“Rusiya Prezidenti Vladimir Putin “arxadan zərbə” ala bilər. Belə ki, Belarusun psevdoprezidenti Aleksandr Lukaşenko ölkə ərazisindən Moskvaya daxil olunmasında Yevgeni Priqojinin rəhbərlik etdiyi “Vaqner” özəl hərbi şirkətinin üzvləri ilə müttəfiq ola bilər”.
Bu sözləri rusiyalı sosioloq və jurnalist İqor Yakovenko “Arqument” verilişinin efirində deyib. Onun sözlərinə görə, Lukaşenkonun nə vaxtsa Rusiya Federasiyasının prezidenti olmaq şansının olduğu ilə bağlı xatirələri canlana bilər.
“Düşünürəm ki, onlar (“Vaqner”çilər – red.) daha çox Rusiyada qarışıqlığın başlayacağı anı gözləyəcəklər və bu zaman Priqojin Belarus ərazisindən Moskvaya giriş cəhdini təkrar edə bilər…”, – deyə ekspert bildirib.
Həmsöhbət əlavə edib ki, 1990-cı illərdə Lukaşenko ciddi şəkildə özünü Rusiyanın prezidentinə çevirmək imkanını nəzərdən keçirib. “Bu ideya ciddi olaraq nəzərdən keçirilirdi, onun müttəfiqləri var idi. Çünki o vaxt o, gənc, enerjili, kifayət qədər xarizmatik lider kimi görünürdü. Və prinsipcə, kommunistlər onun Rusiya prezidentliyinə namizədliyi barədə düşünürdülər”, – deyə Yakovenko qeyd edib.
Sosioloq vurğulayıb ki, 2000-ci illərin əvvəllərində bu ideya artıq absurd hesab edilirdi. “…amma indi, Putinin açıq-aşkar zəiflədiyi, artıq əvvəlki kimi olmadığı bir zamanda Lukaşenkonun bir vaxtlar şansı olduğuna, Rusiyanın dəstəyinə malik olduğuna dair xatirələri canlana bilər. Və əgər, belə demək mümkünsə, “Vaqner” özəl hərbi şirkəti kimi bir zəncirlənmiş itə sahibsənsə… əminəm ki, bu fikirlər indi Lukaşenkonun ağlına tez-tez gəlir…”, – deyə jurnalist ehtimallarını dilə gətirib.
Mənbə: UNİAN