıb, istifadəyə yarasız hala düşüb..
Qeyd edək ki, bir neçə il əvvəl Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən bloger Stanislav Qorbunov Xankəndinin dəmiryol vağzalının görüntülərini yaymışdı.
“1991-ci ildə Xankəndidəki son 100 azərbaycanlı aclıqdan və bombardmandan xilas olmaq üçün məhz bu vağzalla Bakıya qaçıb. O, Xankəndidən Bakıya gedən son qatar olub. Onda azərbaycanlılar bilmirdilər ki, artıq geri qayıda bilməyəcəklər. Vağzal əsl kabus kimi görünür”, – deyə, bloger qeyd etmişdi.
Məlumat üçün qeyd edək ki, Qarabağın dağlıq bölgəsinə dəmir yolu xəttinin çəkilməsi hələ Çar Rusiyasının dövründə planlaşdırılıb. Bakı-Tiflis-Yevlax dəmir yolunun Şuşaya qədər uzadılması qərara alınıb və yolun inşasına 1912-ci ildə başlanıb. Bu, Rusiya imperiyasında nadir rast gəlinən bir dəmir yolu olmalı idi. Amma çətin relyef tezliklə yolun inşası məsələsini gündəmdən çıxarıb.
Dəmir yolunun inşası məsələsinə bir də Sovetlər dövründə qayıdıldı. Ancaq bu dəfə Şuşa tikinti planından çıxarıldı. Demək olar ki, dəmir yolu planı tam dəyişdi – marşrutun Ağdam və Bərdədən keçməklə sonuncu stansiyasının Xankəndi olmasına qərar verildi. Xankəndiyə gedən relslər 1942-ci ildə döşənib başa çatdı, amma bu yol, yəqin ki, müharibə səbəbindən rentabelli olmadı. 1960-cı illərdə bu xətt yenidən qurulmağa başladı.
1962-ci ildə Bakıdan Yevlaxa gələn marşrut xətti Bərdəyə qədər uzadıldı. 1967-ci ildə isə bu bölgənin qatarla Bakıya getmək istəyən sakinləri artıq Ağdamdan yola düşə bilirdilər. 1978-ci ildə isə Bakıdan çıxan qatarın son stansiyası Xankəndi oldu.
Noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi məhz bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutur.
Bildirilir ki, Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir.
Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.
Dəmir yolunun bərpası və açılması xəbərində söhbətin hansı komissiyadan getdiyi deyilmir, amma ehtimal etmək olar ki, bu, Rusiyanın bölgədə yaratdığı Humanitar Mərkəzin səlahiyyətləri çərçivəsində aparılır. Yada salaq ki, Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl Qarabağda Rusiya Humanitar Mərkəzinin yaradılması barədə sərəncam imzalayıb. Üç bənddən ibarət olan fərmanda Rusiya dövlət qurumlarının Dağlıq Qarabağ (DQ) sakinlərinin bu bölgəyə qaytarılmasına yardım üzrə addımları, Azərbaycana və Ermənistana infrastrukturun bərpa edilməsində və DQ-də normal həyat şəraitinin yaradılmasında yardım, bu istiqamətdə ictimai qurumların və dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, qeyd edilən vəzifələrin həyata keçirilməsində Azərbaycana və Ermənistana yardım məsələləri nəzərdə tutulub. Mərkəzə Rusiyanın güc qurumları, digər federal orqanları və Xarici İşlər Nazirliyi daxildir.
Xankəndi-Bakı qatarının bərpasının gündəmə gəlməsi və hətta tezliklə reallaşacağı haqda danışmaq, əlbəttə, çox tezdir. Bu, Xankəndininin Ağdam istiqamətində Bakı və digər bölgələrlə əlaqəsini təmin edən yeganə dəmir yolu kommunikasiyadır. Qarabağda qalmış ermənilərin bu qatarla hara gedə biləcəyi indilikdə sual doğurmur. Bakı ilə hərtərəfli münasibətlərin qurulmaması bu dəmir yolundan Xankəndiyə yüklərin daşınmasını da istisna edir. O cümlədən, müharibəyədək Şuşaya gedənlərin istifadə etdiyi bu dəmir yolundan işğaldan azad edilmiş (o cümlədən Şuşa) bölgələrdə məskunlaşacaq azərbaycanlıların istifadəsi də indilikdə mümkünsüz görünür.
Videoya Buradan baxa bilərsiniz