Son dövrlər sosial şəbəkələrdə orta məktəb dərsliklərinin, xüsusİlə dil və ədəbiyyat vəsaitlərinin vəziyyəti ilə bağlı çoxlu irad var. İnsanlar dərsliklərin məzmunundan narazılıqlarını bildirirlər. Bəs deyilənlər nə dərəcədə doğrudur, hər irad, hər qınaq doğrudurmu?
Kulis.az xəbər verir ki, məsələ ilə bağlı Lent.az-ın sualını cavablandıran şair Qəşəm Nəcəfzadə bildirib ki, o, əsasən, orta məktəblərin Azərbaycan dili dərsliklərinin məzmunundan narazıdır.
“İndiki dərsliklərin nə idiomatik ifadələri, nə morfologiyası, nə sintaksisi, nə də üslubu düzgündür. Gülməli, lağlağı obyekti olan şeirləri nümunə olaraq yazıblar. Dərslik yazan Azərbaycan dilini bilməlidir. Bu kitabların həmmüəllifi və nəşr edən “Altun Kitab” nəşrlər evinin direktoru Rafiq İsmayılov Azərbaycan dilini səlis bilmir, frazeoloji ifadələrdən bixəbərdir. O mənə arqument göstərir ki, biz o şeirləri verilən tapşırıqlara görə seçirik. Axı seçilən şeir doğru şeir deyil. Zəhmət çəkib 100 şeirdən birini seçmək lazımdır. Yoxsa əziyyət çəkməsin deyə, Rafiq müəllim özü nəsə yazıb dərc etdirir. Adına şair dediklərinin çoxu həyatda yoxdur, saxtadır, uydurmadır. Şeirə oxşayan bir şey yazır, altına da imza olaraq qoyur məsələn, N.Həsənov. Qurama ad qoyur ki, axtarıb tapa bilməyək. Tutaq ki, içində ismi birləşmə olan şeir nümunəsi axtarıb tapmaq lazımdır, elə bir şeir tapınca özündən adını şeir qoyduğu bir şey uydurur. Mən də bunu tənqid edirəm. “Altun Kitab”ın süpürgəçisinin, qapıçısının adını şair deyib salırlar kitablara. Bizim kifayət qədər yaxşı şairlərimiz var ki, onlar uşaq ədəbiyyatı üçün keyfiyyətli əsərlər yazırlar. Niyə biz onları dərslikdə görmürük? Kitablara daxil edilən şeirlər biabırçılıqdır”.
Qəşəm Nəcəfzadənin iradlarına cavab olaraq “Altun Kitab” nəşriyyat evinin direktoru Rafiq İsmayılov bildirib ki, şairin dediyi iradların böyük əksəriyyəti şəxsi qərəzlikdən, şəxsi ambisiyalarından irəli gəlir.
“O istəyir ki, onun şeirlərini Azərbaycan dili dərsliyinə salaq. Dərsliklərdə heç kimin yazısına qadağa qoymuram. Sadəcə olaraq mətnlərin seçimində dərsliklərin konsepsiyasından irəli gələn meyarlar var. Qəşəm Nəcəfzadənin şerləri bu meyarlara cavab vermir. Bizim nəşriyyatda Azərbaycan dili dərsliyi nəşr olunur, bu dərslik ədəbi almanax deyil. Ədəbiyyat dərsliklərində yəqin ki, Qəşəm müəllimin şeirlərinə yer verilib. Elə şeirlər var ki, mən heç onun müəllifini tanımıram. Dərslikdən söhbət gedəndə elə düşünürlər ki, istənilən adam dərin bir fikir söyləyə bilər. Müasir təhsilin özünün qanunauyğunluqları, dünya təcrübəsi var. Əsas odur ki, hər bir dərsliyin sağlam konsepsiyası və nəyə xidmət etdiyi aydın olsun. Dərsliklər ilbəil təkmilləşir. Çox zaman yetərli ədəbi nümunələr tapa bilməyib, dünya ədəbiyyatına da üz tuturuq. Azərbaycan uşaq ədəbiyyatında bu gün nəşrə salınası maraqlı əsərlər çox azdır. Mənə belə gəlir ki, söylənilən iradlar yersizdir, əsassızdır”.