Rusiyada yaranan 150 dollarlıq borca görə bacıoğlu dayısını Şəmkirdə öldürdü

Rusiyada yaranan 150 dollarlıq borca görə bacıoğlu dayısını Şəmkirdə öldürdü

Şəmkir şəhər sakini, 32 yaşlı Tural Əzizovun dayısı Nizami Böyükkişiyevlə aralarında yaranan münaqişənin təməli illər öncə Rusiyada birgə işlədikləri dövrdə qoyulub. Azərbaycana qayıtdıqdan sonra eyni həyətdə yaşayan dayı-bacıoğlunun bir-birinə olan nifrəti daha da kəskinləşib. Sonda isə Tural bıçağa əl atıb, dayısını qanına qəltan edib…

virtualaz.org-un xəbərinə görə, hadisə bu il iyulun 26-da Şəmkir şəhəri, S.Vurğun küçəsi 1 ünvanında baş verib. Sərxoş vəziyyətdə olan T.Əzizov dayısı, 51 yaşlı N. Böyükkişiyevlə mübahisə edib. İnsident zamanı Tural dayısına bıçaqla çoxsaylı zərbələr endirib.

 

Təqsirləndirilən Tural Əzizov məhkəməyə verdiyi ifadəsində içki düşkünü olan dayısının onlara etdiyi yaxşılıqları həmişə başlarına qaxınc etdiyini göstərib.

Turalın ifadəsinə görə, Rusiya Federasiyasının Surqut şəhərində dayısının inzibatçısı  olduğu “Emil” kafesində ofisiant işləyib. İçki düşkünü olan dayısının onun ünvanına təhqiredici ifadələr işlətməsinə görə onun yanından  ayrılıb.  Nəhayət, 2013-cü ildə Surqutdan Şəmkirə qayıdıb. Tural Azərbaycana qayıdandan 5 il sonra dayısı da Şəmkirə geri dönüb.  

 

N.Böyükkişiyev Azərbaycana qayıdandan sonra onlarla bir evdə (Əslində həmin ev  mərhumun atasından miras qalıb-red.) yaşayıb: “Ev anamın mülkiyyətində idi. Dayımın və onun dostlarının mütəmadi olaraq bizə gəlməsinin qarşısını almaq məqsədilə anam evi iki yerə böldürmüşdü”.

2016-cı ildə işləmək məqsədilə Rostova gedərkən Tural dayısından 150 dollar alıb. Maddi imkanı yaxşı olmadığından həmin pulu bu günüdək də qaytara bilməyib. Bir il sonra Rostovdan Şəmkirə qayıdan Turaldan dayısı borcunu geri istəyib: ”Sərxoş olanda mənim, ailə üzvlərimin ünvanına təhqirlər yağdırır, qonşular arasında alçaltmağa çalışırdı”.

Tural ifadəsində göstərib ki, hadisə baş verən gün dayısının küçədəki çinar ağacının altında dayanaraq onu çağırdığını eşidib. Həmin vaxt həm özü, həm də dayısı sərxoş olub. N.Böyükkişiyev 5 il əvvəl bacısı oğluna verdiyi borcu yenə də geri istəyib, atasının ünvanına təhqiramiz sözlər işlədib. Dayısının hərəkətlərindən cana yığılan Tural bu dəfə onu öldürmək qərarına gəlib. O, həyətə keçib masanın üstündən götürdüyü bıçaqla Nizamiyə zərbələr endirib. Üst-başı qana bələnən Nizamini çinar ağacının altında oturaqlı vəziyyətdə qoyaraq oradan uzaqlaşıb. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gələrək özləri ilə polis şöbəsinə aparıblar. Polis maşınına əyləşdirilən Turalın isə ilk sualı “ölmədimi şərəfsiz?” olub.

 

“Əməlimdən peşmanam. Dayımı öldürməyimə səbəb mənə verdiyi 150 dolları daim geri istəməsi olub. Maddi imkanım çox zəif idi, pulu heç cür geri qaytara bilmirdim. Onu öldürməkdə məqsədim borcdan yaxa qurtarmaq olub”, – o ifadəsində bildirib.

Zərərçəkmişin Maral Mehdiyeva ifadəsində mərhum qardaşı Nizaminin 15 il əvvəl həyat yoldaşından ayrıldığını, işləmək üçün Rusiyaya getdiyini, Turalı da özüylə apardığını, onu işlə təmin etdiyini deyib.

“Surqutda olanda da həmişə dalaşıblar, yola getməyiblər, bir-birlərini söyüb təhqir ediblər. Nizaminin özü spirtli içki qəbul etsə də, Turala icazə vermirdi. Buna görə də  narazılıqları yaranırdı. Nizami Rusiyadan gələndən sonra onlarla bir yerdə qalırdı. Bu səbəbdən də aralarındakı münaqişə daha da şiddətlənmişdi. Nəticədə Nizami evi iki yerə bölüb özü tək yaşayırdı” – zərərçəkmiş ifadəsində göstərib.

M.Mehdiyeva ifadəsində göstərib ki, qardaşı Nizaminin evin qarşısındakı skamyada oturduğunu görüb, ona yaxınlaşıb. Söhbət əsnasında Nizami bacısına “Turalla bacara bilmirəm, söz eşitmir” deyib: “Dedim, Turalın işlərinə qarışma. Həmin axşam qonşuluqda yaşayan Yusif qapını döyüb Nizamini Turalın bıçaqladığını dedi. Tez xəstəxanaya yollandım. Oraya çatanda qardaşımın öldüyünü dedilər”.

Şahid qismində dindirilən qonşular ifadələrində mərhum N.Böyükkişiyevin xaraktercə mehriban, sakit, mədəni insan olduğunu, spirtli içki qəbul etməsinə baxmayaraq heç kəslə dalaşmadığını, kimsəni incitmədiyini, Turalın isə əksinə insidentə, davaya meylli olduğunu göstəriblər.

Məhkəmənin hökmü ilə Tural Əzizov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum edilib.

İnarə Rafiqqızı

Share: