Səbrin sonu salamatlıqdır -Mina Rəşid  yazdı

Səbrin sonu salamatlıqdır -Mina Rəşid  yazdı

Səbir elə bir nemətdir ki, bəzən onu səbirsizlik edə-edə, bəzən başına bəlalar gəldikdən  sonra anlayırsan. Yoxsa səbir haqqında nə qədər danışsalar, öyüd-nəsihət etsələr dinləməz və ya dinləsən də əməl etməzsən.

Çünki tələskənlik, səbirsizlik insanın canında, qanındadır. Hərdən elə tələsirik ki, günləri sahv salırıq. Axı günlər də tez keçir, göz açıb qapayınca axşam olur. Biz həyatla mübarizədə, bəzən bir-birimizlə qovğada, qaçaqaçda, qovhaqovda yaşayırıq. Bəzən də, bundan usanır, dünyanın gərdişindən bezir, yaşamağa səbri, hövsələsi çatmır adamın. Bax, onda səbir etmək, dünyada bir damla olduğunu düşünmək qəlbi sakitləşdirir. Yoxsa özünü dünyanın mərkəzində görmək, təkəbbürlülük səni məhv edəcək…

Səbirin isə sonu salamatlıqdır, deyirlər. Bəzən bircə anlıq səbir etmək, dayanmaq həyatını xilas edər. Necə ki, qəzəblə qalxan zərərlə oturar, deyirlər. Günümüzdə  ailədə, qonşular, qohumlar arasında baş verən üzücü hadisələr imanın zəifliyinin, səbirsizliyin nəticələri deyilmi? Bu gün bütün dünyada olduğu kimi biz də, pandemiya şəraitinə uyğunlaşmağa, bu vəziyyətə dözməyə və virusla mübarizə aparmağa məcburuq. Eyni adamlar, eyni mühit, eyni mənzərələr, qayğılar adamı həqiqətən çox sıxır. Mütəxəssislər də, elə bu səbəbdən ailədə baş verən anlaşılmazlıqların səbəbi kimi bu günkü durumu önə çəkirlər. İdeal cəmiyyət və insan varmı? Səbirli olanlar öz-özlərinə bu sualı verir və düşünürlər. Səbirli olunca insan çox çətinliyin öhdəsindən gəlir. Çünki o həyatın bir imtahan olduğunu anlayaraq ümidini Yaradana bağlayır.

Səbirin fəzilətləri ən gözəl şəkildə dinimiz İslamda öz əksini tapıb: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver”(əl-Bəqərə, 155). Səbir bədəndə baş kimi dəyərləndirilir və imanın yarısı hesab edilir. Səbirsiz adam balaca bir şam kimi tezliklə qaranlığa qərq olar. Səbir etmək isə səni zəfərə, arzularına qovuşdurar. Müqəddəs Qurani Kərimdə Səbir sözünün 104 dəfə zikr edilməsi bizə çox şey deyir. Səbir deyiləndə göz önünə  Əyyub Peyğəmbərin (s.a.s) imtahanı gəlir. Səbir etməkdə ən gözəl nümunə olan o Həzrət var-dövləti bir yana, övladlarını da itirir. Üstəlik ağır xəstəliyə düçar olur. Həmişə səxavət göstərdiyi, süfrəsinin başında əyləşdirdiyi qonşuları, elin adamları onu obasından, öz evindən çıxarırlar. Ona həqarət edirlər. Yanında vəfalı zövcəsi Rəhimədən başqa kimsə qalmır. O, 7 il məşəqqətlərə səbir edir. Fəqət bir gün yaralar gəlib dilinə yaxınlaşanda Uca Yaradana dua edir. Yalvarır ki, onun dilinə toxunmasın. Onu Uca Rəbbini zikr etməkdən məhrum buraxmasın… İmanın dərəcəsinə baxın! Əyyub Peyğəmbərin duası elə o anda qəbul edilir. İmtahanı bitən gözəl Peyğəmbərin itirdiklərini Qadir Allah onun özünə qaytarır. İndi kimsə düşünər ki, biz peyğəmbər deyilik, səbir etmək bəlkə Allahın seçdiyi qullarına xas olan bir keyfiyyətdir. Ancaq Uca Allah buyurur ki, hər kəs çəkə biləcəyi imtahanla hesaba çəkilər. Yetər ki, sən səbirli olub, imandan ayrılmayasan.

Peyğəmbərimiz (s.a.s) buyurur ki, namaz nur, sədəqə sübut, səbir isə ziya, işıq kimidir. Heç kəsə Səbirdən daha xeyirli və böyük bir lütf verilməmişdir.

Elə isə, bu günkü pandemiya şəraitinin çətinliklərinə də, gəlin səbir edək! Səbir edək ki, dünyamızın işığı tükənməsin.

 

 

 

Share: