ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri olaraq, Rusiya Qarabağ münasiqişəsinin həllində əsas açar fiqur olmasını bir daha göstərir. Məhz bu səbəbdən bu istiqamətdə müvafiq addımlar atmaq istəyir və bir daha Rusiya bölgədə öz nüfuzunu bərpa etməyə çalışır.
Bu sözləri Axar.az-a politoloq Arzu Nağıyev Ərdoğan və Putin arasında keçirilən Soçi görüşündən sonra səfərlərə start verilməsinə münasibət bildirərkən deyib. O bildirib ki, Ərdoğan və Putin arasında istər keçirilən görüşdə, istərsə də mətbuat konfransında bu məsələ qabardılmasa da, prezidentlər arasında bu məsələlərin müzakirə olunduğu ehtimal edilir:
“Məhz bu mühüm görüşdən sonra Nalbəndyan Rusiyaya çağırılıb. O, Rusiyada həm də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Daha sonra Sərkisyanın, Məmmədyarovun Rusiya səfəri və Lavrovun Azərbaycana və Ermənstana bir günlük gəlişi Dağlıq Qarabağ məsələsinin həll edilməsi üçün müəyyən addımların atıldığından xəbər verir. Burada əsas təkliflər “Lavrov planı” deyilən Sankt-Peterburq və Kazan görüşlərinin protokollarıdır. Bu, Rusiyanın təklif etdiyi əsas paketlərdəndir. Keçirilən görüşlər də əsasən bu istiqamətdə təşkil ediləcək. Eyni zamanda bütün bunlar gələcəkdə hər iki ölkənin xarici işlər nazirlərinin görüşü üçün bir zəmin hazırlandığından xəbər verir”.
Qeyd edək ki, Ərdoğan və Putin noyabrın 13-də Soçidə qapalı görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etməliydi. Lakin prezidentlər yekun mətbuat konfransında bu haqda heç bir məlumat vermədilər. Buna baxmayaraq, bu görüşdən sonra maraqlı səfər turlarına start verilib. Görüşdən bir gün sonra Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan Moskvaya çağrıldı, iki gün sonra Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiya paytaxtına getməlidir, 4 gün sonra isə onlarla Moskvada görüşən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov həm Bakıya, həm də İrəvana səfər edəcək.
Müstəqil.Az