Bu gün televiziya kanallarından birinin qonağı olan müğənni Şəbnəm Tapdığın açıqlaması olduqca maraqla qarşılanıb. Qonağı olduğu verilişdə aparıcının sosial şəbəkələrlə bağlı sualını cavablandıran müğənni bildirib ki, o, ziyalı ailəsindən olduğu üçün sosial şəbəkələrdən istifadə etməsi düzgün qarşılanmaz. Bu səbəbdən o, heç bir sosial şəbəkə istifadəçisi olmadığını vurğulayıb.
Axı dünya sosiallaşır, insanlar bu şəbəkələr hesabına ünsiyyət qurur, biznes yaradır, təbliğat-təşviqat təşkil edir, yadlar doğmalaşır, qohumlar, dostlar bir-birini tapır, siyasətçilər, analitiklər, millət vəkilləri, prezidentlər bəyanatlar verir, dünyaya ismarışlar ötürür. Dünya az qala sosial şəbəkə üzərindən idarə olunur: G7 və G20-yə daxil olan böyük dövlətlərin başçıları da, dünyanın nəhəng alimləri, söz-sənət adamları, məşhur müğənniləri də sosial şəbəkədən istifadə edirlər.
Amma və ancaq rəhmətlik şair İlyas Tapdığın qızı, müğənni Şəbnəm Tapdıq deyir ki, mənim belə yerdə olmağım ayıbdır, düzgün sayılmaz.
Əlbəttə, Mark Zukerberqin bu ayıb yerində olmağı kimsəyə məcbur eləmirlər və dünyada sosial olmayan insanlar da az deyil.
Ancaq söhbət sənətçidən gedirsə, özünü ziyalı hesab edən birinin prezidentlərin, dövlət xadimlərinin, nüfuzlu siyasətçilərin, məşhur aktyor və ifaçıların istifadə etdiyi Feysbuk, Tvitter, İnstaqram şəbəkələrinə ayıb yer deməsinin özü ayıbdır.
Ərdoğanın, Trampın, Putinin, Pan Gi Munun, hətta dövrümüzün “Çe Gevarası” Saakaşvilinin, Madonnanın, Cenifer Lopezin, Tatlısəsin, Alim Qasımovun (hələ Röyanı demirəm)… istifadə etdiyi Feysbuku, Tvitteri, İnstaqramı, Yutubu Şəbnəm Tapdıq özünə sığışdırmırsa, deməli…
Bax, bu “deməli”ni öyrənmək üçün Şəbnəm xanım Tapdığa bir də biz zəng etdik. Olsun ki, adam özünü düzgün ifadə edə bilməyib, fikrini düzgün çatdırmayıb və s.
Və bu zəngdə daha maraqlı bir halla rastlaşdıq. Bizə rus dilində əvvəlcə “kakoy tema” soruşdu, mövzumuzun sosial şəbəkələrlə bağlı olduğunu biləndə isə “ne, ne, ne, eto tema ne dlya menya” deməklə kifayətləndi.
Bu yerdə xatırlatmaya ehtiyac var: sosial şəbəkədən istifadəni özünə ayıb bilən, bu barədə sualı rusca cavablandıran Azərbaycan müğənnisi Şəbnəm Tapdıq Azərbaycan dilində sevə-sevə yazan İlyas Tapdığın qızıdır…
Onun İQ-sini ölçsək, Lopez, Rihanna və ya Madonnadan nə qədər ağır gələr?
Çəkisini demirəm, əziz oxucu…
Nigar İftixaqızı