Rüşvət alan vəzifəli şəxsin istintaqı başa çatıb

Rüşvət alan vəzifəli şəxsin istintaqı başa çatıb

Azərbaycan Dövlət Arxivinin Şirvan filialının rüşvət almaqda təqsirləndirilən sabiq direktoru Hamlet Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Səfərlinin icraatına verilib. İş üzrə Milli Arxiv İdarəsi zərərçəkən kimi tanınıb.

Qeyd edək ki, filialın direktoru Hamlet Hüseynovun qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Aparılan əməliyyat-istintaq tədbirləri ilə Hamlet Hüseynovun qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2022-ci ilin aprel-may aylarında torpaq sahəsi üzrə arxivdə olan zəruri sənədlərin, eləcə də əmək stajlarının artıq hesablanması məqsədi ilə saxta arxiv arayışı əldə etmək üçün ona müraciət etmiş ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Hamlet Hüseynova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 311.3.2 (rüşvət alma təkrar törədildikdə) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Share: