Rusiyanın Başqırdıstan Respublikasında 21 yaşlı qızı öldürməkdə şübhəli bilinən Azərbaycan əsilli şəxs Türkiyədə tutulub.
Müstəqil.Az xəbər verir ki, bu barədə Başqırdıstan Respublikası İstintaq İdarəsi məlumat yayıb.
Məlumata görə, martın 29-da Sterlitamak şəhərinin sakini polisə mürəciət edərək, 21 yaşlı bacısının martın 24-də evdən çıxdığı və bir daha geri qayıtmadığını deyib.
Aparılan araşdırmalar nəticəsində qızın cəsədi şəhərdəki mənzillərin birində tapılıb. İstintaq zamanı məlum olub ki, qız Sterlitamakda yaşayan 23 yaşlı Azərbaycan vətəndaşı ilə ünsiyyətdə olub. Şübhəli şəxsin izinə düşən polis onun martın 26-da Ufadan Moskvaya, oradan da Türkiyənin Antalya şəhərinə uçduğunu müəyyən edib:
“Şübhəlinin beynəlxalq axtarışı təşkil olunub. O, Antalyada hava limanı ərazisində sərhəd məntəqəsini keçərkən saxlanılıb və Moskvaya geri qaytarılıb”.
Bildirilib ki, dindirilmə zamanı şübhəli şəxs cinayəti törətdiyini boynuna alıb.
“Məlum olub ki, tərəflər arasında məişət zəminində baş verən münaqişə zamanı şübhəli şəxs qızı ütünün naqili ilə boğub, sonra isə ona çoxsaylı bıçaq zərbələri endirib. Daha sonra o, qızın qızıl-zinət əşyalarını götürüb və bank hesabındakı pulu öz hesabına köçürüb”, – məlumatda qeyd olunub.
Şübhəli şəxsə qarşı məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Müstəqil.Az