Rusiyanın Orenburq vilayətində daşqının mümkün nəticələrinin qarşısını almaq üçün hazırlıq işləri görülür.
“Kommersant”a istinadən xəbər verir ki, altı küçə və beş xiyaban bağlanıb, su basmış yaşayış kompleksinə aparan küçələrə süni bənd salınıb.
Orenburqun yerli idarəetmə orqanları qeyd edir ki, daşqın sularının axını sabitdir, ekspertlər suyun səviyyəsində kritik artım qeydə almayıblar.
“Aprelin 6-sı saat 22:00-dan aprelin 15-i saat 23:00-dək bəzi yollar qismən bağlanıb. Xilasedicilərin, polisin və şəhər rəhbərliyinin növbətçi olduğu Uralskaya küçəsində mütəxəssislər suyun səviyyəsində kritik artım qeydə almırlar. Vəziyyət nəzarət altındadır”, – yerli hakimiyyət orqanları vurğulayıb.
Regional hakimiyyət orqanlarının qiymətləndirməsinə görə, Orenburq vilayəti müşahidə tarixində ən böyük daşqınla üz-üzədir.
Daşqınlar 153 yaşayış məntəqəsi ilə quru əlaqəni kəsib. Orenburqun mikrorayonları da daxil olmaqla, daşqın təhlükəsi ilə üzləşən yaşayış məntəqələrinin boşaldılması işləri aparılır.
Bir neçə kənd və mikrorayon sel zonasındadır. Orenburqun meri Sergey Salmin insanların dərhal ərazini tərk etmələrini tələb edib.