Rusiyanın Türkiyəyə yatıracağı investisiya Azərbaycana hansı yolları açacaq? – İqtisadçıların RƏYİ + FOTO

Rusiyanın Türkiyəyə yatıracağı investisiya Azərbaycana hansı yolları açacaq? – İqtisadçıların RƏYİ + FOTO

“Financial Times” nəşri Türkiyə-Rusiya münasibətləri barədə daha bir məqalə dərc edib. Yazıda Türkiyənin getdikcə Rusiyanın ticarət platformasına çevrildiyi bildirilir. Qeyd edilir ki, Putin və Ərdoğanın bu yaxınlarda keçirdikləri görüşdən bu nəticəyə gəlinib. Çünki görüşdə ölkələr Rusiya qazının qismən rublla ödənilməsi, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi barədə razılıq əldə ediblər.

Lakin diqqətə çatdırmaq lazımdır ki, Türkiyə ilə Rusiya arasındakı münasibətlər təkcə son bir neçə ayda qurulmayıb, tərəflərin əvvəlki illərdə də iqtisadi əməkdaşlığı mövcud olub. Belə ki, təkcə ötən il onların ticarət dövriyyəsi 33 milyard dollardan çox olub. 2020-ci illə müqayisədə göstəricilərdə 57 faiz artım müşahidə edilib. Cari ilin birinci yarısında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 70 faiz artım yaşanıb və dövriyyə 25 milyard dollara yaxınlaşıb. 

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimli diqqətə çatdırıb ki, Rusiyadan Türkiyəyə ixrac edilən malların dəyəri 26 milyard, Türkiyədən Rusiyaya isə altı milyard dollar təşkil edib: 

“Bu rəqəmlər bizə onu deməyə əsas verir ki, tərəflər arasında ticarət dövriyyəsinin daha da artma imkanı var və buna ehtiyac da duyulur. Türkiyə ixrac məhsullarında Rusiyadan geri qalır, bu da onun Rusiya bazarlarına daha çox daxil olmasına şərait yaradır”.

Maraqlıdır, Türkiyə-Rusiya iqtisadi münasibətlərinin irəliləməsi fonunda lirənin yenidən dəyər qazanma ehtimalı var? Bu baş verərsə, Türkiyədən idxal edilən məhsullar bahalaşa bilərmi? Ümumiyyətlə, qonşu dövlətlərin genişlənən strateji əməkdaşlığı Azərbaycan iqtisadiyyatına nə kimi təsir göstərəcək? 

Eyyub Kərimli hesab edir ki, Rusiya-Türkiyə əlaqələrinin inkişafı Azərbaycana da müsbət yöndə təsir edəcək:

“Çünki Azərbaycan onlar arasında tranzit ölkə kimi çıxış edə bilər. Qarşılıqlı maraqların təmin edilməsində Azərbaycan sahibkarları mühüm iqtisadi kanallar yarada bilərlər. Bu isə bizim sahibkarlıq subyektlərinin inkişafına da təsir göstərər”. 

Ekspert sanksiyalarla əlaqədar Rusiyadan çoxlu sayda xarici şirkətin çıxmasını və nəticə etibarilə bazarda böyük boşluğun yaranmasını da xatırladıb:

“Türkiyəli iş adamları həmin boşluğu tutmaq üçün çox sürətli hərəkətə keçdilər. Hesab edirəm ki, Türkiyə iqtisadiyyatı hazırda Rusiyadakı vəziyyətdən müsbət bəhrələnəcək. Türkiyənin mövcud durumda tranzit imkanları da artır, yəni neft-qaz resurslarını alıb Avropaya ötürə bilər. Həmçinin Türkiyənin ödənişləri milli valyutalarla etmək qərarının valyutaların məzənnəsinə müsbət təsir göstərmə ehtimalı var. 

Bundan əlavə, ruslar bu gün Türkiyənin daşınmaz əmlakına investisiya yatırırlar. Türkiyənin turizm sənayesində Rusiyanın payı daha çoxdur. “Mir” ödəmə sistemi Türkiyədə də tətbiq edilməyə başlayacaq. Bu isə o deməkdir ki, Rusiya Türkiyə ilə rahatlıqla mübadilə imkanına sahib olacaq. 

Türkiyə əsasən enerji resurslarını idxal edir və Rusiyada bu kifayət qədər çoxdur. Rusiyada isə Türkiyənin istehsal etdiyi məhsullara ehtiyac duyulur. Burada həm tekstil, həm yüngül sənaye, həm də qida sənayesindən söhbət gedir. Ona görə də mövcud əməkdaşlıq Türkiyə iqtisadiyyatına müsbət təsir göstərəcək. Türkiyə ucuz enerji resursları, Rusiya isə istehsal olunmuş hazır məhsullar əldə edəcək”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramlı isə ticari əlaqələrin lirənin məzənnəsinə birbaşa təsir etməyəcəyi fikrindədir:

“Lirənin məzənnəsinə təsir göstərən faktorlar daha çox xarici valyutaya olan tələblərdir. Rublla əməliyyatlar lirənin məzənnəsinə birbaşa təsir etmir. Ölkəyə daxil olan valyuta və Qərbin investisiya qoyuluşları lirənin məzənnəsinə təsir göstərə bilər. Ümumilikdə isə Türkiyə Avropa İttifaqının üzvü olmadığı üçün hansı valyuta ilə ödəniş edəcəyini seçməkdə sərbəstdir. Ona görə də məhsulun müəyyən hissəsinin Rusiya rublu ilə ödənməsi rahatlıqla razılaşdırılıb, amma rublla tam ödəmə sonrakı proseslərdən asılıdır”.

Millət vəkili bu seçimin Türkiyəyə qarşı ciddi problemlərə yol açacağını düşünmədiyini də dilə gətirib:

“İqtisadi baxımdan Türkiyə öz maraqları çərçivəsində addım atır və bunlar regionun təhlükəsizliyi baxımından da vacib olan addımlardır. Avropa, bütövlükdə Qərb Rusiya qazına rublla ödənişin edilməsində maraqlı olmaya bilər. Amma artıq bəzi ölkələr, daha dəqiq desək, Avropa İttifaqının üzvü olan Macarıstan da ödənişləri rublla həyata keçirəcəyini bəyan edib”.

Deputat Türkiyənin regionda bugünkü mövqeyini diqqətə çatdırıb:

“Türkiyə Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra kifayət qədər güclü, regional, hətta bəzi məsələlərdə qlobal təsir imkanına malikdir. Doğrudur, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Lakin taxıl idxalından bəri mediada Türkiyənin müstəsna rolu oldu. Bu onun regiondakı mövqeyini göstərən əsas faktorlardan biridir. 

Türkiyə mavi qaza olan tələbini əvvəlki illərdə, demək olar ki, Rusiya hesabına ödəyirdi. Son illər isə Azərbaycandan mavi qaz alıb. Amma bu, Rusiya ilə əməkdaşlığın sonlanmasına əsas vermir. Ona görə də son görüşdə əlaqələrin inkişaf etdirilməsi yönündə qərar verildi”.

Vüqar Bayramov Azərbaycanın da Türkiyənin inkişafında maraqlı olduğunu vurğulayıb:

“Türkiyənin enerji təhlükəsizliyinin formalaşması, bütövlükdə iqtisadi əlaqələrinin genişlənməsi Azərbaycan üçün də yeni imkanlardır. Nəzərə alsaq ki, Azərbaycan və Türkiyə ticarət dövriyyəsini növbəti üç ildə 15 milyard dollara çatdırmaq niyyətindədirlər, deməli, Türkiyənin idxal və ixrac potensiallarını genişləndirməsi Azərbaycan iş adamlarına Türkiyə bazarına daha çox məhsulu ixrac etmək imkanı yaradar. Azərbaycanın xarici neft ixracatında Türkiyə birincidir. Bəli, qeyri-neft ixracatında uzun müddət Rusiya aparıcı tərəfdaş olub, amma Türkiyənin payının artması vəziyyəti müsbətə doğru dəyişir”.

Sayad Həsənli

Share: