27 sentyabr 2024-cü il tarixində Bakı şəhəri Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə 27 sentyabr – Anım günü ilə bağlı tədbir keçirildi. Anım tədbirində məktəbin müəllim və şagird heyəti ilə yanaşı elm adamları, yazarlar, jurnalistlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak etdilər.
Müstəqil.Az bildirir ki, tədbiri giriş sözü ilə məktəbin direktoru Almaz Həsrət açdı. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sonra Aərbaycanın Dövlət himni oxundu. Məktəblilər şəhidlərə, şanlı zəfərə həsr olunan şeirlər, kompozisiyalar səsləndirdilər, səhnəciklər göstərdilər.
Tədbirdə Türkiyədən gələn qonaq – Kərkük Kültür Dərnəyinin sədri, şair, tədqiqatçı, dr. Şəmsəddin Kuzəçi çıxış etdi. O, Azərbaycanın möhtəşəm qələbəsində şəhidlərin, qazilərin, müharibə iştirakçılarının rolundan bəhs etdi, qardaş Türkiyənin bu haqq savaşında Azərbaycanın yanında olduğunu bildirdi. İqtisad elmləri doktoru, şair Rəsmiyyə Sabir şanlı zəfərə nail olunmasında igid oğullarımızın şücaətindən danışdı və “Azərbaycan əsgəri” adlı şeirini tədbir iştirakçıları üçün səsləndirdi. Azərbaycan Dövlət Radiosunun əməkdaşı Arzu Bayramlı bu qələbənin əldə olunmasında dövlət-xalq-ordu birliyindən söz açdı. Zəngilan rayon Mədəniyyət evinin direktoru Zeynəb Bağırlı çıxışında gənc nəslin bu zəfərin davamçıları olduğunu vurğuladı. Məktəbin məzunları və İkinci Qarabağ Müharibəsinin iştirakçıları Kamran Salmanov və Rəfi Rəhimli döyüş xatirələrini danışdılar, gənc nəslə arzularını bildirdilər. Tədbirin sonunda xatirə şəkli çəkildi.
Müstəqil.Az